Araik qu quşunun taleyini yaşayır
Qarabağdakı haylar qulaqlarının dibində çalınan zurnanın səsini eşitmirlər
Qu quşu ölümü yetişəndə son dəfə bərkdən qıyya çəkir və özü öz boynunu sındıraraq intihar edir. Araik Arutyunyan hazırda qu quşunun son günlərini yaşayır. O, üç yolun ayrıcında qalıb, hansı yolla getmək istədiyini kəsdirə bilmir. Birinci yol İrəvana, oradan da Moskvaya qaçmaq, ikinci yol taleyin ümidinə qalmaq, üçüncü yol əllərini qaldırıb Bakıya təslim olmaqdır. Qaçmaq mümkün deyil, çünki Qarabağıb hava və quru yolları Azərbaycan Ordusunun nəzarətindədir. Laçın nəzarət-buraxılış məntəqəsindən keçməyi düşünmək belə axmaqlıqdır. İkinci yol da təhlükəlidir, nə vaxtsa ələ keçəcək. Bakıya təslim olmaq isə Araiki daha çox qorxudur. İllər boyu törətdiyi cinayətlərə görə cavab verməli və cəzasını çəkməlidir. Bunlar bir yana qalsın. Gündəlik gözlənilməz təhlükələr də başının üstündə Damokl qılıncı kimi asılıb. Hələlik bu üç yolun cadasında qalan Arutyunyan eyni zamanda ətrafında ona düşmən kəsilən haylarla boğuşmaqdadır. Gündə bir aldadıcı informasiya yaymaqla vaxtını ötüşdürür. Ancaq aydındır ki, belə “manevr”lərin də faydası yoxdur. Nəhayət, bir gün onlar da tükənəcək.
Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində isə proseslər sürətlə gərginləşməkdədir. Şübhəsiz, belə bir durumda Araik aradan çıxmağa çalışsa da bunun sərfəli yolunu tapa bilmir. Separatçıların rəhbəri Araik Arutyunyanın “istefa vermək” üçün “Ermənistanın da razılığını alması”, üstəlik, keçmiş quldurbaşılar da daxil olmaqla, guya Xankəndidəki səkkiz “nüfuzlu şəxsi” bununla bağlı məlumatlandırması gərginliyi daha da artırıb. Belə ki, bu “müzakirədən” sonra yayılan məlumatda guya “siyasi elitanın” Arutyunyanın istefa verməməsi üçün israr etdikləri iddia edilirdi.
Ancaq bu informasiyanın ardınca görüşdə iştirak edən Ruben Vardanyanın bəyanatı olayların üzərindən qara pərdəni götürdü. Vardanyan həqiqətən də “bosslarla” görüşün keçirildiyini təsdiqlədi, həmçinin Arutyunyanın istefa vermək niyyətini elan etdiyini də bildirdi. Ancaq Rubenin sözlərindən belə məlum olur ki, görüşdə Arutyunyana “qal” deyən olmayıb və yaxud böyük əksəriyyət onun “gedişini” dəstəkləyib. Yəni, Ruben Vardanyan bəyanatının sonunda Araiki növbəti dəfə yalan danışmaqda, “istefasını” elan edib yerinə yetirməməkdə ittiham etdi.
Bu açıqlamadan sonra proses pik həddə çataraq artıq silahlı müdaxilə mərhələsinə qədəm qoyub. Bunun üçün tərəflər hazırlıqlara başlayıblar. Belə ki, “Hraparak”ın yazdığına görə, Araik Arutyunyanın yaxın dostu olan Karen Matevosyanın başçılıq etdiyi “bir qrup milis” silahlanıb “artsax parlamenti”nə soxularaq David İşxanyandan –separatçı-terrorçu dəstənin “parlament sədri”ndən hesab tələb etməyə başlayıb.
“İstefa xəbərini eşidəndən sonra Karen Matevosyan Arutyunyanla görüşüb. Bu görüşdə gülünc hadisələr baş verib. Araik istefa verəcəyini təsdiqləyib və deyib ki, heç kim onun tərəfində deyil, hamı onu günahlandırır, ona görə də getmək qərarına gəlib. Canfəşanlıq edən Matevosyan öz liderini müdafiə etmək, “deputatları” Arutyunyanın yanında olmağa çağırmaq üçün bir qrup “milis”lə birlikdə yenidən parlamentə girib. Artıq srağagün “milis rəhbəri” canlı yayıma çıxıb, “artsax xalqı”na bildirib ki, o öz silahlı dəstələri ilə “hökuməti” təşkil etmək və parlament seçkilərini keçirmək məsuliyyətini öz üzərinə götürür. Üstəlik, o “artsax”dakı vəziyyətə görə hamını, o cümlədən keçmiş “prezidentləri” günahlandırıb və az qala hədələyib ki, razılığa gəlməsələr, onlarla şəxsən özü məşğul olacaq”, – nəşr yazıb.
İddia edilir ki, Xankəndidəki xaosda Ermənistan baş naziri Nikol Paşinyan da maraqlıdır və baş verən anarxiyada “hakimiyyəti” Samvel Babayana ötürmək üçün hazırlıq gedir. Belə bir iddia da var ki, Matevosyanla Babayan yaxındır. Keçmiş “müdafiə naziri” Babayan xeyli vaxtdır ki, Araik Arutyunyanla düşmənçilik edir və tərəfdarları arasında bir neçə dəfə silahlı insident də baş verib. Araikin tərəfdarlarının müxtəlif səmtlərə qaçdıqları indiki vaxtda Samvel əlinə yaxşı girəvə düşdüyünü zənn edir və Araiki “aşırmaq” üçün planlar qurur.
Qəribə məxluqdur haylar. Bu qədər təhlükələrlə üz-üzədirlər, amma özlərini qanmaz uşaqlar kimi aparırlar. Sanki qulaqlarının dibində çalınan zurnanın səsini eşitmirlər.
Lap yaxşı, astvas haylara qotur versin, qaşımağa dırnaq verməsin. Çox keçməz, yaxın günlərdə başkəsənlərin necə didişdiklərinin, bir-birlərini necə al qana boyadıqlarının şahidi olacağıq. Qarabağ torpağı onu murdarlayanlardan belə təmizlənəcək.

