Siyasət 

Radikal və destruktiv qüvvələrə sağlam siyasi sistemdə yer yoxdur

Tərəddüd etmədən deyə bilərik ki, ölkədə son bir ilin siyasi həyatının ən əlamətdar hadisəsi məhz “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul olunmasıdır. Bəzi nəzəri mülahizələrə görə siyasi sistemin əsas institutu olan siyasi partiyaların inkişaf səviyyəsi ölkənin siyasi durumunu xarakterizə edən əsas meyarlardan biridir. Prinsipial olaraq diqqətinizi məhz “partiyaların inkişaf səviyyəsi” ifadəsinə yönəltmək istərdik. Nəzəri kontekstdə konkret bir ölkədə mövcud olan siyasi partiyaların sayı əsla həmin ölkənin siyasi sisteminin keyfiyyət göstəricisi sayıla bilməz. Əksinə, siyasi tarix onu isbat edir ki, bir ölkədə çoxlu sayda zəif partiyaların mövcudluğu həmin ölkənin siyasi sistemini olduqca həssas və kövrək edir.

Ölkədə çoxlu sayda zəif partiyaların mövcudluğu faktı digər neqativ təzahürlərə səbəb olmaqla yanaşı, ölkənin siyasi sisteminin qapısını xarici müdaxilələr üçün açan açardır. Sözügedən məsələ isə bilavasitə milli təhlükəsizlik məfhumu ilə kəsişir. Milli dayaqları olmayan təxribat və manipulyasiya aləti kimi istifadə olunan partiyalar yalnız “vəhşi” demokratiyanın göstəricisi ola bilər. Bu mənada radikal və destruktiv partiyalar sağlam siyasi sistemin yırtığı hesab olunur. Odur ki, bu cür məsələlərdə güzəştlər və səhvlər bağışlanmaz fəsadlara gətirib çıxarda bilər. Milli təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərdə isə dövlət tərəfindən sərt mövqeyin sərgilənməsi labüddür.

Qısa müddət ərzində müşahidə etdiklərimizə istinadən deyə bilərik ki, siyasi təsisatlar üçün minimal fəaliyyət meyarlarını müəyyən edən yeni Qanun qüvvəyə minən kimi partiyaların bütün eyibləri və boşluqları dərhal üzə çıxdı. Cəmiyyət üçün bəzi partiyaların “pas bağladığı” və onların fəaliyyətinin yalnız Qərbin qrantlarını həzm etməkdən ibarət olması aydın oldu. Bəzi partiya nümayəndələrinin demaqogiyası da elə məhz həmin qrantların icrasının praktiki təzahürüdür.

Əlamətdar simptomlardan daha biri yeni Qanun qüvvəyə minəndən sonra radikal düşərgədə “didişmələr”in artması və partiyalarda kütləvi istefaların başlanması oldu. Mətbuatda olan məlumatlara əsaslansaq istefaların artıq siyasi partiyaların gündəlik təcrübəsinə çevrildiyini görərik. Əlbəttə, mövcud tendensiya gözlənilən idi. Onu da nəzərə almaq lazımdır ki, sağlam mühit olmayan yerdə ayrılıqlar da olduqca ağrılı və müxtəlif fəsadlarla cərəyan edir. Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni Qanunun tətbiqi ilə bağlı müşahidə olunan əlamətdar simptomlar mövzusunu inkişaf etdirsək, partiyadaxili didişmələr nəticəsində partiyanı ilk növbədə azsaylı sayda olan ziyalıların tərk etməyə başladığını deyə bilərik. Heç şübhəsiz, mövcud halın əsas səbəbi bütün eybəcərliklərin ifşası və partiya sədrlərinin irrasional mövqe sərgiləməsidir. Onsuz da faciəvi şəkildə məhdud kadr potensialına malik olan radikal partiyalardan bu cür qopmaların baş verməsi həmin partiyaların intellektual cəlbediciliyinə son qoymuş olur.

Daha bir önəmli məsələyə mütləq olaraq toxunmaq lazımdır. Belə ki, xain və təxribatçı mövqedən çıxış edən radikal siyasi partiyaların destruktiv fəaliyyəti müəyyən potensiala malik olan konstruktiv və rasional partiyalarının fəaliyyətinə kölgə salmış olur. Qeyd olunan tendensiyanı ən azından sosial şəbəkələrdə yazılan şərhlərdən müşahidə etmək olur. Siyasi münasibətlərin sağlamlaşdırılmasını istəməyən qüvvələr süni gərginlik yaratmaq üçün bu cür hallardan istifadə edə bilər. Bu cür qərəzli manipulyasiyalara uymaq radikalların və onların havadarlarının oyununu oynamaq deməkdir.

Sağlam siyasi partiyalar mütləq olaraq cəmiyyətin mobilliyini təmin edən əsas amil və zəmanət olmalıdırlar. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan islahatların fəlsəfəsi də məhz qeyd olunan strateji hədəfə xidmət edir. Unutmayaq ki, yaşadığın və vətəndaşı olduğun dövlətə faydalı olmaq yolu yalnız onun yanında olmaqdan keçir.

A.Adil,
politoloq

Daha çox xəbərlər