Həyasızlığın, abırsızlığın həddi-hüdudu yox imiş…
Qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl atan ermənilər bu gün də özlərinə uydurma tarix, saxta mədəniyyət yaratmağa cəhd göstərirlər
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerində otuzdurdu. İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər.
Mənfur düşmən bu gün də məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yayır. Ermənilər iddia ediblər ki, Xudavəng monastır kompleksi guya onlara məxsusdur. Onlar bu yolla Cənubi Qafqazda yerli sakin olmalarını əsas gətirməyə çalışırlar. Belə ki, Eçmiədzin kilsəsi növbəti belə iddia ilə çıxış edib. Müqəddəs Eçmiədzin Ana Taxtı bəyan edib ki, guya Xudavəng (Dadivank) monastırının Alban abidəsi ilə heç bir əlaqəsi yoxdur: “Erməni ruhaniləri monastırın təhlükəsizliyini təmin edən Rusiyanın sülhməramlı missiyası sayəsində Dadivank monastırında mənəvi xidmətini davam etdirir. Dadivankın alban olması ilə bağlı yalan iddialara gəlincə, təkzibedilməz tarixi fakt ondan ibarətdir ki, monastır əsl erməni abidəsi olub və alban kilsəsi ilə, xüsusən də yeni aşkar edilmiş alban-udi dini icması ilə heç bir əlaqəsi yoxdur”.
Göründüyü kimi, həyasızlığın, abırsızlığın həddi-hüdudu yoxdur. Əvvəla onu qeyd edək ki, Ermənistan Qarabağı işğal altında saxladığı təxminən 30 ildə müsəlman tarixi-mədəni irsinə aid hər şeyi, o cümlədən məscidləri və müqəddəs məkanlari yer üzündən silib, hətta Qarabağda böyük əksəriyyəti Azərbaycan xalqının əcdadı olan albanlar tərəfindən yaradılmış xristian mədəni abidələrinə belə, rəhm etməyib. Məsələn, Laçında alban mənşəli Ağoğlan məbədi, Kəlbəcərdə sözügedən Xudavəng və Qandzasar monastır kompleksləri, Xocavənddə Amasar monastırı, həmçinin yüzdən artıq digər məbəd yalançı erməni elmi tərəfindən «erməni məbədləri»nə çevrilib. Onlar alban məbədlərini erməni abidələri kimi təqdim etmək üçün abidələr üzərinə albanca yazılmış yazıları saxtalaşdırıb, Qarabağın albanlara məxsus mədəni-dini irsinin əslində kimə məxsus olduğunu göstərən bütün sübutları məhv ediblər. Lakin Qarabağdakı kilsə tarixinin ermənilərə heç bir aidiyyətinin olmadığını tarixi faktlar təsdiqləyir. Məsələn, Xudavəng monastırının tikintisi alban knyazı Vaxtanqın adı ilə bağlıdır. Kompleksin əsas kilsəsini 1214-cü ildə onun türk-qıpçaq nəslindən olan xanımı Arzu Xatun inşa etdirib. Alban kilsə mədəniyyəti və memarlığının yüksəlişi isə XII-XIII əsrlərə təsadüf edir və o, əsasən Həsən Cəlalın Xaçen alban knyazlığını yaratması ilə əlaqəlidir.
