İlham Əliyev: «Laçındasərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir»
İradə və cəsarətin təcəssümü
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Birinci Vitse prezident Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.Prezident ilk növbədə, laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik edib.Bildirib ki,bir müddət bundan əvvəl xüsusi Sərəncamla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, Şəhər Günləri təsis edilmişdir:«Şəhər Günləri şəhərlərimizin azad edilməsi günləridir.
İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də – Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq».
Ölkəmizin başçısı bunu böyük xoşbəxtlik kimi dəyərləndirib və vurğulayıb ki, bu xoşbəxtliyi bizə bəxş edən müzəffər Silahlı Qüvvələridir: «Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz».
Prezident İlham Əliyev Laçının işğala məruz qalmasınınhəm laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün böyük faciə olduğunu vurğulayıb. Prezident əlavə edib ki, Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq, böyük bir fəlakət idi: «Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi – çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızı işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur.
Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır».
Ölkəmizin başçısı bildirib ki, işğal altında olan torpaqlarımızı danışıqlar yolu ilə azad etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Prezident ədalətli müharibə aparıldığını qeyd edərək bildirib ki, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı heç kimə verən də deyilik:«Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.
İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.
Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz.Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq».
Prezident Laçın şəhərinin cəmi 8 ay ərzində yenidən qurulmasınıxalqımızın istedadının, güclü iradəsinin təzahürü kimi qiymətləndirib. Ölkəmizin başçısı bildirib ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb və azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərinin canlı şahidi olurlar:«Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.
Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, – yeni köçkün şəhərciyi açılırdı, – dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşmı Şuşada qeyd etmişəm,
Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük».
Azərbaycan Respublikasının Prezidenti çıxışını davam etdirərək bildirib ki, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub vəbu iradə, cəsarət, öz gücünə əminlik sayəsində gerçəkləşib. Ölkəmizin başçısı ölkəmizə təzyiqlər, hədə-qorxular olduğunu və bu gün də davam etdiyini, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqların müxtəlif fitnələr ortaya atdığını, lakin bizi yolumuzdan döndərə bilməyəcəklərini xüsusi vurğulayıb. Prezident 23 aprel tarixlini ərazilərimizin bütövlüyünün tam bərpası kimi ifadə edib: «Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.
Ona görə Laçın rayonu ilə bağlı bir çox önəmli tarixi hadisələr baş vermişdir. Bu gün Laçın şəhəri, görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. BuBiz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik».
Sonra ölkəmizin başçısı bir daha laçınlıları Şəhər Günü münasibətilə təbrik edib, əminliyini ifadə edib ki, onlar öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqlar: «Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir.Bir daha sizi təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!».
Xatırladaq ki, torpaqlarımız öz azadlığına qovuşandan sonra Prezident İlham Əliyev dəfələrlə Laçın rayonuna səfərlər edib. Bu səfərlər zamanı ölkə başçısı Laçın Beynəlxalq Hava Limanın təməlqoyma mərasimində, «Mişni və «Alxaslı» kiçik elektrik su stansiyalarının açılışında iştirak edib. Bundan əlavə ölkəmizin başçısı 25, 26 avqust tarixlərində
Laçın rayonunun sənaye zonasında mebel zavodunun açılışında , «HəkəriBalıq Təsərrüfatı»nın açılışında, Mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak edib və öz tövsiyələrini verib.
Bundan əlavə ölkəmizin başçısı 2021-ci ildə Güləbird kəndində Azərbaycan bayrağınının ucaldılması mərasimində, 2021-ci ildə Laçın-Kəlbəcər avtomobil yolunda yeni inşa edilən tunelin tikintisi ilə tanışlıq çərçivəsində tədbirlərdə iştirak edib.
Göründüyü ki, Prezident İlham Əliyev azad edilmiş ərazilərin yeninidən qurulması proseslərinə xüsusi diqqət və zaman ayırır. Bu da onu deməyə əsas verir ki, 30 il düşmən tərəfindən tamamilə xarabazarlığa çevrilmiş bu ərazilər qısa bir zaman kəsiyində abadlaşdırılacaq, əvvəlki axarlı-baxarlı günlərinə qovuşacaq.
Cari ilin avqustun 25-də Laçın rayonunda «Hocazfilm» yaradıcılıq studiyasınınçəkiliş pavliyonunun açılışı olub. Qarabağın çoxşaxəli yaradıcılıq məkanı layihəsi olan «Hocazfilm» studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavliyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hicaz qayalarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Bundan əlavə studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları avadanlıqlarla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

