Rusiya da, İran da…
“3+3” platforması üzrə Tehran görüşü region dövlətlərinin Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdiyini göstərdi
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsindən sonra irəli sürdükləri “3+3” əməkdaşlıq platformasının reallığa çevrilməsi bütün Cənubi Qafqaz regionu ölkələri (müəyyən səbəblərdən Gürcüstan istisna olmaqla-red.) üçün bu gün xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Ermənistanın siyasi kursundakı korrektələr fonunda platformanın işlək mexanizmə çevrilməsi indi təşəbbüsün həmmüəllifləri Azərbaycan və Türkiyədən də çox Rusiya ilə İranın maraq dariəsindədir. Bu baxımdan oktyabrın 23-də Tehran şəhərində “3+3” regional məşvərət formatının xarici işlər nazirləri səviyyəsində keçirilən birinci görüşünün nəticələri bir neçə məqama görə xüsusilə diqqət çəkir.
Əvvəla, Ermənistan da daxil iştirakçı dövlətlərin hamısının Cənubi Qafqazda yaranmış reallıqları qəbul etməsi regionda dinc və mehriban qonşuluq münasibətləri dövrünün başlanmasına imkan verə bilər. Burada ən önəmli məsələ bölgənin siyasi mənzərəsinin dəyişməsini şərtləndirən reallıqların məhz Azərbaycanın öz suveren ərazisində separatizmi ləğv etməsi nəticəsində yaranmış olmasıdır. Yəni, Azərbaycan sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanla arasında uzun illərdir davam edən münaqişəni böyük həcmdə həll edib və bu fakt Rusiya və İran tərəfindən də tanınır. Türkiyənin məsələ ilə bağlı mövqeyi əvvəldən bəlli olsa da sözügedən iki dövlət yalnız indi açıq şəkildə reallıqlara adekvat davranış nümayiş etdirirlər. Tehran görüşündə həm Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həm də onun iranlı həmkarı Hüseyn Əmir-Abdullahian son proseslərin region ölkələrinə sülhün və əməkdaşlığın təşviqi istiqamətində çalışmaq üçün tarixi fürsət verdiyini bəyan etdilər. Hər iki diplomatın fikirlərində üst-üstə düşən bizim üçün mühüm məqamlardan biri isə təbii ki, Qarabağ probleminin birdəfəlik həll edilməsinin Rusiya və İran tərəfindən qeydsiz-şərtsiz qəbul edilməsidir. Şimal və Cənub qonşularımızın öz münasibətlərini dəqiqləşdirmələrində təbii ki, Ermənistanın son davranışları da az rol oynamır. Məlum olduğu kimi, Fransa, ABŞ və digər bəzi Qərb dövlətləri Ermənistanın timsalında Cənubi Qafqazda daha çox və tez-tez görünməyə başlayıblar. Bu isə nə Rusiyanın, nə də İranın xoşuna gəlmir. Ancaq əsas faktor yenə də Azərbaycanın uğurlu siyasəti, hadisələri qabaqlayan manevrləridir.
“3+3” platformasının məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən, qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə müzakirəsini və həllini nəzərdə tutur. Burada söhbət ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin region ölkələrinin özləri tərəfindən həllindən gedir. Qarabağ münaqişəsinin tarixə çevrilməsindən sonra Cənubi Qafqazda həllini gözləyən ən mühüm məsələ kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Tehran görüşünün nəticələrini əhəmiyyətli edən məqamlardan biri də məhz budur. “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi, eyni zamanda, münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək və digər mühüm məsələlərlə yanaşı, kommunikasiyaların açılmasının vacibliyi də diqqətə alınıb. Bu ümumi razılaşma Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və beləliklə də türk dünyasının körpüsünə çevriləcək Zəngəzur dəhlizinin reallaşması üçün yaşıl işıq yandıra bilər. Zəngəzur dəhlizi isə “3+3” platformasının həmmüəllifləri olan Azərbaycan və Türkiyə üçün hazırda ən prioritet layihələrdəndir.
Nəhayət, platformada adı ilk üçlükdə çəkilsə də görüşlərə qatılmaqdan imtina etmiş Gürcüstan Azərbaycan kimi uzun illərdir separatçılıqdan əziyyət çəkməkdədir. Ancaq bizdən fərqli olaraq Gürcüstan hələ də sərhədlərini bərpa edə bilməyib və Abxaziya və Cənubi Osetiya münaqişələrinə görə Rusiya ilə münasibətləri yaxşı vəziyyətdə deyil. Buna baxmayaraq, Gürcüstan digər qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə daha çox ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə çalışır. Bu əməkdaşlığın “3+3” çoxtərəfli formatına keçməsi Gürcüstanın öz suverenliyini bərpa etməsindən sonra daha real görünür ki, bunun üçün tarixi şəraitin yetişdiyini söyləmək hələ tezdir.
Göründüyü kimi, regionda və dünyada yeni güc mərkəzinə çevrilməkdə olan Türkiyə və onun strateji müttəfiqi, Cənubi Qafqazın şəriksiz lideri Azərbaycanın təşəbbüsü ilə iki il əvvəl yaradılmış “3+3” platformasının reallaşması bu gün region ölkələrinin də maraq dairəsindədir. Səbəblər nə olursa olsun, proseslər iki qardaş ölkənin istədiyi və planlaşdırdığı nəticələrə doğru aparır. Hədəflərimiz isə təkcə Zəngəzur dəhlizi deyil…

