Gündəm 

Erməni kilsəsi: Dini-etnik ekstremizm yuvası

Ermənistan hakimiyyətinin sülhdən uzaq mahiyyətini doğuran amillərdən biri də erməni kilsəsidir. Kilsə uzun müddət dövlətçiliyi olmayan ermənilərin sıx birləşməsində xüsusi rol oynayıb. Erməni kilsəsi təkcə dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərə baş vurub.

Xatırladaq ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir – Erməni qriqoryan kilsəsi və Erməni apostol kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində şonquyur.

Erməni qriqoryan kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinin başçısı isə katalikos I Aramdır. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir. Bəzi məlumatlara görə, Eçmiədzindəki katolikosla Kilikiyada katalikos arasında ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Bunlardan əlavə, erməni kilsəsinin daha iki muxtar patriarxatı da mövcuddur ki, bunlar İstanbul və Qüdsdə yerləşir.

Qüds və İstanbul patriarxları arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxlığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.

Qeyd edək ki, “erməni dövləti” fikirini ortaya atanlar məhz erməni kilsəsi və erməni ruhanilər olub. Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırlar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir. Kilsə xadimlərinin səyi nəticəsində müxtəlif ölkələrdə bir çox erməni məktəbi açılıb. Bir çox erməni kilsə xadimləri ermənilərin terror fəaliyyətini qınamaq əvəzinə, ona bəraət qazandırır. Xatırladaq ki, Azərbaycan və Ermənistan lidelərinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşündən əvvəl Eçmiədzin kilsəsinin ali ruhani şurası deyilən, din pərdəsi altında gizlənən ekstremist yığını belə bir bəyanat yaymışdı: “Biz Ermənistan hakimiyyətini güzəştli mövqelərindən əl çəkməyə, qətiyyət nümayiş etdirməyə və artsax xalqının öz doğma torpaqlarında müstəqil, təhlükəsiz və ləyaqətli həyatın təminatına çevriləcək vəziyyətin həllini əsaslı şəkildə təmin etməyə çağırırıq”.

Bu azğın fikirlər Eçmiədzin kilsəsinin bəyanatının ana xəttini təşkil edirdi. Sənəddə, həmçinin Qarabağda humanitar vəziyyətin guya ağırlaşdığı, Azərbaycanın davamlı antierməni fəaliyyət həyata keçirdiyi və bölgənin tam blokadası nəticəsində yerli əhalinin vəziyyətinin çətinləşdiyi də vurğulanırdı.

Təəssüf ki, bu kampaniyalar yeni deyil. Belə ki, tarix boyu erməni kilsəsi erməni avantürizminin ideoloji ruporu rolunda, ilhamvericisi qismində çıxış edib. Yaxın keçmişin hadisələrini izləsək görərik ki, erməni kilsəsi Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ savaşı zamanı da təxribatçı mövqe tutdu. Dini idarənin dərin əsaslı çağırışının sülhə söykənməli olduğu halda, Eçmiədzin qisas və işğal toxumları səpdi. 44 günlük müharibə dövründə sosial şəbəkələrin erməni seqmentini əlində avtomat tutmuş erməni din xadimlərinin, keşişlərin şəkilləri bəzədi.

