Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Baş komandanı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir
ARANTV.AZ xəbər verir ki, Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Baş komandanı? ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Baş komandanı ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsinə ehtiram ifadə olundu. Sonra Türkiyə nümayəndə heyəti Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda həlak olan mərd Vətən övladlarının məzarını ziyarət etdilər. Daha sonra qonaqlar şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Qonaqları salamlayan Daxili işlər naziri Ramil Usubov ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” siyasətinin hazırda Azərbaycan və Türkiyə dövlət başçılarının siyasi iradəsi nəticəsində davam etdiyini, dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla vurğuladı. Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, Daxili Qoşunların formalaşmasında, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu vurğuladı. Səmimi qəbula görə minnətdarlığını bildirən Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Baş komandanı ordu generalı Arif Çetin Bakının dünyanın ən gözəl və təhlükəsiz şəhərlərindən biri olmasından, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnunluğunu bildirdi. O, iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
Daxili Qoşunların Baş idarəsində keçirilən görüşdə Daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı Şahin Məmmədov rəhbərlik etdiyi qurumla Türkiyənin Jandarm Baş komandanlığı arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin getdikcə daha da dərinləşdirildiyini dedi. Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Baş komandanı ordu generalı Arif Çetin 2 qurum arasında təcrübə mübadiləsinin gələcəkdə də davam etdirələciyini vurğuladı. Qonaqlara Daxili qoşunların yaranma tarixi, strukturu, döyüş yolu və bugünkü inkişafı barədə məlumat verildi.

