Gündəm 

Ağdam-Xankəndi yolunun alternativi yoxdur

Bu, artıq tarixin arxivinə atılmış münaqişədən əvvəl də belə olub, bundan sonra da belə olacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın beynəlxalq institutların rəhbərləri, dövlət rəsmiləri ilə ilk təmaslarında Bakının ünvanına yalan və böhtandan yoğrulmuş iddialar səsləndirməsi qətiyyən təəccüblü olmadı. Ermənistanın “armenpress” agentliyi yazır ki, A.Mirzoyan ATƏT-in baş katibi Xelqa Şmidlə görüşündə Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində son irəliləyişlər barədə ətraflı danışıb. Ardınca “Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi” məsələsinin beynəlxalq mexanizm çərçivəsində həllinin vacibliyini xüsusi olaraq vurğulayıb. Azərbaycanın BMT Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarının icrasından, guya, boyun qaçırdığını deyən Mirzoyan Bakının “Laçın dəhlizini bağlı saxladığını” iddia edib. Hayların baş diplomatı bir az da irəli gedərək ATƏT-in baş katibinin diqqətini “XXI əsrdə Avropanın qonşuluğunda növbəti humanitar fəlakətin və Dağlıq Qarabağ əhalisinin etnik təmizləməyə məruz qalmasının qarşısının alınması üçün beynəlxalq aktorların fəal hərəkətə keçməsinin zəruriliyinə” yönəltməyə cəhd göstərib. Hətta bu məqsədlə ATƏT-in mövcud mexanizm və vasitələrindən “effektiv istifadəni” yada salıb.

Şübhəsiz, Mirzoyanın Bakıya qarşı iddia və tələbləri heç bir hüquqa və məntiqə sığmır. Bilirik ki, beynəlxalq Femida çıxardığı qərarları ilə Azərbaycanın öz sərhədləri daxilində suveren ərazisinə nəzarət hüququnu təsdiqləyib. Bu isə avtomatik olaraq şərti sərhəddə, Laçın yolunda Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi barədə Ermənistanın tələbinin tam əsassız olduğunu isbatlayır. Yəni, bizim ölkəmizdən nə İrəvanın, nə də bir başqasının nə isə tələb etməyə heç bir hüquqi ixtiyarı yoxdur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən həftə Brüsseldə keçirilən Azərbaycan və Ermənistan liderlərinin Zirvə görüşündə danışıqlar masasına qoyulan məsələlərdən biri də Xankəndiyə humanitar yardımların Ağdam vasitəsilə çatdırılması olub. Təbii ki, bu zaman Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin təchizatı da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməlidir. Bakının Laçın yoluna alternativ kimi təklif etdiyi bu marşrut, əslində, indiki şəraitdə ən optimal variant sayılmalıdır. Çünki bu, Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini təchiz etməyin ən qısa yoludur.  Dövlətimiz Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Bu xüsusda dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir.

Amma nədənsə, Qarabağın erməni sakinlərinə humanitar yüklərin məhz bu yolla çatdırılmasına rəsmi İrəvan etirazını bildirdi. Ən azı Brüssel görüşündən sonra hayların Bakının bu təklifinə verdiyi reaksiyalardan bu qənaətə gəlmək mümkündür. Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatında bu məsələyə aydınlıq gətirir: “Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir”.

Aydındır ki, ermənilər Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna qarşı çıxır. Bəs Moskva niyə Bakının alternativ marşrutunu özü üçün qəbuledilməz sayır? Çünki yeni yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləndə Xankəndidə və ətraf ərazidə nə qədər erməninin yaşadığı üzə çıxacaq. Bizə çoxdan bəllidir ki, separatçılar 120 min nəfər erməninin yaşadığını iddia etsələr də, Qarabağdakı hayların gerçək sayı bundan qat-qat azdır. Digər tərəfdən, sülhməramlıların sayının da üçtərəfli Bəyanatda göstərilən 1960 nəfərdən artıq olduğu faktı yeni yolda aşkar bilinəcək. Deməli, məhz bu səbəbdən İrəvan və Moskva Ağdam-Xankəndi yolunda görünmələrini istəmir. Məhz bu səbəbdən rəsmi Bakının siyasi iradəsi və qətiyyətinə qarşılıq olaraq Kremlin Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirməsi müşahidə olunmaqdadır.

Bəli, Qarabağdakı separatçıların əsas himayədarlarından biri qismində Rusiya sülhməramlıları çıxış ediblər. Xankəndi və ətraf ərazilərə Ermənistandan qanunsuz silah-sursatın daşınması, separatçıların Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına göz yummaları, Azərbaycan toponimlərini erməniləşdirmələri və s. kimi faktlar bunun isbatıdır.

Daha çox xəbərlər