Bu məhsulların qiyməti yenə də artacaq: Qarşısını almaq üçün nə etməli?
İlkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib. Amma 2023-cü ilin yanvar-iyul aylarında qiymətləri ən çox artan məhsulların siyahısı açıqlanıb və statistikadan bəlli olur ki, məhsullar 11.60 – 28.40% arası bahalaşıb. Bu rəqəmlər əslində inflyasiyanın daha çox olduğunu göstərir?
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlama verib.
O bildirib ki, inflyasiya ilə bağlı aparılan təhlillər onu göstərir ki, qiymət artımlarının əsas səbəbi idxal inflyasiyadır:
“Azərbaycana xüsusilə ərzaq məhsulları idxal edilən ölkələrdə qiymətlərin yüksək olaraq qalması və ya kəskin ucuzlaşmaması məhsulların qiymətinə təsir edir. Hazırda idxal inflyasiyasının aktiv olduğunu görürük. Təbii ki, yerli istehsal olunan məhsulların qiymətində artım var. Bu artımlar xammal xərcinin artması ilə bağlıdır. Bütövlükdə yerli ərzaq və qeyri-ərzaq məhsullarında artım müşahidə edirik.

Əslində inflyasiya birrəqəmli proqnozlaşdırılmışdı. Geridə qalan aylar onu göstərir ki, ilin sonunadək bu proqnozun ikirəqəmli olma ehtimalı yüksəkdir. Ona görə də antiinflyasiya tədbirlərinin daha da gücləndirilməsi vacibdir.
Bu istiqamətdə addımların atılması və praktik olaraq yerli istehsalın genişləndirilməsi hesabına idxal inflyasiyanın minimumlaşdırılmasına nail olunmasına ehtiyac var. Nəticə etibarı ilə bütün bunlar ölkədə istehlak bazarının qiymətlərin optimallaşdırılmasına və inflyasiya qarşı tədbirlərin gücləndirilməsinə gətirib çıxara bilər”.

