Gündəm 

Heydər Əliyev deyib ki…

2023-cü ildə ümummilli lider, böyük insan, dahi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

Ömrün 65-ci zirvəsindən geri baxanda yaşıdlarım kimi mən də həyatımın hər bir anında Heydər Əliyev işığını, Heydər Əliyev ziyasını görür, bu əzəmətli dühanın varlığını daim hiss edirəm. Bu günkü mövqeyimə, övladlarımın təhsilinə və mövqeyinə, nəvələrimin rahat və firavan həyatına görə məhz Heydər Əliyev şəxsiyyətinə borcluyam.

Adicə kolxozçu ailəsində, çoxda dəbdəbəli həyat hesab edilməyən bir şəraitdə böyümüşəm. XX əsrin əksər kənd üşaqları kimi zəhmətdən yoğrulub mən olmuşam.

Həyatımda Ulu Öndərin adı ilə bağlı olan bir xatirəni 50 ildən sonra söyləmək istəyirəm: Orta məktəbin səkkizinci sinfində oxuyurdum. İnkişaf cücərtilərinin yenicə pöhrələndiyi kənddə yaşayırdım. Nə baş versə hamı Heydər Əliyev deyib ki, deyə hadisələri qiymətləndirərdi. Kənddə yeni yol çəkilirsə, yeni məktəb tikilirsə, yeni poçt, xəstəxana və s. açılırsa, kiməsə həqiqəti söyləməyə imkan yaradılırsa deməli Heydər Əliyev deyib. Bəli, sonradan anladım ki, doğrudan da məhz Heydər Əliyev belə deyibmiş.

Adicə kənd uşağı idim. Sakit dayana bilmirdim. Hesab edirdim ki, mən fərqliyəm, bəlkə də üsyankaram. Bütün kənd uşaqları kimi evdə böyüklərə kömək edirdim, dərsə gedir, yaxşı oxuyurdum. Zəhmətkeş atamın və anamın əllərindəki qabarı sevə – sevə əzizlər və özlüyümdə qət edirdim ki, mən mütləq təhsil alacaq, onlara övlad borcumu qaytarmağa çalışacağam. Belə də oldu. Nə qədər bacardım, bunu başqaları söyləyə bilər.

Hər şeyə qulp qoymağımı, əyri hesab etdiklərimə etiraz etməyimi qəbul etməyənlər də var idi. Ünyetməz kəndimizdə həyat dəyişirdi. Yeni məktəb tikilmiş, xəstəxana açılmış, poçt şöbəsi işə başlamış, kəndimizdən keçməklə asfalt yol salınmış, klub fəailiyyətə başlamışdı.

Sosializim ruhuna uyğun olaraq bizim əmək tərbiyəmizi məktəbdə də davam etdirirdilər. Əmək təlimi dərslərində əldə bel işlədir, pambıq becərməsinə, yığımına aparırdılar bizi. İçimdə tüğyan edən uşaq arzularım kənddə yenicə peyda olmuş televiziyada gördüyü aləmə “uçurdu”. Bir neçə dəfə rayon mərkəzinə getmiş, cəmi bir dəfə də kənd uşaqlarının arzusunda olduğu, lakin uşaq vaxtı mində birinə qismət olmuş qatar səfərinə çıxmışdım. Əmimlə birlikdə qatarla Bakıya getmiş, o vaxt başımı gicəlləndirən beşmərtəbəli (sonralar Bakıda doqquzmərtəbəli və hətta on altı mərtəbəli binalar tikildi) binalara baxmışdım. Bakıda da evlərində qonaq olduğumuz Kamaləddin  dayının əmimlə söhbətlərində, şəhərdə bizimlə gəzintiyə çıxdığı zaman izahatlarında tez-tez söylədiyi Heydər Əliyev edib, Heydər Əliyev deyib, Heydər Əliyev tikdirir və sair bu kimi ifadələr uşaq yaddaşıma hopmuşdu.

Səkkizincini bitirirdim, Moskva televiziyasının hər gündə seyr etdiyimi “Zaman” proqramında tez-tez Azərbaycan KP MK-nın birinci katibi (çox qısa zamandan sonra sıraya əvvəlcə Siyası Büro üzvlüyünə namizəd, sonra isə Siyasi Büro üzvü ifadələri də əlavə olundu) Heydər Əliyev sözlərini eşidirdim.

Atam deyirdi ki, Heydər Əliyev deyir ki, hamı düz olsun, hamı yaxşı yaşasın, həyat firavan olsun və s. Artıq bir-iki dəfə Heydər Əliyev deyir ki, hamı mübariz olsun, nöqsanlara barşmaz olsun tövsiyəsinə uyğun, kəndin böyüklərinin nəzərincə uşağa yaraşmayan “üsyan etmişdim”.

Bir dəfə o dövrün “Kirpi” jurnalına, bir dəfə də hansısa mərkəzi qəzetə (məncə “Sovet kəndi” qəzetinə) replika yazmış, kəndimizdə “tez-tez” sönən işıqlardan yazmışdım. Əslində bu tez-tez indikindən fərqli olaraq rayon mərkəzindən uzaq kəndimizdə ay ərzində uzaqbaşı bir dəfə bir-iki saatlıq, bəzən lap elə beş-on dəqiqəlik ola bilərdi.