Bu da təsadüfi deyil, Ermənistanla Azərbaycan arasında yaşanan bütün münaqişələrin başında və sonrakı inkişafının mərkəzində hər zaman erməni kilsəsi dayanıb. Tarixə nəzər salsaq Azərbaycana qarşı düşmənçiliyin, Qarabağda həyata keçirilən qırğınların, 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı həyata keçirilən vəhşiliklərin önündə bu kilsənin getdiyini sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəriyyətinin, xüsusilə də erməni qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanmış və həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin – Üçkilsə oynayıb. Daha əvvəl Divin, Ani, Rumkale və Sis regionlarında fəaliyyət göstərən Eçmiədzin sonradan hazırkı yerinə, yəni İrəvan yaxınlığındakı eyniadlı yerə köçüb. Erməni mifinə görə, bu yeri Həzrət İsa (ə) təyin edib. Erməni kilsəsi Roma kilsəsinin hakimiyyətini və Xalkedon məclisinin qərarlarını qəbul etmir. Monofizit, yəni Həzrət İsanı (ə) ilahiləşdirirlər. Erməni kilsəsi uzun bir dövr ərzində ermənilərin yeganə dini və siyasi təşkilatı olub. Erməni dövləti ideyası da kilsədən gəlir. Baxmayaraq ki, dövlət olmadığı dövrdə hakimiyyəti məhz kilsə həyata keçirib. Bir çox tarixçilərə görə, erməni millətini də yaradan kilsə olub. Yəni, ermənilik etnik amildən daha çox dini məna daşıyır və kilsə ilə sinxrondur. Erməni tarixçisi H.Pastırmacıyan bunu belə ifadə edir: “Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı vücuddur”.

Aydındır ki, kilsə dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında fəal rol oynayan qurumdur. Erməni diasporu kilsənin qəbul etdiyi qərarları hər zaman böyük həvəslə icra edib və etməkdədir. Onların Azərbaycanın və azərbaycanlıların ünvanına səsləndirdikləri şər-böhtanların, uydurmaların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiyaya digər səmavi dinlərin heç birində rast gəlinmir. Erməni din xadimləri isə xalqımıza qarşı düşmənçilik siyasətinin başında dayanırlar.

Qeyd edək ki, bu günlərdə katolikos I Aram Ermənistan hakimiyyətinə Azərbaycanla danışıqlar aparmaq üçün vahid qurum yaratmağı təklif edib. İlk növbədə onu qeyd edək ki, erməni baş keşişinin söylədikləri indiyədək keçilmiş yolun kobud təzahürüdür. Aydındır ki, tarix boyu kilsə erməni rəhbərlərini başkəsənlərini, canilərini motivasiya edib.  Keşişin oyunbazlığı isə Azərbaycan – Ermənistan danışıqlarına müdaxilə üzərində köklənib.

Kilsəni də Azərbaycanla danışıqlar prosesinə daxil etmək istəyən keşiş hələ 2019-cu ilin mayında həmin vaxt işğalda olan Qarabağı Ermənistana birləşdirməyi təklif etmişdi. I Aram 2019-cu ildə demişdi ki, Qarabağ işğal olunmuş ərazi deyil, erməni qəhrəmanlarının qanı ilə qaytarılmış doğma torpaqdır: “Bütöv və vahid Ermənistan vizyonunun reallaşması Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”.

İndi isə o, Ermənistan rəhbərliyinə təklif edir ki, özünü 44 günlük müharibədə məğlub saymasın, sülhə nail olmaq üçün Azərbaycanla danışıqlara getməsin. “Ümumiyyətlə, danışıqlarda Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutan istənilən yanaşma rədd edilməlidir” – deyən I Aram bildirir ki, bölgənin təhlükəsizliyinin və müstəqilliyinin təminatı üçün onun öz müqəddəratını təyin etməsi əsasdır. Buna görə Azərbaycanın ərazi bütövlüyünün tanınacağına dair vədlər yolverilməzdir. Onun fikrincə, Bakı ilə danışıqlar prosesində iqtidardan, müxalifətdən, diaspor nümayəndələrindən, zəngin siyasi və diplomatik təcrübəyə malik insanlardan ibarət struktur yaradılmalıdır. Guya bu struktur Azərbaycanla tamamilə fərqli üslubda, fərqli yanaşmalarla danışıqlar aparmalıdır.

Göründüyü kimi, erməni kilsəsinin həyasızlığı artıq Ermənistan hakimiyyətinin abırsızlığını arxa plana keçirməkdədir. I Aram həmin həyasızlığın pik nöqtəsində dayanır. Bu yırtıcı erməni keşiyinin canından çıxmayan şovinist-revanşist ideyaları körükləmək isə heç bir fayda verməyəcəkdir.

Daha çox xəbərlər