Biz istədiyimizə hər zaman nail oluruq
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın Şəhər Günündə bir daha bəyan etdi ki, ermənilər gec-tez bu torpaqlara gələcəyimizi bilirdilər
“Biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın Şəhəri Günündə bir daha şanlı Qələbəmizə gedən yolu bir daha təhlil edərək bəyan etdi ki, biz xoşbəxt günləri yaşayırıq və xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq.
30 illik işğal dövrünün reallıqlarına nəzər salaq. Bu reallıq öz təsdiqini tapdı ki, dünya hüquq problemini yaşayır. Ədalətin və beynəlxalq hüququn maraqların arxasında əriməsi dünyada etimadsızlıq mühitinin yaranmasına səbəb oldu. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT qətnamələrinin tətbiqi üçün vahib mexanizm olmalıdır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Əksər dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, onların gerçəkliyə çevrilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən Azərbaycan tarixi Zəfərimizin ilk günündən işğalçı dövlətə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev bu çağırışla çıxış etdi ki, Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib. Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır.
Bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin, vandalizminin göstəricisidir. 30 ildə bu ərazilərimizi yerlə-yeksan edən, bütün tikililəri dağıdan ermənilər bu gün həmin torpaqlarda aparılan bərpa-quruculuq işlərini böyük narahatlıq hissi ilə izləyirlər. Bir sözlə, 30 il dağıntı həyatını yaşayan ərazilərimiz üç ilə yaxındır ki, quruculuq mərhələsinə qədəm qoyub. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti də tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında geniş təhlil olunur, illərdir necə vəhşi millətlə üz-üzə olduğumuzu bütün dünya görür. Ermənilərin hətta tarixi Zəfərimizdən sonra Kəlbəcəri, Laçını boşaldan zaman hansı vəhşilikləri törətdikləri də dünyanın gözü qarşısında baş verdi. Erməni vəhşiliyinin dünyaya təqdimatı olan Xocalı soyqırımını unuda bilərikmi? Eyni zamanda, çox da uzaq olmayan tarixi, 44 günlük İkinci Qarabağ müharibəsində canları, qanları ilə tarix yazan şəhidlərimizi unutmağa haqqımız varmı? Cənab İlham Əliyev ötən ay Şuşa Qlobal Media Forumunda, həmçinin bu günlərdə Laçına səfəri zamanı bu kimi məqamlara xüsusi diqqət yönəltdi.
Ermənilərin bu vəhşiliklərinə rəğmən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. İlk gündən bu çağırış edildi ki, bu təklif masa üzərində bir müddət olacaq. İstəmirlər heç lazım da deyil. Delimitasiyanı istəmirlər heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək.
Ermənilərin sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atdıqları son üç ilə yaxın dövrün reallıqları sırasındadır. Öncə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan Ordusunun hər gün qazandığı qələbələrin yaratdığı qısqanclıq hissinin nələrə yol açdığını yada salaq. Ermənistan hakimiyyətinin tapşırıqlarına uyğun olaraq erməni silahlı qüvvələri iki dəfə Gəncəni, sonra Bərdə və Tərtəri raket atəşinə tutdular. Törədilən hərbi təxribatlar dünyanın gözü qarşısında baş versə də yenə də susmaq yeganə çıxış yolu kimi qəbul edildi. 30 ilə yaxın dövrdə ədaləti, beynəlxalq hüququ bir kənara qoyub Ermənistana dəstək göstərən dövlətlərdən belə yanaşmalar gözlənilən idi.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində «Qarabağ Azərbaycandır!» tezisini öndə saxlayaraq bunu tarixi Zəfəri ilə təsdiqlədi. Baxmayaraq ki, həmin dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları sırasında «Qarabağ Ermənistandır və nöqtə» ifadəsi xüsusi yer almışdı. Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər? Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini, Ermənistan isə «status-kvo»nu saxlamaq, əbədi etmək istəyirdi. Düşünürdülər ki, əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, onların əvəzinə müharibə aparacaqlar. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, ermənilər ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»
İkinci Qarabağ müharibəsi onların bu yalnış düşüncələrini bir daha dünyaya çatdırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə dövründə havadarlarından necə incik düşdüyü sərsəm bəyanatlarından da aydın görünürdü. Hər kəsə qarşı ididalarla çıxış etməklə sanki bu günədək beynəlxalq hüququ kobud şəkildə pozan, hətta müsahibələrində açıq-aşkar onun mövcudluğunü inkar edən Nikol Paşinyan deyil, başqası idi. Paşinyan elə düşünürdü ki, müstəqilliyi formal xarakter daşıyan Ermənistanı maraqlarının icrasında bir vasitəçi kimi qəbul edən dövlətlər bütün hallarda onu dəstəkləmək imkanındadırlar.
Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti də çox yaxşı bilirdi ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlət başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd edir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Bu tarixi xatırlamaqda məqsədimiz budur ki, 20 faiz torpağımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Azərbaycan xalqı daim məğrurluğu, yenilməzliyi, torpaqlarına, tarixinə sahib çıxan xalq kimi tanınıb və bu gün də tanınır. 44 günlük tarixi Zəfərimiz bir daha bu reallığa işıq saldı.
Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez təxribatlar törətdiyi, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif formatlarda və məkanlarda görüşlərin keçirildiyi ərəfələrdə, yaxud başa çatdıqdan sonra təxribatlara daha çox can atdıqları diqqətdən kənarda qalmır. “Qisas, «Qətiyyətli cavab», iyun ayında yenidən «Qisas» əməliyyatlarını yada salaq. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, «dəmir yumruq» yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırarsa 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları dərsi unutmamalıdırlar. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlığının şahidi olurlar. Azərbaycanın Ermənistana sülh müqaviləsini təklif etməklə ona son şans verdiyi işğalçı dövlətə və dəstəkçilərinə çox yaxşı bəllidir. Sülh müqaviləsinin imzalanması ilə yeni əməkdaşlıq formatları yaranacaq, kommunikasiyalar açılacaq ki, işğalçı dövlət bundan bəhrələnərək öz iqtisadi durumunu yaxşılaşdıra bilər.
Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində yaradılan yeni reallıqlar beynəlxalq aləm, o cümlədən Ermənistan tərəfindən də qəbul edilir. Ermənistanın baş naziri Azərbaycanın 86,6 min kvadrat-kilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını bildirdi. Davamlı diplomatik uğurlarımız Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsindən xəbər verir. Ermənistan Azərbaycanın irəli sürdüyü bütün təklifləri qəbul etməyə məcburdur. Bu baxımdan ki, bu təklif beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirir. Sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi” əsas kimi qəbul edilib. Ümumiyyətlə, sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması məsələləri müzakirə olunub. Bu məsələlər Prezident İlham Əliyev tərəfindən bütün görüşlərdə qaldırılıb. Mühüm məsələlərdən bir də humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə mövzusu olmasıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu təklifi dəstəkləməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirildi.
Qarabağda yaşayan erməni əsilli sakinlərin ölkəmizin tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması ilə əlaqədar məsələ də diqqətdədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi məsələsi daxili işimizdir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Dövlət başçısı bütün çıxışlarında diqqəti bu məsələyə yönəldərək bildirir ki, hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir: «Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”. Kaş ki, o, bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür.» Cənab İlham Əliyev bu çağırışı da edir ki, Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır: «Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq.»
Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, işğal, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünə nəzər salaraq tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edir. 30 ilin işğalına 44 gündə son qoymaq və bu gün Zəfərin reallıqları fonunda Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərini, soydaşlarımızın qayıdışını görmək böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın Şəhəri Günündə «Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq» söyləməklə hər bir məsələnin həllində zaman amilini xüsusi qeyd etdi. Bu gün qürurla qeyd edirik ki, işğaldan azad edilmiş torpaqlarımızda qalibiyyət rəmzi olan Azərbaycan bayrağının dalğalanması Ermənistana və havadarlarına mesajdır. Biz bu torpaqların sahibi olaraq hər zaman burada olacağıq.

