Haylar 44-dən niyə qorxurlar?
44… Bu rəqəm artıq Azərbaycan üçün müqəddəsləşib. Sentyabrın 27-dən noyabrın 10-dək, yəni, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu. Bu mənada 44 rəqəmi Azərbaycan Ordusunun erməniləri diz çökdürərək Zəfər qazanmasının, torpaqlarımızı işğalçılardan azad etməsinin rəmzidir. Bir sözlə, müasir tariximizdə 44 bizə Azərbaycan boyda sevinc bəxş edən bir rəqəmdir. Amma hayların bu rəqəmi görməyə gözləri yoxmuş.
Sən demə, Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün göndərilən humanitar yardımla dolu maşınların seriya nömrəsinin 44 rəqəmi olması onları əməlli-başlı qəzəbləndiribmiş. Hətta Qarabağdakı qondarma “rəhbərin” müşaviri David Babayan bunu beynəlxalq hüquq və normaların məsxərəyə qoyulması, Azərbaycanın növbəti təxribatı kimi dəyərləndirib: “Onlar… gətirdikləri hümanitar yardımları 44 günlük müharibənin simvolu olan Azərbaycana məxsus 44 nömrə nişanlı avtomobillərlə gətiriblər”. Babayan, həmçinin bildirib ki, bu yardımı qəbul etmək istəmirlər.
Əvvəla, qeyd edək ki, bu məsələdə heç bir təxribatdan, səhvdən söhbət gedə bilməz. Bu, sadəcə, hər şeydən əvvəl, siyasətdən uzaq qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin seçimidir. Bu mənada bu qurumun belə qınağa tuş gəlməsi absurddur. Olmaya bu qurum Xankəndiyə göndəriləcək maşınların seriya nömrəsini separatçılarla müzakirə etməli idi? Şübhəsiz, həmin maşınların seriya nömrəsi 23 də olar bilərdi. Onda yəqin babayanlar deyəcəkdilər ki, aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub. Bu rəqəm də həmin hadisənin simvoludur. Prezident İlham Əliyev də deyib ki, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Maşınların seriya nömrəsi 20 olsaydı deyəcəkdilər ki, Ağdamın Azərbaycana təhvil verilməsinə və yaxud Zəngilan şəhərinin işğaldan azad olunmasına işarə ediblər. Bir sözlə, separatçılar digər rəqəmlərə də erməni xislətlərinə uyğun olaraq siyasi don geyindirməyə çalışacaqdılar. Əslində isə separatçılar bu kimi söz-söhbəti ortaya atmaqla beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələdən, Azərbaycanın humanistliyindən uzaqlaşdırmağa çalışırlar. Digər tərəfdən, bu kimi açıqlamalar göstərir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu addımı onların ürəyincə deyil. Çünki rəsmi Bakı bu addımı ilə onların son səkkiz ayda guya Laçın yolunun bağlanması, “blokada”, “humanitar böhran” və aclıqdan əziyyər çəkmələri ilə bağlı yaydıqları bütün yalanlara nöqtə qoydu, planlarını pozdu. Görünür, onlar əgər belə demək mümkünsə, bu istiqamətdə qoyduqları mayanın batmasından, komik vəziyyətə düşmələrindən havalanıblar. Bu havalanmaları ilə də sülh prosesinə mane olmağa, qisas meyillərini alovlandırmağa çalışırlar. Elə separatçı David Minasyan özünün “Feysbuk” səhifəsində “Türk çörəyinə əsla ehtiyacımız yoxdur. Əgər “artsax”a girsələr, bu maşınları məhv edəcəyik” paylaşımı dediklərimizin sübutudur. O, həmçinin Azərbaycanın humanitar yardımının Xankəndiyə girişini əngəlləmək üçün hamını “oyanmağa” çağırıb.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım göndərilib. Cəmiyyət Xankəndidəki erməni əsilli sakinlərə humanitar yardım aparılması ilə bağlı Azərbayanın Qarabağ iqtisadi rayonuda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına məlumat verilib. Amma hələ ki, cavab alınmayıb. Odur ki, içərisində 40 ton un olan iki TIR Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləməkdədir.

