Gündəm 

Çin-Azərbaycan dostluğunun təməlini Ulu Öndər Heydər Əliyev qoyub

İyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ölkəmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə toxunuldu. Çinli jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də danışdı.

Müsahibədə həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan  Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, “Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

Əslində, Çin Heydər Əliyev üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Heydər Əliyev Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Sıravi insanlarla görüşlər isə Ulu öndərin təbiəti ilə bağlı idi. O, burada – Azərbaycanda da hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Təbii ki, o, Çində, həmçinin sadə insanların həyat tərzi ilə maraqlanırdı.
Beləliklə, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.
Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən edib. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin ölkəmizin başlıca məqsədləri dəyişməz olaraq qalıb. Bura  dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı aiddir. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.

Xüsusilə Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam.

Xüsusilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, o, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən bəlkə də yeganə şəxs idi. O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.

Bununla yanaşı, o, sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. O, bunları nəzərə almalı idi, lakin onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi.

Eyni vəziyyət Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan böyük ölkə deyil. O vaxt artıq Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi və biz nəhəng iqtisadi çətinliklərlə üzləşmişdik. İnflyasiya 1000 faizdən artıq idi. İşsizlik və yoxsulluq hökm sürürdü. Ordu demək olar ki, mövcud deyildi. Belə bir vəziyyətdə ölkəni parçalanmaqdan qorumağa, onu inkişaf yoluna çıxarmağa və bugünkü səviyyəyə çatdırmağa müvəffəq olmağı yalnız böyük şəxsiyyət edə bilərdi.

Bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.

Beləliklə, təkcə 100 illiyini qeyd etdiyimiz üçün deyil, ümumiyyətlə, müasir Azərbaycan haqqında danışarkən faktdır ki, təməl Heydər Əliyev tərəfindən qoyulub və 1990-cı illərin mürəkkəb dövründə onun liderliyi olmasaydı, bugünkü Azərbaycan başqa vəziyyətdə olacaqdı. Hansı problem və çətinliklərlə üzləşəcəyini heç təsəvvür etmək belə olmazdı.

Diplomatik əlaqələr

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında  səfirliyinin açılmasını qərarlaşdırıb.

İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev  Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”. Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.

Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd edib.

Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söyləmişlər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamaq prinsipi əsasında qurulmalıdır. Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.

Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub. Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel  tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin  əsərlərinin sərgisi keçirilib.

1996-cı il 17-18 aprel Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edib. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.

1997-ci il 27-30 avqust arasında Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə görüşlər keçirib. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.

2000-ci ildə 21-24 iyun tarixi arasında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Heydər Əliyev  Li Penə Çinin inkişaf yolunu yüksək qiymətləndirdiyini bildirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının temelqoyma mərasimində  iştirak ediblər.

‎Azərbaycan Prezidenti İlham Eliyev də ÇXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib. İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Çinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir. 2006-cı il 19 oktyabr-da Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında Çin-Azərbaycan Dostluq Cəmiyyətinin (ÇADC) təsis iclası keçirilib.

Tədbirdə ÇXR-in Azərbaycandakı keçmiş səfirləri Ley İnçen Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Çjan Qotsyan sədr müavini, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin Avropa və Asiya ölkələri İdarəsinin şöbə müdiri Sun Tsinqo baş katibi seçilmişlər. Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Çen Xaosu yeni yaradılmış qurumun ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində, mədəniyyət sahəsində qarşılıqlı mübadilənin həyata keçirilməsində vacib rol oynayacağına əmin olduğunu bildirib. 7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 aprel 2009 -ci il Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cjan Yannyanın etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin uğurla inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Səfir Çin Xalq Respublikasının sədri Hu Szintaonın səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. O deyib ki, Çin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfərinin qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldırdığını bildirir. Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayan diplomat dövlətimizin başçısını əmin edib ki, səfir kimi fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da genişlənməsinə səy göstərəcək.

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər