Saxta “humanitar fəlakət” şousu
Qərəzli bəyanatlar, siyasi şantaj və manipulyasiya keçməyəcək: Hamı yeni reallığı qəbul etməlidir!
Postmünaqişə dövrünün əsas reallıqlarından biri bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Prezident İlham Əliyevin “10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik» çağırışı sülh təklifinin edildiyi zamandan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajla bərabər, dərs oldu. 30 ildə xalqımızın başına gətirilən faciələr azmış kimi hələ postmünaqişə dövründə də sülh müqaviləsini imzalamamaq, vaxt qazanmaq üçün Azərbaycan-Ermənistan sərhədində erməni silahlı birləşmələrinin təxribatlar törətmələri, itkilərə səbəb olmaları, həmçinin “humanitar vəziyyət”, “blokada” kimi heç bir əsası olmayan təbliğatları dünyanı niyə narahat etmir? Əksinə, bəzi güclər, beynəlxalq qurumların nümayəndələri Ermənistanın “humanitar fəlakət” kimi şoularına dəstək olmaqla vəziyyəti gərginləşdirməyə çalışırlar.
Bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanatı ölkəmiz tərəfindən sərt reaksiya ilə qarşılandı. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı dərhal cavablandıraraq bildirdi ki, 30 ildə Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur. Bununla yanaşı, həmin şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında müharibə ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdiyini, Ermənistanın kapitulyasiya aktına imza atmağa, işğalçı dövlətin öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildiyini önə çəkərək bu çağırışları etmişdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul tarixli Fərman ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaratmışıq. Cənab İlham Əliyev BMT tribunasından belə bir çağırışı da etmişdi: “Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram.” Onu da qeyd edək ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Rusiya və ABŞ-ın təşəbbüsləri ilə keçirilən görüşlərdə də «Dağlıq Qarabağ», «ATƏT-in Minsk qrupu» ifadələri işlədilmir. Artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Buna görə də beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin ekspert və xüsusi məruzəçiləri də Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmalıdırlar.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən bəyanata cavabında o da qeyd edilir ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb. Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib.
Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edir. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Hadisələrin təhlili göstərir ki, ermənilərin əraziyə girişin guya bloklaması, “humanitar fəlakət” barədə iddiaları siyasi şantaj və manipulyasiyadır. Azərbaycan hazırda bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürür. Təbii ki, bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək.
Son iki ildən artıq dövrdə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə görərik. Diqqət çəkən məqamlardan biri də budur ki, həmin güclər, beynəlxalq təşkilatlar Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir, sülh müqaviləsinin imzalanması üçün üzərlərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Buna əmin olmaq üçün hazırda müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə əldə olunan nəticələrə diqqət yetirmək kifayətdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin Rusiya və ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəkləyib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda konkret məqam yetişəndə hələ də tərəddüd etdiyini gizlədə bilmir. Dövlət başçısı İlham Əliyev xarici media nümayəndələrinin iştirakı ilə keçirilən Şuşa Qlobal Media Forumundakə çıxışında bu məqama xüsusi diqqət yönəltdi. Bildirdi ki, hazırda hamı yeni reallığı nəzərə almalıdır. Çünki 30 illik işğal, dağıntılar dövrünü, həmçinin İkinci Qarabağ müharibəsinin reallıqlarını qəbul etmədən məsələnin həllini düşünmək mümkün deyil. Lakin hazırda beynəlxalq vasitəçilərin səyləri kifayət deyil: «Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır.»
Bu gün Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən güclər yaxşı olardı ki, bu reallığı məhz 30 illik işğal dövründə bildirərdilər. Bu, sözsüz ki, Ermənistana sanksiyaların tətbiqi, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT qətnamələrinə hörmətin edilməsi tələbi ilə müşaiət olunacaqdı. Amma o zaman həmin güclər susmağa, daha dəqiq desək, Ermənistana dəstək olmağa üstünlük verdilər. Ədaləti, beynəlxalq hüququ maraqlarına qurban verməklə, hər zaman qeyd etdiyimiz kimi, dünyada etimadsızlıq mühiti yaratdılar. Bu isə ona gətirib çıxardı ki, Azərbaycan məsələni özü həll etmək qərarına gəldi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması, dünyanın yenə də seyrçi mövqedə dayanması Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Başlanan əks-hücum əməliyyatı tarixi Zəfərimizlə başa çatdı.
Bu gün qürurla qeyd etdiyimiz reallıqlardan biri budur ki, Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq. Bu uğurların əsasında dövlət başçısı İlham Əliyevin fikirlərinə istinadən qeyd etdiyimiz kimi, Azərbaycanın gələcəklə bağlı konkret gündəliyinin olması durur.

