Fransa təhlükəli sularda üzür: Dərdi nədir?
Kartlar açılır, maska yırtılır: Rəsmi Paris siyasi riyakarlıqda, ikiüzlülükdə və beynəlxalq hüquqa hörmətsizlikdə “bacısı” Ermənistanı da geridə qoyub
Tarixi soyqırım, müstəmləkəçilik və ədalətsizliklərlə dolu Fransadan ölkəmizə böhtanlar yağdırılır, Qarabağdakı situasiyanı, guya, nizamlamaq üçün hansısa çağırışlar edilir. Əslində isə Ermənistan–Azərbaycan münasibətlərini daha da qızışdıracaq müxtəlif təxribatçı addımlar atılır. Belə təsəvvür yaranır ki, Fransa hökuməti daxildə irqçilik, dini ayrı-seçkilik, pensiyaçılar başağrısını, Afrikadan qovulmaq problemini həll edib qurtarıb, indi də Cənubi Qafqazda vəziyyəti “nizama salmağa” girişib.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında (TŞ) baş tutan müzakirələr heç bir qətnamə və ya qərarın qəbul edilməməsi ilə nəticələnmişdİ. demək olar ki, əksər TŞ üzvləri Azərbaycanın irəli sürdüyü alternativ yol təklifini müsbət dəyərləndirmiş, hətta məsələ ilə bağlı arqumentləri müdafiə etmişdilər. Bu isə Fransanın “maraqları” ilə üst-üstə düşmür – beynəlxalq hüquqa zidd mövqe tutmağa öyrəşmiş rəsmi Paris ard-arda iki dəfə məğlub olduğu platformada üçüncü məğlubiyyətini almağa hazırlaşır. Ermənistanın və havadarlarının avqustun 16-da yaşadıqları BMT TŞ “rəzaləti” deyəsən onlara dərs olmayıb. Bunun nəticəsidir ki, ermənipərəst xorun “dirijoru” Fransa yenidən əl-ayağa düşüb. Rəsmi Parisin bu dəfə BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün “Azərbaycanın blokadası səbəbindən “aclıqdan ölmək” ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” adlı qətnamə layihəsi hazırlaması ilə bağlı məlumatlar yayılıb. Bu addım isə Fransanın Cənubi Qafqazda davamlı sülhün yaranmasına ən böyük əngəl olduğu faktını bir daha təsdiqləyir.
Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, beynəlxalq hüququ saymayan, demokratik prinsipləri ayaqlar altına almağa adət edən, sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən Fransa bütün bunlarla kifayətlənmir. BMT müstəvisində yeni təxribatla paralel olaraq Fransa Laçın – Xankəndi yolundakı “tır karvanı” şousunu da “unutmayıb”. Fransanın üç böyük şəhərindən və əyalətlərdən Qarabağdakı ermənilər üçün göndərilən “humanitar yardım karvanı” Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə saxlanılıb. “Humanitar yardım”dan ibarət 10 “tır”-ı Azərbaycan sərhədçiləri Həkəri postundan ölkəmizin suveren ərazisinə buraxmamaq barədə qərar qəbul ediblər.
Frankafoniya məğlubiyyəti, BMT TŞ-də ard-arda düşdüyü rəzil durumlar, Laçın sərhəd- buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. Fransanın Azərbaycandakı səfirinin Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirliklərinə avqustun 26-da Şəhər Günü münasibətilə Laçında düzənlənən tədbirdə iştirak etməmələri üçün təzyiqlər göstərməsini də bu rəzilliyə əlavə etsək, görərik ki, Paris ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi tutub. İndiyə kimi düçar olduğu uğursuzluqdan nəticə çıxarmayıb.
