Qadın gülərsə, dünya gülər
Bahar Muradova: Azərbaycan anaları fədakarlıqlarını Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdilər
Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 illiyi münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın nümayəndə iştirak edib.
Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Həmçinin Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Heydər Əliyev və dövlət qadın siyasəti ” adlı film nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qurultayın 200 illik münaqişənin sona çatdırıldığı bir dövrdə keçirilməsi bizə böyük bir qürur hissi yaşadır. Azərbaycan anası necə böyük ürəyə malik və Vətən üçün fədakar olduğunu Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdi.
B.Muradova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verdiyini və diqqət yetirdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qoyan Ümummilli Liderin diqqət və qayğısı sahəsində Azərbaycanda savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişib.
“Ulu Öndər tərəfindən əsası qoyulan qadın siyasəti bu gün uğurla davam etdirilir. Hazırda ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur və bu sahədə qanunvericiliyin təkmillədirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, – deyə Bahar Muradova qeyd edib.
Bahar Muradova bildirib ki, Prezident İlham Əliyev də qadınların dövlət idarəçiliyində və cəmiyyətdə rolunu yüksək qiymətləndirir, onların rolunun artırılması istiqamətində müvafiq Dövlət proqramları qəbul olunur.
Çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan Qadınlarının VI Qurultayı iki başlıca xüsusiyyəti ilə diqqət çəkir. Qurultayın Ulu Öndər Heydər Əliyevə həsr olunması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi vaxtda keçirilməsi. Bunlar mühüm tarixi hadisədir.
“Qadınlarımız həyatın bütün sahələrində iştirak edirlər. Onların rolunun və iştirakçılığının artırılması dövlətimizin prioritet istiqamətlərindəndir. Hazırda qadınlarımız çox inkişaf ediblər və Azərbaycan cəmiyyətində qadınlarımızın iştirakçılığının artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Dövlətimiz qadınların iştirakçılığını təmin etməklə bərabər, onların potensialından düzgün istifadəni də diqqətdə saxlayır”, – deyə Əli Əhmədov bildirib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş çıxışında deyib: “Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü və suverenliyinin tam təmin edilməsi münasibətilə təbrik edirik. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur, həmçinin ölkənin ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan Qadınlarının VI Qurultayının məhz bu ildə təşkil edilməsi əlamətdar hadisədir.”
M.Ö.Göktaş qardaş xalqlarımızı birləşdirən ən mühüm amillərdən biri kimi ailə dəyərlərinin əhəmiyyəti, cəmiyyətlərimizdə ailə institutuna, qadınların roluna göstərilən münasibəti xüsusi vurğulayıb, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının vacibliyini söyləyib. Eyni zamanda, Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının ailə və uşaqlara qayğı, qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, ailə dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsin əhəmiyyətindən bəhs edib.
Milli Məclisin sədrinin müavini, Parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışının əvvəlində Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və xoş arzularını təbrik iştirakçılarına çatdırıb. Daha sonra əlavə edib ki, Azərbaycan qadınından bəhs edərkən, əlbəttə ki, başımızın tacı olan şəhid və qazi analarının rolunu xüsusi vurğulamalıyıq və hər zaman onlara sonsuz minnətdarlığımızı ifadə etməliyik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən, eləcə də Füzuli şəhərində sakinlərlə görüşündə vurğuladığı kimi, hərbi əməliyyatlar nə qədər dürüst hazırlansa da, qələbəni əldə edən Azərbaycan övladları, əsgər və zabitlərdir. Çünki ilk növbədə onlar sinələrini irəli verib Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Bu cür vətənpərvər və qorxmaz gəncliyimizin formalaşmasında ailə və məktəb tərbiyəsi son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan qadınları həm ana olaraq ailədə, həm də müəllim, tərbiyəçi olaraq təhsil ocaqlarında övladlarımızın xalqa və torpağa məhəbbət ruhunda yetişməsi naminə fədakarcasına çalışmışlar və bu gün də çalışırlar.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır: “Düşünürəm ki, bu toplantı əməkdaşlığa töhfə verəcək.”
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan Vladanka Andreyeva Azərbaycanda bu istiqamətdə müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb: “Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunması vacibdir”.
Azərbaycan qadınlarının qərar qəbuletmə prosesində fəallığının artırılmasının önəmini vurğulayan BMT-nin rezident əlaqələndiricisi onların öz hüquqlarının qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva diqqətə çatdırıb ki , Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edib. Müharibə dövründə itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır. Zəfərimizin qazanılmasında şəhid olan Vətən övladlarının analarına borclu olduğumuzu bildirən ombudsman qadınların həssas təbəqədən olan qrup kimi müharibədə ağır işgəncələrə məruz qaldığını deyib.
“Bu bir həqiqətdir ki, baş verən bütün silahlı münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür. Bu mənada həm Birinci və İkinci Qarabağ müharibələri illərində, həm 30 illik işğal dövründə, hazırda isə azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq prosesində Azərbaycan qadınları öz missiyasını layiqincə yerinə yetiriblər və yetirirlər. Təbii ki, qadınlarımız bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi dəstəyini hər zaman hiss ediblər”, – deyə Səbinə Əliyeva bildirib.
Ombudsman əlavə edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət qadın siyasətinin reallaşmasına və gender bərabərliyinin təmin olunmasına birinci xanım Mehriban xanım Əliyeva tərəfindən davamlı şəkildə dəstək verilməsi Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolunun daha da artırılmasına öz müsbət təsirini göstərir.
Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışlarında, eləcə də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Ana Pelaez Narvas video-təbrikində qurultayın işinə uğurlar arzulayıb, onun əhəmiyyətindən söz açıblar. Çıxışçılar cəmiyyətdə qadın həmrəyliyinə hər zaman ehtiyac olduğunu deyərək Azərbaycanda qadınların dövlət strukturlarında iştirakına geniş imkanların yaradıldığını bildirib və ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasəti hazırda Prezident İlham Əliyevin davam etdirdiyini diqqətə çatdırıblar.
Qurultay “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: “Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə işini davam etdirib.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatıldıqları qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdırıblar.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunub və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurultaya yekun vurub .
Bədii proqramdan sonra qurultay öz işini başa çatdırıb.
Yaqut Ağaşahqızı, “İki sahil”


