Gündəm 

Qərbsayağı missiya

Artıq neçə aydır ki, Ermənistanda ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının (Aİ) yeni missiyası fəaliyyət göstərir. Halbuki bu missiyanın Ermənistana göndərilməsi mahiyyət etibarilə heç bir zərurətdən irəli gəlmirdi. Həmin missiya Qərbə, xüsusilə bu məsələdə daha canfəşanlıq edən Fransaya çox lazım idi. Sərhəddəki durumu müşahidə altında saxlamaq, Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaq adı ilə fəaliyyətə başlayan bu missiya elə ilk gündən Ermənistanın şərti dövlət sərhədində törətdiyi təxribatları Azərbaycanın ayağına yazmaqla və bununla da beynəlxalq aləmdə ölkəmizə qarşı qərəzli mövqe formalaşdırmaqla məşğuldur. Yəni, bu missiya sırf Ermənistanın maraqlarına xidmət edir.

Hətta bu missiya artıq Hayastanın hansısa bir qeyri-hökumət təşkilatı kimi hadisələrə reaksiya verir. Məsələn, bir neçə gün öncə Aİ missiyası Laçın yo­lunun girişində Ermənistan qoşunlarının yerdəyişməsi və cəmləşməsinin qeydə alınmadığını bəyan edərək, faktiki olaraq sərhəddə qoşunların toplaşması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) real faktlar əsasında hazırladığı bəyanatını təkzib etməy cəhd göstərib. Sual olunur: görəsən, həmin missiyaya Azərbaycan XİN-in bəyanatını təkzib etmək səlahiyyətini kim verib?

Bu missiya özünü görməməzliyə, əgər belə demək mümkünsə, korluğa vurmağı da bacarır. Məsələn, iyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsində ermənilər tərəfindən azərbaycanlı sərhədçiyə atəş açılan zaman bu missiya demək olar ki, səsini belə çıxarmadı. Halbuki hadisə sərhəddə baş vermişdi.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də bu missiyanın adından çıxış edir. Belə ki, işğalçı ölkənin Müdafiə Nazirliyi avqustun 15-də saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində patrul aparan Aİ müşahidəçilərini və onların avtomobilini, guya, odlu silahlardan atəşə tutduğunu bəyan edib. Hayların bu yalanı elə Aİ-nin müşahidə missiyası tərəfindən təkzib edilib. Amma bir qədər sonra  erməni konyakı bu “missionerləri” necə cuşə gətiribsə missiya yeni açıqlama ilə çıxış edib. Onların budəfəki açıqlaması isə belə olub: “Biz təsdiq edirik ki, Avropa İttifaqının Ermənistanda­kı missiyasının patrulu bizim məsuliyyət zonamızda baş verən atışma hadisəsi za­manı orada olub. Missiyanın heç bir üzvü zərər çəkməyib”. Buna rəğmən, Fransa Xarici İşlər Nazirliyi bu “insidentdən” öz maraqları naminə istifadə etməyə çalışıb. Bu belə təxribatların Aİ missiyası ilə Ermənistan Müdafiə Nazirliyinin birlikdə düzüb-qoşduqlarını bir daha təsdiq etmirmi?

Şübhəsiz, əsasən Fransanın dominantlıq etdiyi bu missiya ölkəmizin “vəhşi” obrazını “əyani misallarla” canlandırmağa, ərazidə baş verənlər haqqında birtərəfli qaydada bəyanatlar verməklə 30 illik işğalçılıq tarixinə malik Ermənistanın bugünkü fəaliyyətlərinə haqq qazandırmağa çalışır. Yəni, Aİ-nın bu missiyası sülhə və təhlükəsizliyə deyil, qarşıdurmaya və təxribata yönəlmiş fəaliyyətə üstünlük verir.

Qərbin bəzi dairələri  də fəaliyyətlərində, daha doğrusu, Azərbaycan əleyhinə mübarizələrində kor-koranə bu cür dezinformasiyalara istinad edirlər. Elə son günlər müxtəlif qurumların Azərbaycana qarşı səsləndirdikləri bəyanatlarda bu missiyanın “müşahidələrinə” əsasən salınan izlər aydın görünməkdədir. Bu isə açıq-aydın sübut edir ki, Qərbin siyasi dairələri və onların diktəsi ilə oturub-duran  beynəlxalq təşkilatlar bu kimi missiyaların sayəsində beynəlxalq hüquq üzərindən manipulyasiyalarla məşğuldurlar. Şübhəsiz, bütün bu vasitələr Qərbə Azərbaycanı təsir altında, eləcə də  Cənubi Qafqazda gərginliyi saxlamaq, sülh danışıqlarına mane olmaq, reinteqrasiya prosesini əngəlləmək üçün lazımdır. Bu mənada Avropa İttifaqının missiyası  faktiki olaraq özünün qərəzli və şantajçı mövqeyi ilə təcavüzkar Ermənistanın saxta informasiya daşıyıcısı funksiyasını ustalıqla yerinə yetirməkdədir.

Aİ-nin missiyasının mövcudluğundan asılı olmayaraq, Azərbaycan erməni təxribatlarının qarşısı­nı əzmlə alır və bununla da öz təhlükəsizliyini təmin etmək üçün lazımi qətiyyəti sərgiləməyə qadir olduğunu göstərir. Bu mənada heç bir qüvvə Azərbaycanı öz haqq işi uğrunda mübarizədən çəkindirmək iqtidarında deyil. Elə avqustun 16-da BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə Ermənistanın  və Qərbin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün apardıqları təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyanın uğursuzluğa düçar olması faktı bunu bir daha təsdiq edir. Bununla da Ermənistanın və onun havadarlarının beynəlxalq səviyyədə manipulyasiyaları davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırması bir daha sübut olunub.

Qeyd edək ki, Aİ-nin Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi 2022-ci ilin  oktyabrında Praqa görüşündə gündəmə gəlmişdi. O zaman  Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi. Sonrakı mərhələdə ermənipərəst Fransa “bacısı” Ermənistana yardım məqsədilə missiya ilə bağlı çərçivələri pozdu. Nəticədə Azərbaycanın razılığı alınmadan Ermənistana ikiillik missiya göndərmək qərara alındı. Bu missiyanın əsl missiyası isə artıq özünü göstərməkdədir…

Daha çox xəbərlər