Biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq
İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əməl etməyən Ermənistan sülh prosesini pozmaqla məşğuldur. Ermənistan tərəfinin bu qədər qanunsuzluqları Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan şərti sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Bu məntəqə, humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınması təhlükəsinin də qarşısını aldı.
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində deyib: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”
Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 6 iyul tarixli yekdil qərarı ilə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Buna baxmayaraq Ermənistan yenə də öz çirkin iddialarından əl çəkmir. Ermənistan həqiqətən də iddia etdiyi kimi bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Görünən odur ki, “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib: “Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır, yolların da hərəkət fəaliyyəti müstəsna qanun çərçivəsində olan hallar istisna olmaqla. Qondarma rejimin nümayəndələri öz aləmlərində bu yolları bağlı saxlamaları və bunun əsnasında da özlərini, öz qanunsuz mövcudluqlarını təmin edəcək bir yanaşma kimi görmələri bizim üçün qəbuledilməzdir. Azərbaycanın yanaşması ondan ibarət idi ki, Ağdam-Xankəndi yolunun açılması, hansı ki bu yolun mövcudluğu ilə, bu yolun vacibliyi və funksionallığı da müvafiq beynəlxalq bəyanatlarda öz təsvirini tapıb”.
Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır. Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışını əngəlləmək ilk növbədə Ermənistanın marağındadır. Bununla da həmin ərazidə olan həqiqi vəziyyət haqqında internetdə məlumatların yayılmasının qarşısı alınır. Sözügedən amil isə öz növbəsində qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır…

