Cəmiyyət 

Qab-qacaqlar insan materialından hazırlanmalıdır – Çini Qablar Zavoduna “OL!” deməyin vaxtıdır

Ölkənin qərb bölgəsində yerləşən, vaxtilə 2500-ə yaxın işçinin çalışdığı, məşhur Çini Qablar Zavodunun bugünkü vəziyyəti ürəkaçan deyil. 1970-ci illərin əvvəllərində açılan məşhur Gəncə Çini Qablar Zavodu 26 il fəaliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla məşhurlaşıb. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır. Zavodun istehsalı olan məhsullar hələ də bəzi evlərdə istifadə edilir.

Millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirib ki, əvvəlki dövrə nisbətdə Azərbaycanda çini qablara olan tələbatın azalması müşahidə olunur:

“Daxili bazarda son illər qablara olan tələb təmiz aşağı düşüb. Bu xüsusən də istehlak yanaşmasının dəyişməsi ilə bağlıdır. Bir sıra ölkələrdə bu məhsullara maraq yüksəkdir. Məqsədəuyğun olar ki, əvvəla həmin məhsulun yenidən işə salınması üçün dövlət tərəfindən güzəştli kredit formasında maliyyə dəstəyi həyata keçirilsin. Çünki bu tip müəssisələrin yenidən bərpa edilməsi vəsait tələb edir. Güzəştli vəsaitlərə ehtiyac var ki, sahibkar həmin müəssisənin yenidən işləməsinə maraqlı olsun”.

Deputat həm ölkəmizdə, həm də xarici bazarların araşdırılmasının vacibliyini diqqətə çatdırıb:

“Xüsusən də ixrac imkanlarının müəyyənləşdirilməsi, ixrac bazarlarının tapılmasına ehtiyac var ki, məhsullar ixrac olsun. Daxili bazarda tələb olmadığı müddətcə belə müəssisələrdə istehsalı uzun müddət qoruyub saxlamaq mümkün deyil. Ona görə də yeni ixrac bazarının tapılması, istehsalın bərpa edilməsi və ixracın həyata keçirilməsi daha məqsədəuyğun olardı”.

Qida üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, “Qurani-Kərim”də insanın gildən, palçıqdan yaradıldığı yazılır:

“Hər bir şey torpaqdan yaranır. İnsan orqanizmi üçün ən uyğun olan da budur. Gil qablarda bişən yeməklərdə xüsusi bir ləzzət, qoxu ortaya çıxır. Bu qabların tərkibində olan turşuların PH-ı tənzimlənir. İnsan orqanizmi üçün daha faydalıdır. Həmçinin bu qabların digər qablardan çox fərqlənir. Adi hansısa tava və ya qazanda yemək bişirəndə biz ona yağ tökürük, lakin gildən hazırlanan qablarda bu lazım olmur. Bu qablarda bişən yeməklərin özləri də sağlamlıq üçün çox xeyirdir. İnsan materialından hazırlanan bir məhsulun insana yalnız xeyri ola bilər”.

Mütəxəssis vurğulayıb ki, insanlar torpaqdan ayrılmamışdan öncə saxsı qablardan ayrıldı:

“Bütün hər bir şeyimiz torpaqla bağlı olmalıdır. Əgər yediyimiz qidaların və istifadə etdiyimiz əşyaların torpaqla bağlılığı yoxdursa, o zaman kimyəvi tərkibimiz get-gedə dəyişir. Bu zaman müxtəlif tip xəstəlikləri ortaya çıxarır. Hansı ki həmin xəstəliklər bu günümüzün ən aktual xəstəlikləri içindədir. Bütün bunların bir səbəbi var, insan torpaqdan uzaqlaşır”.

Marketoloq Bəylər Əlizadə qeyd edib ki, hazırda çini qablar, qədim dövrə aid məhsullar niş, yəni müştərisi az olan bazarlarda satılır:

“1996-cı illə 2023-ci il arasında ciddi bazar və müştəri davranışı fərqi var. Bu elə məhsul kateqoriyasına aiddir ki, bazara qayıdan kimi satmaq mümkün deyil. Hazırda onsuz da öz bazarında və kiçik mağazalarda da olsa, satılır. Lakin məhsulun təbliğatını müxtəlif yollarla aparmaq olar. “Biz qayıtdıq” mesajı verərək həm yeni məhsulu, həm də 25 illik tarixini əks etdirən videoçarx çəkib, sosial media hesablarında reklama qoymaq olar. İçəri şəhər, Şərq Bazarı və ya araşdırıb digər yerlərdə olan mağazalarla əməkdaşlıq edib, onlara məhsul vermək və məhsulları onların əli ilə satmaq mümkündür. “ABAD”la əməkdaşlıq da uğurlu olar. Veb sayt açıb məhsulları veb sayt üzərindən satmaq da mümkündür. Sayt 4 dilli (Azərbaycan, ərəb, rus, ingilis) olmalıdır ki, turistlər də ala bilsin. Digər variant kimi bir günlük sərgi yaradıb, keçmiş müştəriləri dəvət etməklə belə kiçik layihə hazırlamaq olar”.

QEYD: Əsas tərəfin, yəni “Gəncə Çini Qablar” ASC-nin mövqeyini öyrənə bilmədiyimizə görə, zavodun yenidən fəaliyyətə başlaya bilmə ehtimalı barədə bir söz deməkdə çətinlik çəkirik.

Daha çox xəbərlər