Nə isə… replikalara görə qazancım yazının əvvəlindəki qabarlı əllərin qullağımın dibində partlayışı ilə nəticələnmışdı. Əlbəttə ki, atam, anam rəhmətlik məni heç vaxt cəzalandırmazdı, onun bir mənalı baxışı mənə bəs edərdi.

Televiziyada hansı verilişə baxdığımı xatırlamıram. Uşaq hüquqlarından danışırdılar. Nəsə verilişdəki BMT adlı təşkilatın rolundan söbət açılırdı. Uşaq əməyindən idi deyəsən mövzu.

Eləmədim tənbəllik, on bir nömrə perolu qələmimi mürəkkəbə (çernilə) batırıb, bir səhifəlik dəftər vərəqində yazdım ki, bəs məktəbdə bizim əməyimizdən istifadə edirlər, gəlib evdə də qoyun otarmağa gedirik. İstəyirəm gedib o xaric deyilən yerdə yaşayım. Elə bilirdim ki, o xaricdə işləmək, qoyun otarmaq yoxdur. Dəfələrlə yazmışam. Kəndimizin saat kimi işləyən poçtunun göy rəngli qutusuna saldığım, sonra Mirzə Cəlilin qəhrəmanı kimi tez də geri götürmək arzusunda olduğum, 5 qəpiklik zərfə qoyduğum, üstünə ABŞ, BMT-yə yazdığım yarım səhifəlik yazının səsi cəmi iki həftədən sonra çıxdı.

Səksəkdə yaşadığım, indiki dövrdə depressiya yaşadığımı hesab etdiyim iki həftə ötən kimi kəndə vəlvələ düşdü. Kolxozçu Alının səkkizinci sinifdə oxuyan oğlunu rayon partiya komitəsinin birinci katibi çağırırdı. Kənddə və məktəbdə bomba kimi partlayan xəbərin nə üçün olduğunu, heç kəsə söyləməsəm də artıq hər şey mənə aydın idi. Məktubum ABŞ əvəzinə Moskvaya gedib çıxmışdı. Sərhədlərindən quş uça bilməyən SSRİ rəhbərliyi məsələdən halı olmuşdu. Hətta məsələ Siyasi Büro üzvləri səviyyəsində də müzakirə olunmuşdu.

Ətraflı şərhə ehtiyac duymuram. Bu məqamı əvvəllərdə yazmışam. Məni kəndin “böyüklərindən” hesab olunan partkomla (partiya təşkilat sədri) apardılar adı gələndə çoxlarının zağzağ əsdiyi birinci katibin otağına. Əvvəlcə yazılan məktubu (çoxları söyləyirdi ki, guya ərizə yazmışam) özümün yazdığıma şübhə ilə baxan balacaboy, eynəkli birinci katib rusca qısa söhbətdən sonra inandı ki, özüm yazmışam. Söhbətimiz çox səmimi keçdi. Burda da Heydər Əliyev deyib ki, ifadəsi köməyimə yetdi. Sən demə mənim ABŞ arzularım yanlış imiş. Hər yerdən, hər kəsdən xəbərdar olan Heydər Əliyev deyibmiş ki, o uşaqdan muğayat olun, onu Moskvaya və ya İttifaqın hər hansı bir şəhərinə oxumağa göndərin. Qısa söhbətdən sonra məlum oldu ki, Ukraynanın paytaxtı Kiyev şəhəri tövsiyə olunub. Orta məktəbi bitirəndən sonra doğma Azərbaycanda ali təhsil aldım, bütün həyatımı xalqıma sədaqətlə xidmətə sərf etdim.

İndi də çoxlarının mənim ərizə yazdığımı hesab etdiyi o başıbəalı məktubun xatasından, əslində kəndimizin kolxoz sədrinin, kənd soveti sədrinin, partkomunun, lap elə uçastkovusunun (milis sahə müvəkkili) qəzəbindən məni Heydər Əliyev deyib ki ifadəsi xilas etdi.

Bəli, o vaxtdan yarım əsr ötəndən, Ulu Öndərin doğum tarixinin bir əsrə çatdığı bir dövrdə o günləri xoş xatirələrlə xatırlayıram. Əldə etdiklərimə, həyatıma, zəmanəmizə görə məhz Ulu Öndərə borclu olduğumu hər an duyuram. Müstəqil Azərbaycanın əldə etdiyi qələblərin məhz Heydər Əliyevin dediyinin, tövsiyə etdiyinin canlı şahidi oluram.

Bu gün şərəflə deyirəm ki, Ulu Öndərin yaratdığı siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının üzvü, onun memarı və yaradıcısı olduğu Müstəqil Azərbayanın vətəndaşı, siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin sədaqətli əsgəriyəm.

Övladlarıma, nəvələrimə də daim təbliğ edirəm ki, Heydər Əliyev deyib ki, xalqına, millətinə, Vətəninə sədaqətli olmaq əsas şərtdir. Vətən müharibəsində cəsarətlə vuruşan oğlumu da, hərbi təyyarəçi olmaq arzusu ilə böyüyən nəvəmi də inandıra bilmişəm ki, bu Vətəni bizə ümummilli lider Heydər Əliyev əmanət edib, onu qorumaq hər birimizin borcudur.

Bir əsrlik əbədiyaşar yaşın mübarək, Ulu Öndərim!

Vaqif Alıyev,

YAP Kürdəmir rayon təşkilatının veteran üzvü

Daha çox xəbərlər