Gündəm 

Separatçıların heç bir şansı qalmayıb

Prezident İlham Əliyevin separatçılara “Ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər” xəbərdarlığından sonra Laçın yolunda postun qurulması məsələnin ritorikadan ibarət olmadığını bir daha təsdiq etdi

Məlum olduğu kimi, Azərbaycan hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi tam şəkildə fəaliyyətini davam etdirir – sərhədçilərimiz erməniləri yoxlayır, daha sonra keçidlərinə şərait yaradırlar. Bu Qarabağdakı mövcud situasiyanı dəyişməklə yanaşı, həm də münaqişənin mövcud olduğu dövrdə və müharibədən sonra da ermənilərin, eləcə də problemin qalmasında maraqlı olan qüvvələrin əsas istinad nöqtəsi olan “Laçın dəhlizi”nin faktiki olaraq sıradan çıxması demək oldu. Prezident İlham Əliyevin separatçılara “ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər” xəbərdarlığından sonra Laçın yolunda postun qurulması məsələnin ritorikadan ibarət olmadığını bir daha təsdiq etdi.

Məlumdur ki, Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə”, “dövlət” kimi iddiaların kökündə çıxış yolu həmişə “Laçın dəhlizi” olaraq qəbul olunub. Bu dəhliz yoxdursa, separatçıların danışdıqları faktiki olaraq sözdən başqa bir şey olmayacaq. Onların əlavə keçid yolları axtarışı da praktiki olaraq mənasızdır. Çünki post Həkəri çayı üzərindəki körpüdə qurulub və Qarabağdan Ermənistana gedən əsas, yaxud bütün əlavə yolların hamısı bu körpüyə çıxır. Bundan sonra separatçıların mövcudluğu, eləcə də erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməmək kimi bir şansı qalmır. Beləliklə, Azərbaycan öz suveren ərazilərində separatizmin ləğvi və Xankəndiyə qayıdış məsələsində ilk həlledici addımını atmış oldu.

Gözlənildiyi kimi, sözügedən sərhəd-buraxılış məntəqəsi separatçıları çıxılmaz vəziyyətə salıb. Bu baxımdan Xankəndidəki separatçı-terrorçuların tör-töküntüləri mövcudluğunu qoruyub saxlamaq üçün son varianta əl atıblar. Belə ki, onlar dinc erməni əhalisi adından qondarma müqavimət hərəkatı başladıblar. Halbuki separatçıların qarşısında ərazilərimizi tərk etmək və ya silahları təhvil verərək Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolun qalmadığı elə onların özünə də gün kimi aydındır. Təxribatçı kampaniyanı başladan ermənilər iddia edirlər ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin ləğvinə nail olunmazsa, başqa yollara əl atacaqlar. O da aydındır ki, bu, sadəcə, diqqəti cəlb etmək üçün saman çöpündən yapışmağa bənzəyir.

Ermənistan və ermənilik də dünyadan narazıdır. Hər iki qütb Azərbaycana qarşı beynəlxalq miqyasda sərt tədbirlərin görülməsini tələb edir. Ancaq hansı əsasda tədbirlər görülməlidir, bu barədə söz açan yoxdur. Üzərində dayanılan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdır ki, ona qarşı da Azərbaycanın arqumenti var – İrəvan bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Mövcud səbəbdən Bakını həmin sənəd müstəvisində ittiham olunması qəbul edilmir. Burada ara-sıra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı çıxardığı qərara istinad isə ümumiyyətlə mənasızdır. Çünki nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Ona görə də hansısa paytaxtlardan verilən bəyanatlar sadəcə bir kağız parçası olaraq qalacaq. Çünki həmin dövlətlər və ya təşkilatlar heç vaxt Azərbaycana yanaşmada beynəlxalq hüquq və onun normalarından çıxış etməyib, ədalətli mövqe sərgiləməyib. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan məhz bu yolda nəzarət-buraxılış məntəqəsinin olmaması səbəbindən təxribatlar törədib, qanunsuz addımlara əl atıb, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində cinayətkar fəaliyyətini davam etdirib. Bu yolla ərazilərimizə Ermənistandan silah-sursat, digər hərbi vasitələr, minalar, canlı qüvvə, terrorçular belə daşınıb. Müharibə bitdikdən sonra həmin minalar çoxsayda hərbçimizin və mülki insanların həyatına son qoyub, sağlamlığına ciddi zərər vurub. Bir neçə gün öncə Şuşa ətrafında Ordumuzun daha üç hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət aldı. Azərbaycanın dəfələrlə xəbərdarlıqlarına, faktları təqdim etməsinə baxmayaraq nə İrəvan üçtərəfli Bəyanatı yerinə yetirərək bu cinayətkar fəaliyyətinə son verib öz qanunsuz silahlı birləşmələrini ərazimizdən çıxardı, nə beynəlxalq səviyyədə hansısa addım atıldı. Ermənistan bununla bölgədə gərginlik ocağının qalmasında, sülhün deyil, qeyri-sabitliyin davam etməsində maraqlı olduğunu ortaya qoyur. Azərbaycan isə əlbəttə ki, öz ərazisində baş verən bu cinayətkar, qanunsuz addımlara göz yuma bilməzdi. Bundan sonra da yummaycaq.

Daha çox xəbərlər