Siyasət 

Beynəlxalq təşkilatlar Ermənistanın yaratdığı ekoloji təhlükələrə biganə qalmamalıdır – QHT sədri

İradə Həsənova: İşğalçı dövlətin cinayətləri Cənubi Qafqaz bölgəsinin ekoloji tarazlığına mənfi təsir təsir göstərir

Ermənistanda dağ-mədən sənayəsində aparılan işlər bütövlükdə regionu ciddi risk altında saxlayaraq ekologiyanın çirklənməsinə, ən əsası isə insanların sağlamlığına ciddi şəkildə mənfi təsir edir.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri İradə Həsənova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq ictimaiyyətə və BMT-yə birgə ünvanladığı müraciətdə Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan problemlər vurğulanıb: “Bundan öncə ekoloqların arıdıcıl olaraq sözügedən məsələ ilə bağlı bir neçə Bəyannaməsi var. Naxçıvanla sərhəddə Ermənistanın Arazdəyən kəndindəki metallurgiya layihəsi ilə bağlı bir Bəyannamə hazırlayıb göndərdik. Sonra Ermənistanın baş naziri Paşinyana müraciət olundu. Bu günlərdə ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına müraciət üçün yeni bir Bəyannamə hazırlandı. Ermənistanın ətrah mühit üçün böyük təhlükə yaratdığına görə belə bir müraciət etməli olduq. Bildiyimiz kimi, Ermənistanda təkcə Arazdəyəndə deyil, bir çox yerlərdə dağ-mədən sənayesi fəaliyyət göstərir. Həmin ərazilərdə bütün tullantılar çaylara axıdılır. Məsələn, Oxçuçaya, Bərgüşad çayına, eyni zamanda Araz çayına axıdılır. Həmin çayların hamısı gəlib Araz çayına tökülür. Bu isə çox böyük təhlükədir, bütün faunanı zəhərləyir, kənd təsərrüfatına ciddi təsirlər göstərir.”

İ.Həsənova vurğuladı ki, bütün bunlara görə biz məcburiyyət qarşısında qalaraq belə bir bəyannamə hazırladıq: “Bu ekosidlər  təkcə Azərbaycan üçün böyük bir təhlükə deyil, həmçinin trans-sərhəd bölgələri üçün də fəlakətdir. Çünki, Ermənistan heç bir qanuna tabe olmadan bu eko-cinayətləri törədirlər. Yəni onlar BMT-nin üzvü olduğu halda, bu təşkilatın qanunlarını çeynəyirlər, heç bir qanuna də əməl etmirlər. BMT-nin ən böyük şərtlərindən biri ətraf mühitin qorunması, digəri isə sağlamlıqdır. Ermənistan bunların heç birinə cavab vermir.”

İ.Həsənova qeyd etdi ki, təkcə çaylara axıdılan tullantılar deyil, eyni zamanda havaya buraxılan qazlar insan orqanizminə olduqca mənfi təsir göstərir: “Günü-gündən xəstəliklər artır. Bu, həm xərçəng xəstəliyinə səbəb olur, həm dəridə müxtəlif xəstəliklər yaranır. Yəni bu amillər Cənubi  Qafqaz bölgəsinə çox mənfi təsir təsir göstərir.  Ümid edirik ki, beynəlxalq təşkilatlar bizim səsimizə səs verəcək. Əgər belə olmasa, biz mübarizəmiz davam etdirəcəyik. Artıq dünyada içməli su qıtlığı yaranıb. Ölkəmizdə cənub bölgəsindən tutmuş Xəzər dənizinə qədər olan bölgələrdə Araz çayından istifadə edilir. Bu isə, çoxsaylı insanların sağlamlığına zərər vurur, su təhlükəsizliyi üçün böyük risklər yaradır. Yəni həm də bu nöqteyi nəzərdən biz belə bir bəyannamə hazırladıq.”

QHT sədri qeyd etdi ki, Ermənistan qanunsuz ekoloji cinayətləri ilə bir sıra beynəlxalq sənədləri, o cümlədən aşağıdakı Konvensiyaları pozur:

BMT-nin “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası;

BMT-nin “Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında” Bazel Konvensiyası;

Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyasının Havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə sənədi;

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə”  üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəfləri;

BMT-nin “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”nin Mədən sənayesi də daxil olmaqla biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün çərçivə sənədi;

Ekspert qeyd etdi ki, işğalçı dövlət bu kimi çox mühüm olan beynəlxalq sənədlərin əleyhinə çıxaraq, kobud surətdə dünya ictimaiyyətinə meydan oxumaqla məşğuldur. Dünya birliyi ekoloji təhlükəyə biganə qalmamalıdır.

Daha çox xəbərlər