Cəmiyyət 

Qarabağda ermənilərin “humanitar böhran” şousu ilə bağlı yalanları ifşa olunur

Bölgədə Azərbaycanın yardım təklifini qəbul etmək istəyənlərin sayı artır

Ermənistan tərəfi uzun müddətdir ki, guya Xankəndidə “humanitar böhran” yarandığını iddia edir. Onlar, Laçın-Xankəndi yolunun bağlı olduğu üçün Xankəndidəki ermənilərin “ərzaq qıtlığı” yaşadığını önə sürürlər. Halbuki Azərbaycan tərəfi alternativ olaraq Ağdam-Xankəndi yolundan istifadəni təklif edib. Buna baxmayaraq, ermənilər həmin yoldan istifadədən imtina edərək, separatçıların dəstəyi ilə yolun qarşısını beton bloklarla bağlayıblar. Ermənistanda Azərbaycanın humanizm prinsipində çıxış edərək irəli sürdüyü təklif Ermənistanda, necə deyərlər, top-tüfənglə qarşılanıb. Həmçinin Xankəndidə yuva qurmuş separatçılar respublikamızın təklifinə qarşı çıxaraq etiraz aksiyası keçiriblər. Onlar Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayaraq burada “Ölüm yolu” plakatı asıblar. Ermənistan rəsmilərinin və separatçıların bu cür davranışları siyasi spekulyasiyadır və rasist yanaşmanın göstəricisidir. Elə bu nümunədən də “blokada”nı kimin yaratdığı aydın görünür. Axı onlar nə üçün açıq yoldan istifadə etməyərək, özlərini beynəlxalq ictimaiyyətə “blokada”da qalmış kimi təqdim edirlər? Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan isə utanmadan “blokada şəraitində” yaşayan Qarabağ erməniləri üçün  hay-həşir qopararaq ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub da ünvanlayıb. Görünür düşüncəsi hələ də ötən illərdə qalan Sarkisyan, ATƏT-in Minsk qrupunun yenidən dirçəlib məsələyə baxa biləcəyinə bel bağlayır.

“Dağlıq Qarabağda ciddi humanitar böhran var. Vəziyyət əsl humanitar fəlakətə yaxındır”.  Belə bir sarsaq fikirlə Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşündə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib. Daha sonra Mirzoyan bunları qeyd edib: “Əgər biz həll yolu tapa bilməsək və Azərbaycan blokadanı dayandırmasa, yer üzündə baş verən humanitar fəlakət, əlbəttə ki, danışıqlar prosesi üçün öz mənfi nəticələrini verəcək”.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın “Ağdam-Xankəndi” marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumat yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “Le Monde” qəzetinə müsahibəsində səsləndirdiyi iddialara dair şərhində deyilir. Qeyd olunub ki, otuz il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır.

Əslində bu şəxslər dedikləri sözün mənasını anlamırlar. Əgər bu gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədində olan Laçın buraxılış məntəqəsində gediş-gəliş varsa, artıq blokadadan söhbət gedə bilməz. Azərbaycan buraxılış məntəqəsini bağlı saxlamır. Erməni əsilli vətəndaşlar, həmin yoldan sərbəst şəkildə istifadə edirlər. Bununla bağlı videokadrlar da var. Bütün bunların Qarabağ ermənilərinə dəstək verən qüvvələrin bilavasitə iştirakı ilə həyata keçirildiyi hər kəsə məlumdur. Aydındır ki, burada Rusiya daha çox canfəşanlıq göstərir. Bu cür ucuz hərəkətlərlə münasibətləri daha da gərginləşdirməyə və bununla da sülh danışıqlarını pozmağa çalışır. Sülh prosesinə mane olmağa çalışan digər qüvvələr isə Fransa və İrandır. Azərbaycan açıq şəkildə beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək, orada yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə lazım olan müvafiq addımları atır. O baxımdan istər Serj Sarkisyan olsun, istər Paşinyan və Mirzoyan, onların hər birinin belə “şou” xarakterli hərəkətləri yalnız və yalnız sülh prosesini pozmağa hesablanıb.

Bütün bu hadisələrin fonunda Qarabağda ermənilərin “humanitar böhran” şousu ilə bağlı yalanları bir-bir ifşa olunmaqdadır. Xankəndi və ətraf ərazilərdə ermənilərin planlı şəkildə yaydığı “çörək növbəsi, “ humanitar fəlakət”, “qida çatışmazlığı” iddiaları və yaydıqları saxta görüntülər elə öz aralarında narazılığa səbəb olub. İnsanları belə görüntülər paylaşmağa, Azərbaycanın humanitar dəstək təklifini qəbul etməməyə çağıran separatçıların öz ailələrinin Qarabağda olmaması ilə bağlı iddialar erməni sakinlər arasında ciddi narazılığa səbəb olub. Belə ki, separatçıların “dövlət naziri” adlandırdığı Qurgen Nersisyan və digər bir neçə “rəsmi” nümayəndəsinin ailələrinin Qarabağda olmadığı, onların ərazidən kənarda lüks həyat yaşadığı bildirilir. Həmin şəxslərin bölgədə erməniləri Azərbaycandan humanitar dəstək qəbul etməməyə, məclislərdən şən görüntülər paylaşmamağa və Qarabağı tərk etməməyə çağırdıqları deyilsə də, ailələrinin hər şeydən kənarda rahat həyat sürməsi separatçılara qarşı narazılığı daha da artırıb. Nersisyan bu iddiaları təkzib etsə də, Qarabağdakı ermənilər arasında onlara qarşı artıq inamsızlığın yarandığı bildirilir. Nəticədə bölgədə Azərbaycanın yardım təklifini qəbul etmək istəyənlərin sayı artır.

Daha çox xəbərlər