Regionda baş verən proseslərə göz yuma bilmərik!
Biz regionda baş verən proseslərə göz yuma bilmərik Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında hər zaman olduğu kimi, önəmli açıqlamalar, əsaslı təhlillər yer almışdır. İlk növbədə möhtərəm dövlət başçımız bu beynəlxalq tədbirin Azərbaycanda elan olunmuş Heydər Əliyev İlində keçirilməklə xüsusi əhəmiyyət kəsb etmiş olduğunu vurğulamışdır. Qeyd olunmalıdır ki, bu il ərzində həm ölkəmizdə, həm də xaricdə müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasət, regional inkişaf prosesləri, beynəlxalq əlaqələr və digər mövzulara həsr olunmuş çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Müasir müstəqil dövlətimizin qurucusu, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, insanlarımızın rifah halının yüksəlişinə, güclü dünyəvi dövlət quruculuğuna xidmətdə keçən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün artıq sadəcə Cənubi Qafqaz regionunun deyil, bütün Avrasiya məkanının aparıcı aktorlarından birinə çevrilməkdə olan Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dünyanın ən görkəmli siyasi və dövlət xadimləri sırasında öz yeri olan bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin şanlı salnaməsinə ən şərəfli səhifələr kimi yazılıb. Heydər Əliyev müasir dövlətçiliyimizin siyasi, ideoloji və iqtisadi əsaslarını yaratmaqla, Azərbaycan xalqının əsrlərdən bəri bəslədiyi müstəqil, güclü dövlətə sahib olmaq arzusunu gerçəkliyə çevirmiş və məhz bu xidmətləri ilə Ümummilli Lider səviyyəsinə yüksəlmişdir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Azərbaycan xalqı Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək 2020-ci ildə bu arzunu gerçəkləşdirdi. Əlbəttə ki, konfrans iştirakçılarını maraqlandıran əsas mövzulardan biri də Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı idi. Bu məsələyə dair verdiyi açıqlamalarında cənab Prezident İlham Əliyev bir daha hər kəsin diqqətinə çatdırdı ki, ölkəmiz Ermənistanla sülh bağlanması üçün və ümumiyyətlə Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olunması üçün əlindən gələni edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də məhz Azərbaycan olmuşdur. Məsələ bundadır ki, 2020-ci ilin noyabr ayında imzalanmış Üçtərəfli Bəyanat nə atəşkəs razılaşması deyil, nə də sülh sazişi deyil. Buna görə də Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması naminə gələcəyə baxış konsepsiyasını və sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsip əsasında danışıqlara başlamağı, sülh sazişinin hazırlanmasını və imzalanmasını təklif etdi. Ermənistan bu prinsipləri qəbul etməyə bilməzdi. Çünki bu, beynəlxalq hüquqa açıq-aşkar zidd addım olardı. Bununla belə beş əsas prinsipi qəbul etdikdən sonra da rəsmi İrəvan prosesləri süni şəkildə ləngidir və vaxtı uzadır. Bu, tamamilə qeyri-konstruktiv mövqedir. Əlbəttə ki, Azərbaycan özünün ərazi bütövlüyünü təmin etməklə əsas məqsədinə nail olub. Hazırda azad edilmiş ərazilərdə sürətli bərpa-yenidənqurma işləri aparılır. Digər tərəfdən də Azərbaycan mühüm beynəlxalq layihələrin əsas iştirakçılarından biri olaraq yeni geosiyasi konfiqurasiyada öz mövqelərini getdikcə möhkəmləndirir. Yəni, Ermənistanla sülh müqaviləsinin imzalanmaması Azərbaycanın inkişafını və güclənməsini ləngidə biləcək amil deyil. Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Lakin bu, ümumiyyətlə arzuolunmaz haldır. İlk növbədə Ermənistanın özü üçün və əlbəttə ki, bütün region üçün. Halbuki, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması Ermənistanın maraqlarına çox xidmət edir. Bu yolla ermənilər müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Azərbaycan isə, sadəcə bu səhifənin bağlanmasını istəyir. Bunun üçün də məsələnin həllinə, möhtərəm cənab Prezidentimizin dəfələrlə bəyan etdiyi kimi, ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır və heç bir halda həyata keçə bilməz. Bütün bunlarla yanaşı cənab Prezident İlham Əliyev bir daha humanistlik mövqelərindən çıxış edərək bildirdi ki, əgər rəsmi İrəvan konstruktiv olmasa belə, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Azərbaycanın apardığı mübarizə həmişə məhz öz torpaqlarının müdafiəsi və azad olunması üçün edilib. Artıq biz torpaqlarımızı azad etmişik. Hazırda da müharibə etmək fikrimiz yoxdur. Bunu bir daha Azərbaycan ən yüksək səviyyədə bəyan etdi. Bu, həm də Ermənistanın bütün dünyaya haray saldığı “Azərbaycan Ermənistanı işğal etmək istəyir” təbliğatına cavabdır.