Hərbi təxribatlar Ermənistana baha başa gələcək
Bu günlərdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun bölmələrinə qarşı növbəti terror-təxribat fəaliyyətlərini həyata keçirməyə cəhd ediblər. Belə ki, onlar Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırmaqla ordumuzun mövqeləri istiqamətində yeni təhlükə mənbəyi yaratmağa çalışıblar.
Ordumuzun bölmələri isə onların bu təxribatlarını cavabsız qoymayıb. Belə ki, döyüşün mövqelərimizin təhlükəsizliyini təmin etmək məqsədi ilə avqustun 21-də qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Hazırda hərbçilərimizin bu istiqamətdəki fəaliyyətləri davam etdirilir”.
Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür və məlumatda bildirilir ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında bir müddətdir sülh danışıqları prosesinə hazırlıqların getdiyi zamanda Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə hələ də sülhə dair verdiyi bəyanatlarında səmimi deyildir. Anlaşılan odur ki, bu işğalçı ölkə ilə yalnız güc yolu ilə danışmaq lazımdır. Əks təqdirdə məğlub ölkə havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çəkməyəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə ay əvvəl Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində birmənalı olaraq bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər: « Burada Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır».
Burada haqlı suallar yaranır: Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda niyə sülh müqaviləsinin imzalanması prosesində spekulyasiyaya yol verir? Eyni zamanda, Ermənistan ordusunun sərhəddəki hərbi təxribatları niyə hələ də davam edir?
Aydın görünür ki, Nikol Paşinyanın Avropada ölkəmizin ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanatla son günlər sərhədlərimizdə baş verən hərbi təxribatlar bir-biri ilə uzlaşmır. Məhz bu məqamları nəzərə alaraq demək olar ki, Paşinyanın xaltası hələ də özgələrin əlindədir. Bu səbəbdəndir ki, o, sərbəst siyasət yürüdə, qətiyyətli mövqe sərgiləyə bilmir. Ona görə də Ermənistan forpost ölkə olmaq statusundan qurtula bilmir. Bu, Nikolun sələfləri zamanında da belə olub, indi də belədir. Halbuki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə ölkəsi naminə heç kimdən asılı olmayan müstəqil siyasət yürüdəcəyinə və ölkəsini forpostluqdan çıxaracağına söz vermişdi. Amma alınmır ki, alınmır…Görünür, bu önəmli məsələləri həll etmək üçün hələ də Ermənistanda lider qıtlığı davam edir.
Bəli, bu gün ermənilər bu reallığı dərk etməlidirlər ki, davam edən bu təxribatlar ölkələrinə heç də yaxşı gələcək vəd etmir. Çünki əgər növbəti müharibə başlasa Ermənistanın bir dövlət kimi çöküşü qaçılmazdır.

