Gündəm 

Nə üçün biz separatizmə dözməliyik?

Ərazi bütövlüyünü təmin edərək müharibəni qələbə ilə başa vuran Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmağa, bölgədə sülhün bərqərar olmasına çalışır. Rəsmi Bakının münaqişədən sonrakı illərdə bu istiqamətdə dürüst fəaliyyəti bunun təsdiqidir. Ermənistan isə Azərbaycanla sülh istəyirsə, hansısa şərt qoymamalı, ölkənin rəhbərliyi məsələyə səmimi yanaşmalı, konstruktiv davranmalıdır. Təəssüf ki, biz bunun əksini müşahidə edirik. Nəticə etibarilə Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh əldə olunmur. Lakin Bakı-İrəvan danışıqlarının nikbin tərəfləri var ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində onların da üzərində dayanıb. Məsələn, sülh sazişinin əsas bəndlərinin nazirlər tərəfindən tərtib edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirir ki, Ermənistanın rəhbər şəxsləri ilə ölkəmizin rəsmilərinin təmasları yaxşı mühit yaradır: “Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.

Prezident İlham Əliyev humanizm prinsiplərinə həmişə sədaqətini nümayiş etdirən Azərbaycanın sülh tərəfdarı olduğunu bəyan etməklə, həm də qətiyyətli şəkildə bildirdi ki, bununla paralel olaraq ölkəmiz getdikcə güclənir, müdafiə imkanlarını artırır. Qarşı tərəf bunu anlamalı, beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq.

Bu bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirmir. Belə ki, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Bütün bunlar isə regionda vəziyyəti mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir.

Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Azərbaycan normallaşma prosesində Avropa İttifaqı da daxil olmaqla, digər tərəflərin vasitəçiliyini müsbət dəyərləndirir.

Nəticə ədalətli olmalıdır. Ədalətli olmaq üçün isə dünyanın, indiki halda Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi qismində çıxış edən tərəflərin ikili standartlardan uzaqlaşmaları mütləqdir.

Bu gün isə, Ermənistan hakimiyyəti, ermənipərəst dairələr Qarabağ ermənilərinin blokadası məntiqini qabardarkən, 120 min rəqəmi üzərində dayanır, Azərbaycanın guya yaratdığı vəziyyət nəticəsində bu sayda əhalinin sosial durumunun ağırlığını, həyati ehtiyaclardan məhrum vəziyyətə düşdüyünü önə çəkirlər. Dünyanın müxtəlif media orqanları da məsələni gündəmə gətirmək yolu tuturlar. Belə təəssürat formalaşır ki, heç kəs Azərbaycanın Qarabağın erməni əhalisi ilə bağlı konstitusion öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nəzərə almır.

Ermənistan iqtidarı isə mövcud istiqamətdə əlavə beynəlxalq mexanizmlərin işə salınmasını gündəliyə gətirmək, bunun Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin tərkibində yer almasını istəyir. Halbuki Qarabağ ermənilərinin sayı bəyan edildiyi kimi, heç də 120 min deyil, təqribən 30 minə yaxındır.

Ancaq hətta 120 min olsa belə nə isə dəyişmir. Dövlətimizin başçısı Avropanın baxışlarındakı anti-separatizm seqmentini əsas götürərək həm sual verir, həm də ölkəmizin qəti mövqeyini açıqlayır: “Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik!”.

Sonda bir məqamı da vurğulayaq ki, Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, həmçinin xəbərdarlıq mahiyyəti daşıyan siyasi manifestdir. Bu xəbərdarlıq isə həm Ermənistan hakimiyyətinədir, həm ermənipərəst dairələrədir, həm də Bakı – İrəvan münasibətlərinin tənzimlənməsi üzrə vasitəçilik missiyasını öhdəliyinə götürmüş tərəflərədir.

Daha çox xəbərlər