Son baş verən proseslərdə rəsmi Parisin bu özünə əsassız əminliyi qabarıq şəkildə müşahidə olunur. Belə ki, Prezident Emmanuel Makron açıq şəkildə Ermənistanı himayə edəcəyini və Azərbaycana təzyiq göstərməyə çalışacağını bildirmişdi. Eyni zamanda, Parisin və digər Fransa şəhərlərinin merləri Laçın postunun açılması missiyasını öz üzərlərinə götürmüşdülər. Yəqin ki, hesab edirdilər ki, onların müşayiət etdiyi “humanitar yük” heç bir əngəllə üzləşmədən birbaşa Azərbaycanın Xankəndi şəhərinə qədər irəliləyə biləcək.
Ancaq böyük ehtimalla indi yalnız ermənipərəst fransız merlər deyil, Fransanın hakim dairələri də çaşqınlıq içərisindədir. Çünki rəsmi Bakı nə Fransaya, nə də onun ermənipərəst merlərinə heç bir əhəmiyyət vermədi. Fransanın təxribat karvanı Laçın postundan buraxılmadı. Hətta geri dönmək məcburiyyətində qaldı. Bu baxımdan, bütün dünyaya “güclü Fransanın siyasi iradəsinin təntənəsi” deyil, onun acizliyi nümayiş etdirilmiş oldu. bununla da rəsmi Bakı ermənipərəst Fransanın beynəlxalq imicinə sarsıdıcı zərbə vurdu.
Rəsmi Paris həm də Afrikadakı uğursuzluqları fonunda itirilən nüfuzunu Cənubi Qafqazda kompensasiya etmək istəyir. Qeyd edək ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Fransada çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar hökm sürür. Bir neçə nümunə ilə bu fikri əsaslandıraq. Fransız polisi ötən ilin noyabrında ölkədə baş verən etiraz aksiyalarını xüsusi amansızlıqla yatırmağa çalışdı. Bu isə təəccüb doğurmadı. Çünki son bir neçə il ərzində keçirilən nümayişlərdə, həmçinin “sarı jiletlilər” aksiyasında da belə mənzərənin şahidi olmuşduq. Bunun səbəbi isə odur ki, Makronun öz hakimiyyətini qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polisi yalnız irqi və dini zəmində zorakılığı, günahsız insanları qətlə yetirməyi bacarır. Azərbaycan ərazilərində yaşayan ermənilərə heç bir əsas olmadan, şəxsi qəzəbi səbəbindən qahmar çıxmaq üçün sivil dünya tarixində rast gəlinməyən hoqqalardan çıxan Makron isə fransızların hüquqlarının təmin edilməsi barədə düşünmək istəmir. Digər tərəfdən, Fransa özünü hər nə qədər demokratik ölkə kimi göstərmək istəsə də tarixdə daim müstəmləkəçilik siyasətini həyata keçirən bir dövlət kimi mövcud olub. Bu ölkə hər zaman öz sərhədlərindən çox uzaq ərazilərə göz dikib. Əlcəzair, Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada müstəmləkəçilik siyasətini həyata keçirib.
Parisin beynəlxalq hüquq çərçivəsində davranış sərgiləməməsi, ona hörmət göstərməməsi isə Fransa kimi özünü “demokratiyanın beşiyi” sayan bir dövlətin hüquqa qarşı münasibətinin bariz sübutudur. Makron unutmamalıdır ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycanın suveren ərazisi kimi bütün dünya tərəfindən qəbul edilir. Dünya görür ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasını əngəlləməyə çalışır. Fransa yaxşı olar ki, Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlarına birdəfəlik son qoysun.
Ümumilikdə isə Fransanın bu kimi addımlarına birdəfəlik son qoyulması Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası və bölgədə dayanıqlı sülhün əldə olunmasından asılıdır. Ölkəmiz də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə əngəl olan bütün kənar müdaxilələrin qarşısını almaq əzmindədir. Azərbaycan hələ ki, sülhün tərəfdarı qismində çıxış edir – qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istimədiyimizi önə çəkir, 2023-cü ildə sülhün imzalanmasına çalışır. Bunun üçün isə real şərtlər ortadadır -əsassız iddialardan əl çəkilməli, sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərilməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq.

