Gündəm 

Minsk qrupu buraxılsa yaxşıdır, sözüm elə burda bitsə yaxşıdır…

İflic təşkilat, 30 il necə susmuşdunsa, bundan sonra da…

Dünyanın ikili standartlara əsaslanan siyasətini hər zaman özünə  münasibətdə aydın şəkildə görən Azərbaycan heç zaman bu yanaşmadan ruhdan düşməyərək həqiqətlərini real faktlara, tarixə söykənərək beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. 30 illik işğal dövründə yaxşı müşahidə etdik ki,  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi təşkilatların ədaləti, demokratiyası yalnız bəyanatda və dildədir.

Həmin illər ərzində ATƏT-in Minsk qrupunun nümayəndələri yalnız turist kimi Azərbaycana səfərlər edib, Azərbaycanın acı gününün üstündən milyonlar yeyib, işğalçı Ermənistana pərdəarxasından dəstək çıxmaqla məşğul olublar. İşğal dövründə ATƏT kimi təşkilatlar Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etmir, hər zaman ikilistandartlarla çıxışlar edir, hətta bəzi “humanizm” məsələlərini qabardaraq, üzərimizə də gəlirdilər.

Minsk qrupu 1992-ci ildə ATƏT tərəfindən yaradılaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən dolayı yaranan problemləri həll etmək üçün fəaliyyətə başlamışdı. Ancaq 30 il ərzində qurum hər hansı bir fəaliyyət göstərmədi. Əksinə, işğal dərinləşdi, Ermənistanın mövqeyi radikallaşdı. Beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun həll edə bilmədiyi məsələni Azərbaycan tək, öz daxili potensialı, rəhbərinin ağıllı siyasəti, hərbçisinin şücaəti ilə həll etdi. Bununla da Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadı və ATƏT-in dünyada sülhyaratma “industriyası çökdü”. Bu gün artıq Azərbaycan  işğaldan azad etdiyi ərazilərinə özü nəzarət edir. Qalan məsələləri öz konstitusiyası və suveren hüquqları ilə zamanında həll edəcək.

Bəllidir ki, bu qurum Azərbaycan xalqının yaddaşında daha çox bədnam Minsk qrupu ilə qalıb. ATƏT yenə də səmimi deyil. Bu qurumun, sadəcə, regionla bağlı öz maraqları var. Onlardan biri də Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaqdır. Əslində, Azərbaycanın da Minsk qrupuna və onun “dublikatlarına” ehtiyacı yoxdur. Tarixi təcrübə göstərdi ki, biz öz işimizi özümüz görməyə qadirik.

ATƏT 30 il ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin həllində “iştirak etmiş” təşkilat olmaqla, sadəcə regionlarda münaqişələri uzatmağa çalışan bir təsisat kimi özünü bir daha təsdiq edir. Qarabağ münaqişəsində ATƏT Minsk qrupunun vasitəçilik missiyasının uğursuzluğu ucbatından baş vermiş ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Ermənistan yavaş da olsa, inamlı addımlarla münasibətlərin normallaşması yolunda irəliləyirlər. Amma indi ATƏT yenidən Ermənistanın birtərəfli təşəbbüsünə qoşulur ki, bu da sülh prosesinin gedişinə mənfi təsir göstərməyə bilməz.

Ermənistan və təcavüzkarı müdafiə edən qüvvələr vaxtaşırı Minsk qrupunu reanimasiya etməyə, yenidən status məsələsini gündəmə gətirməyə çalışırlar. Son zamanlar Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur. Bu Qərbin siyasi riyakarlığının təzahürüdür. Minsk qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək.

Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirsə də, onu düşmən saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür.

Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə separat danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Prezident Zelenskinin istədiyi silahlar verilmir, amma bununla yanaşı Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Bu ağır vəziyyətin fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir.

Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan buna ehtiyacın olmadığını bildirir.  Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək. 30 illik işğal dövrü geridə qaldı. 44 günlük müharibədən sonra yeni reallıqlar yarandı. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur.

Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan 20-25 min erməni əhalisinə digər vətəndaşlarına verdiyi hüquq və azadlıqları verməyi, onların problemlərinin dövlətin daim diqqətində olacağını dəfələrlə bəyan edib.

Bu gün problem Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT rəhbərliyi ilk növbədə, diqqəti ona yönəltməlidirlər. Ermənistan tərəfini konstruktivliyə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırmalıdırlar. Ermənistanla Azərbaycan arasındakı məsələ artıq beynəlxalq təşkilatlar səviyyəsində deyil, iki ölkə arasında həll ediləcək. Azərbaycanın öz hüquqlarını qorumaq üçün kifayət qədər əzmi və potensialı var.

Elan olunmuş dəyərlər, elan olunmuş missiya ilə onun həyata keçirilməsi istiqamətində uzlaşma itəndə təşkilat iflic olur. ATƏT bu gün bax bunu yaşayır, eləcə də əksər beynəlxalq təşkilatlarla bağlı bu vəziyyəti görməkdəyik. Ona görə də bu cür təşkilatlar ya fəaliyyətlərini elan etdikləri missiyaya uyğun qurmalıdırlarlar və özlərini xilas etməlidirlər, ya da özlərini buraxmalıdırlar. Çünki indiyə qədər olduğu kimi süni şəkildə görüntü yaratmaq siyasəti dünyaya yaxşı heç nə vermir. Əksinə, zərərli tendensiyalara yol açır. Hazırkı iflic vəziyyətdə olan beynəlxalq təşkilatların, həmçinin ATƏT-in tarixə çevrilməsi daha yaxşıdır, nəinki süni şəkildə qalmaları.

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində ən pis resurs idi. ATƏT nəticəsiz gedən danışıqlar prosesinə və ikitərəfli münasibətlərin normallaşmasına katalizator yox, maneə olduğuna görə Azərbaycan xalqından üzr istəməlidir. Avropa İttifaqının Ermənistanda mövcudluğunu genişləndirdiyi bir vaxtda, avropalı vergi ödəyicilərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi faydasız qurumun fəaliyyətini maliyyələşdirməsinə ehtiyac yoxdur.

ATƏT-in Minsk qrupu elə buraxılsa, yaxşıdır… Sözüm elə burda bitsə yaxşıdır…

Daha çox xəbərlər