Abidə kompleksinə ümumilikdə doqquz tikili daxildir: Qədim kilsə; Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; Arzu Xatun məbədi; Həsən Cəlal məbədi; Müqəddəs Qriqoris məbədi; Arzu Xatun məbədinə əlavə edilmiş zal; Zəng qülləsi; Məktəb binası; Qalereya. Tikililərin beşi əsas, digərləri köməkçi xarakterlidir. Monastırda çox sayda sənət əsərləri mövcud olub. Belə ki, abidənin divarlarına yağlı boya ilə çəkilmiş dini şəkillər və yazılar həkk olunub. Abidələr kompleksinin ətrafı divarlarla əhatələnib. Fasad yonma daşla üzlənib, qabartma və oyma naxışlarla bəzədilib. Məbədin şərq fasadında daş üzərində Vaxtanqın, cənub fasadında isə Arzu Xatunun və iki oğlunun təsvirləri həkk olunub. 2020-ci ilin noyabrında Kəlbəcər rayonunun erməni işğalından azad edilməsindən sonra Arzu xatun kilsəsinin divarındakı iki freskanın ermənilər tərəfindən sökülərək Ermənistana aparıldığı məlum oldu. Bu freskaların birində müqəddəs Nikolasın təsviri əks olunub. Orada Müqəddəs Nikolasın “İncil” kitabını müqəddəs Stefana təqdim etməsi səhnəsi təsvir edilib. Bu freskanı Arzu xatun çəkdirib. Erməni kilsələrinin heç birində müqəddəs Nikolasın təsviri yoxdur. Müqəddəs Nikolasın təsviri diofizit kilsələrində olur, ermənilər isə monofizitdir. Ermənilər öz kilsələrinə müqəddəs Nikolasın təsvirini çəkmirlər. Müqəddəs Nikolas 270-ci ildə Türkiyənin qərbində tarixən mövcud olmuş Patara şəhəri yaxınlığında Geleneş kəndinin yaxınlığında doğulub. Bu tarixi məkanın xarabalıqları indi də məlumdur. XI əsrdə Avropa səlibçiləri Anadoluya hücum edərkən müqəddəs Nikolasın qəbrini tapıb, nəşini çıxardaraq aparıb, İtaliyada Bari şəhəri yaxınlığında dəfn ediblər. Onun üzərində isə kilsə tikiblər. Həmin kilsənin divarlarında da müqəddəs Nikolasın təsvirləri var.
Qeyd edək ki, Qarabağın dağlıq hissəsində erməni elementləri yalnız 1828-ci ildə Şimali Azərbaycanın Rus imperiyası tərəfindən istilasını təsdiqləyən Türkmənçay müqaviləsinin imzalanmasından sonra peyda olmağa başlayıb. Bundan sonra Şimali Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsinə başlanılıb, 1836-cı ildə isə Rusiya imperatoru I Nikolay Alban apostol kilsəsini ləğv edərək, onu erməni qriqoriyan kilsəsinin mülkiyyətinə verib. Bununla da alban xristianlığının inkişafının qarşısı alınıb. Məhz həmin vaxtdan alban irsinin erməniləşdirilməsi total xarakter alıb. Burada məqsəd, əlbəttə ki, guya ermənilərin Qafqazda köklü xalq olduğunu sübuta yetirmək, zaman keçdikcə bölgədə daha böyük ərazilərə yiyələnmək olub. Söhbət, təbii ki, həm də Qarabağın alban xristianlığının əsas ocaqlarından olmuş dağlıq hissəsindən gedir. Bu paradiqmaları əsas götürən erməni saxtakarları Erməni-qriqorian kilsəsinin xeyir-duası ilə yad – alban mədəniyyətinin özününküləşdirilməsini həyata keçiriblər, alban irsini ayaqlar altına atıblar. Onlar abidələrin üzərindəki alban yazılarını pozub, onların forma və məzmununu təhrif edib, alban xaçlarının görüntüsünü dəyişərək erməni dini təcrübəsindəki xaçlara bənzər şəklə salıb, alban çarlarının məzar daşlarını dağıdıb, alban məbədləri binalarının konstruksiyasında ən müxtəlif dəyişikliklər ediblər. Bir sözlə, ermənilər alban mədəniyyətinə dair istənilən sübutu yer üzündən silmək üçün əllərindən gələni əsirgəməyiblər.
Erməni vandalları tərəfindən törədilən bu vəhşiliklər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Əminik ki, çox tezliklə onlar tarixi abidələrimizə qarşı törətdikləri vəhşi əməllərinə görə hüquqi müstəvidə də cavab verəcəklər.

