Gündəm 

Havada sülh qoxusu: Azərbaycan israrlı, Ermənistan isə…

Hayastan sülhə razılaşmalıdır, əks təqdirdə avantürist əməllərə davam etməklə dövləti və erməni toplumunu məhvə sürükləyəcək

Qalib Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh prosesinin irəliləməsi istiqamətində əməli addımlar atır. Qeyd edildiyi kimi, ölkəmiz üçtərəfli bəyanata daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli Bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi sənədin bir çox müddəalarını yerinə yetirməyib. Bunun qarşılığında Rusiya tərəfi də Ermənistanın öhdəlikləri yerinə yetirməməsinə yumşaq şəkildə desək, göz yumub.

Rusiyanın ötən ilin sonunda, bu ilin əvvəlində Ermənistandan Qarabağa daşınan silahlarla bağlı məsələyə loyal münasibəti, Ermənistanın isə öhdəlikləri nəinki yerinə yetirməməsi, hətta onu kobudcasına pozması Azərbaycanı bir sıra addımlar atmağa sövq etdi. Azərbaycanın Qarabağ iqtisadi rayonunda hələ də qalan erməni silahlıları bəhs olunan ərazidə bir neçə dəfə silahlı təxribatlar törədiblər. Onlar, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardıqları Azərbaycan ərazilərində postmüharibə dövründə də mina terrorunu davam etdiriblər. Ötən iki il yarımda Laçın dəhlizi ilə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşınıb və həmin sursatlar ən ağlagəlməz yerlərdə basdırılıb. Bütün bunlardan başqa, Moskvadan Xankəndiyə xüsusi gündəliklə göndərilən Ruben Vardanyan bu gün də ölkəmizə qarşı əsassız iddialar səsləndirir, faktiki olaraq erməni əsilli Azərbaycan vətəndaşlarını itaətsizliyə çağırır. Xankəndidəki separatçı rejimdə yer alan cinayətkar ünsürlər tərəfindən Azərbaycana qarşı aqressiya çağırışları intensivləşib. Keçirilən mitinqlərdə hətta növbəti təxribatların, silahlı qarşıdurmaların, revanş cəhdlərinin anonsu edilir. Bütün bunlar Rusiya sülhməramlı kontingentinin komandanlığının gözləri önündə baş verir. Bu kimi hallar isə  birmənalı şəkildə Ermənistanın üzərinə götürdüyü, Rusiyanın isə buna nəzarət etməli olduğu öhdəliklərin sənəd üzərində, daha dəqiq desək, havada qalmasından qaynaqlanır.

Münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Bütün bunların fonunda Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhdidləri dəf etməkdə qətiyyətlidir. Ona görə də, Ermənistan vəziyyəti daha da gərginləşdirməkdən çəkinməlidir. Erməni tərəfinin  sülh müqaviləsinə imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktivdir.

Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Eləcə də  lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq rəsmi İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. Ona görə də İrəvanın tezliklə sülh sazişinə imza atması onun üçün çox faydalı olacaq.

Bu gün  Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Hazırda sülh prosesində bir neçə beynəlxalq platforma mövcuddur. Bunlar Rusiyanın, Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan danışıqlardır. İndiyədək  Brüssel platforma çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin müxtəlif məkanlarda bir neçə görüşü baş tutub.  Brüssel formatı postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri iki ölkə arasında münasibətlərin normallaşma prosesinə əhəmiyyətli dərəcədə təsir göstərib. Ümumiyyətlə, Brüssel sülh formatı özünün mühüm məqamları ilə göz oxşayır . Məsələn, bu ilin may, iyun və iyul aylarında bu format əsasında baş tutan görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını rəsmən bəyan edib, 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın ərazisinin toxunulmazlığına birmənalı sadiqliyini təsdiqləyib. Sülh gündəliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində də mühüm müsbət impulslarla yadda qalmışdı. Bunun nəticəsidir ki, Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsi nəzərdə tutulur və bu danışıqların prosesin inkişafına töhfələr verəcəyinə inam ifadə edilir.

Son vaxtlarda müxtəlif platformalarda aparılan danışıqlarda ölkəmizin mövqeyinin və Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin dəstəkləndiyinin şahidi oluruq ki, bu da təsadüfi deyildir. Dünyanın gözü qarşısında iki fərqli nümunə var. Məğlub Ermənistanın sülhyaratma prosesinə yanaşması perspektivi olmayan revanşizmə, arqumentsiz iddialara əsaslanır və bu kimi səbəblərə görə də qəbuledilməzdir. Qalib Azərbaycan isə bunun qarşılığında səbirlə davranır, postmüharibə dövründə sülhyaratma prosesinin irəliləməsinə böyük səy göstərir və buna özünün töhfələrini verməyə çalışır.

İstənilən halda Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımalı, vətəndaşlığı qəbul etməli və ölkəmizin qanunları ilə davranmalıdırlar. Bunun heç bir alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək və nəzarəti tam həyata keçirməkdə maraqlıdır. İrəvan da gedişatı görür, çıxış yolunun olmadığını anlayır. Ermənistan ya sülh müqaviləsinə imza ataraq inkişaf yoluna qədəm qoymalı, dünyaya inteqrasiya etməlidir. Ya da avantürist əməllərə davam etməklə dövləti və erməni toplumunu məhvə sürükləməlidir. Ermənistanın iqtisadi inkişafı Azərbaycanla bağlanacaq sülh müqaviləsindən və Türkiyə ilə əlaqələrin bərpasından asılıdır. Bütün bunları görən Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Sülh prosesinin bu qədər  uzanması birbaşa Ermənistanın özünə ziyandır.

Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Maraqlıdır,  sonda Ermənistanın seçimi hansı olacaq:  Ağ göyərçin, yoxsa qara bayquş?..

Daha çox xəbərlər