Gündəm 

Təxribat karvanı

Ermənistanın razılaşdırmadan “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməkdə davam etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir

Məlum olduğu kimi, bu günlərdə Hayastanın rəhbərliyi növbəti təxribata əl ataraq İrəvandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayan ermənilər üçün on doqquz “TIR”da 400 ton “humanitar yardım” gətirilməsini təşkil edib. Humanitar yardım adı altında göndərilən yük karvanı sərhədimizə çatsa da, təbii ki, ərazimizə keçə bilməyib. Bununla bağlı Ermənistan rəsmiləri çeşidli bəyanatlar verir, əsassız olaraq ölkəmizi beynəlxalq hüququ pozmaqda günahlandırırlar. Bu azmış kimi, İrəvan bir neçə gündür Azərbaycanla sərhəddə gözləyən 19 TIR-ı geri çəkmək əvəzinə, onların sayını 21-ə çatdırıb və bununla təxribatçı fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərib. Bildirilir ki, Qarabağdakı erməni uşaqlara yardım məqsədilə iki yük maşını şirniyyat hazırlanıb. Beləliklə, bu, Ermənistanın “humanitar yük” şousunu davam etdirməyə çalışdığını göstərir. Bəllidir ki, bu, Ermənistanın diqqəti Qarabağa cəlb etmək, “baxın, bizə normal şərait yaratmırlar” deyərək əlaqədar qurumları “yardım”a çağırmaq üçün növbəti cəhdidir. Avropalı missionerlər isə TIR-ları dağ başından seyr edirlər. Bizə gələndə gözlərini qapayan avropalıların müşahidəçilik missiyası erməniləri görəndə yadlarına düşür.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın təklif etdiyi alternativ yol vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil etdiyinin daha bir sübutudur. Çox təəssüf ki, Ermənistan hələ də üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə əməl etmir, Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirir. Hayastan 2020-ci ilin noyabr ayında üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra da ölkəmizin ərazisinə minalar yerləşdirilməsinə son qoymayıb. Təbii ki, bütün bu faktlar sübut olunub. Azərbaycan təcavüzkar Ermənistanın törətdiyi bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması və ifşa olunması istiqamətində davamlı və sistemli tədbirlər həyata keçirib. Məhz bunların nəticəsində Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 6 iyul tarixli qərarı ilə Laçın sərhəd-buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq edib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub.

Dövlətimizin başçısı daim bəyan edir ki, Azərbaycan hər zaman sülh tərəfdarıdır. Çox təəssüf ki, qarşı tərəf bu gün də müxtəlif təxribat və bəhanələrlə sülh prosesinə əngəl törədir. Prezident İlham Əliyev iyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Ölkəmizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb.

Azərbaycan beynəlxalq separatizmin, o cümlədən onlar arasında dünyada ən təhlükəli və vəhşi xarakterə malik olan erməni terrorizminin dayaqlarını öz ərazilərində tamamilə aradan qaldırmağa çalışan ölkədir. Həmin fəaliyyətlər də məhz Ali Baş Komandanın sayəsində həyata keçirilir. Bir qisim erməni separatçı tör-töküntülər isə xunta rejiminə və yaxud Rusiya sülhməramlı missiyasına arxayın olaraq Azərbaycan ərazilərində qalırlar. Rusiya sülhməramlı missiyası oradan çıxandan sonra separatçılar da qalmayacaqlar. Yəni bu gün Qarabağda erməni terrorçularının qalıqlarının bizə qarşı fəaliyyətlərinə dəstək olan, yüklərin, təbii sərvətlərimizin, həmçinin silah-sursatların daşınmasında onlara zəmanət verən məhz Rusiya sülhməramlı kontingentidir. Laçında sərhəd-keçid məntəqəsinin qurulmasında əsas səbəb də məhz Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərimizə Hindistandan, İrandan və digər dövlətlərdən silah-sursat daşınmaları olub.

Digər tərəfdən, ermənilər V.Xaçaturyanın saxlanılması məsələsini humanitar hüquqlarla əlaqələndirməyə çalışırlar. Azərbaycana təzyiq göstərmək üçün guya “onların hərəkət etmək azadlığının bloklanması” kimi həmin məsələni İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müzakirəyə çıxartmaq istəyirlər. Ermənistanın bu iddialarının da yalan olduğu hər məqamda özünü göstərir. Belə ki, aprelin 23-dən – sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən indiyədək Qarabağın 2 mindən çox sakini, o cümlədən xəstə insanlar Ermənistana asan şəkildə gedib-gəlib. Həmin xəstələri də Azərbaycan həkimləri yoxlayırlar. V.Xaçaturyan həbs olunan gün 680 nəfər xəstə adı ilə Qarabağdan Ermənistan istiqamətinə keçmək istəyirdi. Nəticədə ümumilikdə 2 min nəfərin arasında yalnız bir nəfər saxlanıldı. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, bu gün Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş 500 nəfər yaşayır. Həmin şəxslər Laçındakı sərhəd-keçid məntəqəsinə gələcəkləri halda saxlanılaraq Bakıda qanun qarşısında cavab verəcəklər.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər