Türk dünyasına çağırış: Qarşılıqlı dəstək və həmrəylik əsasdır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq istəyi birliyimizin daha bir nümunəsidir
“Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.” Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı da etmişdir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.”
Bu ilin mart ayında isə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü qardaş Türkiyədə keçirildi. Məlum olduğu kimi tədbirin Qarabağın tacı Şuşada keçirilməsi planlaşdırılmışdı. Lakin dövlət başçısı İlham Əliyev dost,qardaş ölkədə bu ilin fevralında baş verən dəhşətli zəlzələdən sonra Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünü irəli sürdü. Təbii ki, bu mühüm addım türk dünyasının birliyinə xidmət edən addım kimi dəyərləndirildi. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ümumi rəyi əsasında Zirvə görüşünün məhz qardaş Türkiyədə keçirilməsi barədə qərar qəbul edildi. Azərbaycan və Türkiyə hər zaman bu birliyin möhkəmlənməsində maraqlı olub və bu istəklərini verdikləri töhfələri ilə təsdiqləyirlər. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə ötən il Türk Dünyası Ali Ordeninə layiq görülməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə diqqəti bu mühüm məqama yönəldərək bildirmişdir ki, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir: “Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.”
Qeyd etdiyimiz kimi, Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəylik nümunəsi kimi tarixə yazıldı. Faydalı, beynəlxalq və regional əhəmiyyətli təşəbbüsləri, çağırışları ilə fərqlənən, Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşünün Türkiyədə keçirilməsi qardaş ölkəyə siyasi, mənəvi dəstək oldu. «Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusuna həsr edilən, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü Türk Dşvlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platforması kimi dəyərləndirildi. Zirvə görüşündə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törədilən dağıntılardan, erməni vəhşiliyindən, vandallığından bəhs edən dövlət başçımız işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyənin şirkətlərinin iştirakını da qardaşlıq köməyi kimi qiymətləndirdi. Eyni zamanda, işğal dövründə erməni faşistlərinin, terrorçularının törətdikləri cinayətləri diqqətə çatdırdı. Bu gün də davam edən «mina terroru» nəticəsində həlak olan 300-ə yaxın azərbaycanlının faciəsini milli kədərimiz adlandırdı. Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozmasını, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməməsini türk birliyinə qısqanclıq kimi dəyərləndirdi.
İkinci Qarabağ müharibəsindən sonra Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşa, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfərləri, Özbəkistanın himayəsi ilə Füzuli rayonunda tikilən məktəb, Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzi türk birliyinin həmrəyliyi kimi diqqətə çatdırıldı. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası ilə bağlı zəmanət mexanizminin əhəmiyyəti vurğulandı. Prezident Rəcəb Tayyib Ərdoğanın Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə həmkarı İlham Əliyevə ünvanladığı «Qardaşlığın təzahürü olan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə İlham qardaşıma və onun şəxsində Can Azərbaycana bir daha təşəkkürümü bildirirəm» sözləri qardaş sevgisinin, etimadının təzahürü kimi diqqətdə oldu. O da məlumdur ki, Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olundu, mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı. «Türk dünyasına baxış: 2040» sənədinə uyğun olaraq Türk Dövlətləri Təşkilatı regionda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyi ilə bağlı vəzifələr müəyyənləşdirdi. Bəyannamədə türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqi yüksək qiymətləndirildi. Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanlar diqqətə çatdırıldı.
Bunları qeyd etməkdə məqsədimiz tarixi Zəfərimizdən sonra türk dünyasının daha sıx birləşməsinin prioritet olduğunu, bütün türk dövlətlərinin bu həmrəyliyə töhfə vermək üçün səylərini daha da artırdıqlarını bir daha diqqətə çatdırmaqdır. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, gücümüz birliyimizdədir. 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin şahidinə çevrilən dünya hazırda bu həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür. Dövlət başçısı İlham Əliyev bərpa işlərinə başlanan gündən bu çağırışı etdi ki, biz bu prosesdə bizə dost ölkələrin də iştirakını istəyirik. Reallıq budur ki, dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin timsalında ümumilikdə türk dünyasının birliyini görür. Bu günlərdə dünya BMT Təhlükəsizlik Şurasının Ermənistanın əsassız müraciəti əsasında keçirdiyi müzakirələrdə də Azərbaycan-Türkiyə qardaşlığının şahidinə çevrildi. Daim ədalətin, beynəlxalq hüququn yanında olan iki qardaş ölkə ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətə son qoyulmasının vacibliyini bəyan edir.
Günümüzün əsas reallığı budur ki, türk dünyası birdir, həmrəydir. Bunu türk dövlətlərinin başçılarının qarşılıqlı səfərləri, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan çoxsaylı sənədlərin imzalanması da təsdiqləyir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizdə rəsmi səfərdədir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri inamla qeyd edə bilərik ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqlarının ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu fakt da daim diqqətə çatdırılır ki, Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Liderlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ulu Öndər və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə “Daşnaksutyun” partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılaşma əldə olunub.
Özbəkistan hər zaman keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Artıq bu istəyin reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır.
Reallıq budur ki, hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri münasibətlərimizdə yeni bir səhifədir. Səfərin gündəliyi zəngindir. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri əsasdır. Səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin müxtəlif sahələr üzrə inkişafında yol xəritəsi olacaq. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əlaqələrin inkişafının zəruriliyi məsələsi də səfərin gündəliyində əsas yer tutur.
Son üç ilə yaxın dövrün qürurverici hadisələrindən biri də budur ki, işğaldan azad edilmiş ərazilərimiz mütəmadi olaraq qonaqlarını qarşılayır. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərindən bəhs edərkən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdir. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Atılan hər bir addım münasibətlərin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Türk dövlətləri arasında əlaqələrin inkişafı ümumilikdə türk dünyasının həmrəyliyinə xidmət edir.

