Reallıq budur: Seçim çox pis və ya qəbulolunan arasındadır
İyulun 22-də Prezident İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibədə vacib mesajlar səsləndirdi. Prezident İlham Əliyevin hər çıxışı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı müsahibəsində diqqəti postmünaqişə dövrünün reallıqları fonunda əsas çağırış olan Sülh müqaviləsinin imzalanmasını şərtləndirən amillərə yönəltdi. Bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra sülhün yaradılması üçün beynəlxalq iştirakçılar heç bir iş görməyiblər.
Azərbaycan Ermənistanla sülhə hər zaman öz sadiqliyini nümayiş etdirib və cənab Prezident dəfələrlə vurğulayıb ki, Cənubi Qafqaz regionunda ictimai münasibətlər sisteminin normal qaydada bərqərar edilməsi və eyni zamanda ölkələr arasındakı konfliktlərin, münaqişələrin sona çatması üçün sülh prosesi mütləq şəkildə olmalıdır. Azərbaycan 30 il ərzində də hər zaman sülhlə bağlı mövqeyini ifadə edib. Biz heç bir zaman savaşın, gərginliyin, qanın, qadanın, qarşıdurmanın bölgədə olmağını istəməmişik. Amma təəssüflər olsun ki, Azərbaycana ağıl öyrətməyə çalışan beynəlxalq təşkilatlar ölkəmizin sülhlə bağlı haqlı mövqeyini hər zaman sabotaj etməyə çalışıblar.
Dövlət başçısının konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığı başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil: “Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.”
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi zamanı bir sıra mühüm məqamlara toxundu və Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalı olduğunu bildirdi: “Əslində ötən ilin sonunda da belə bir ehtimal var idi. Hazırda bütün təşəbbüslər, atılan addımlar məhz Sülh müqaviləsinin imzalanması yönündədir. Lakin burada əsas məqsəd Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi, böyük iddialardan əl çəkməsi, Azərbaycana qarşı ərazi iddialarına son qoyulması və separatizmin təşviq olunmamasıdır. Yəni, separatçı quruma maliyyə vəsaitinin ayrılmamasıdır. Lakin biz bunun əksini görürük. Digər tərəfdən Azərbaycanla razılaşdırmadan, hətta ölkəmizə rəsmi qaydada müraciət edilmədən hansısa humanitar yüklər bizim sərhədlərimizə gətirilir.”
İ.Hüseynov qeyd etdi ki, bununla siyasi təxribatlar törədilərək ölkəmizə qarşı qarayaxma kampaniyasına start verilir: “Bu, əlbəttə ki, sülhə qarşı olan bir mövqe və dirənişdir, beynəlxalq ictimaiyyət də buna düzgün qiymət verməlidir. Təəssüflər olsun ki, dünyanın bir sıra siyasətçiləri, media orqanları Ermənistanın saxta blokada müraciətlərinə, çağırışlarına cavab verirlər. Məhz Ermənistanın arqumentasiyası əsasında bir sıra tezislər formalaşır. Bu isə tamamilə qəbul olunmazdır. Cənab Prezidentin ikili standartlar mövzusuna diqqət çəkməsi də məhz bu qəbildəndir. Digər tərəfdən Prezident İlham Əliyev Ermənistandakı ermənilərə də müraciət etdi.”
İ.Hüseynov vurğuladı ki, çünki uzun illər ərzində ermənilər tamamilə saxta bir informasiya məkanında yaşayıblar, onlara yalan danışılıb və bu gün artıq reallıqlarla barışmaq zamanıdır: “Tarixin saxtalaşdırılıması və falsifikasiyası, böyük Ermənistan xülyaları, yalan yanaşmalardan əl çəkmək zamanıdır. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin qorunması üçün birgə əməkdaşlığa və etimadın gücləndirilməsinə böyük ehtiyac var. Düşünürəm ki, dövlət başçımızın irəli sürdüyü tezislər, təşəbbüslər geniş auditoriyanı məlumatlandırmaqla yanaşı, həm də bölgədəki real siyasi vəziyyətin dəyərləndirilməsi üçün çox önəmli oldu.”

