Cəmiyyət 

Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur

Xalqımız 25 oktyabr Qubadlının azad edilmısi gününü böyük qürur və sevinc hissi ilə qeyd edir

 

Artıq üçüncü ildir ki,   Qubadlı şəhərinin işğaldan azad olunmasını xalqımız böyük sevinc, coşqu hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonu faydalı qazıntı ehtiyatları ilə zəngindir. Səthi əsasən dağlıq olan rayonun qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi, çünki şəhərdə ermənilər güclü istehkamlar təşkil etmişdi. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu ilk növbədə, şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə azad etdi və noyabrın 9-dək rayonun 41 kəndi işğaldan azad olundu. Digər xüsusi bir məqam, Qubadlının azad olunması ilə Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yarandı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdan idi. Qubadlının azad olunması ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.

Beləliklə Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.

Mütamadi olaraq, azad edilmiş rayonlarına etdiyi səfər əsnasında Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, Qubadlı rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezidentin səfəri zamanı  Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid oluruq. Azad edilmiş torpaqlarda artıq bir neçə yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vdövründə  Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa edilən və ediləcək yarımstansiyalar 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. Şübhəsiz ki, 44 günlük zəfər müharibəsində, və 27 sentyabr antiterror əməliyyatı ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhramanlıq salnaməsi yaradan Azərbaycan xalqı qurub yaratmağa, düşmənin xarabazarlığa çevirdiyi yurdlarımızı, zəhməti, alın təri sayəsində laləzarlığa çevirməyə layiq bir xalqdır. Artıq Vətənimizin bütövlüyü tam təmin edilib və qısa bir zaman kəsiyində həmin ərazilərdə böyük quruculuq işləri aparılır. Qubadlının timsalında azad edilmiş bütün ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, hətta xarici ölkələrin tanınmış media orqanlarında da geniş şəkildə tirajlanır. Bu da o deməkdir ki,   Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətli və yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan, artıq dünyada güclü bir tərəfdaşa, öz siyasi-iqtisadi imkanları ilə regionda ciddi söz sahibinə çevrilib.

 

Şeyda Əzizqızı

«AranMedia» QROUP-un direktoru

 

Daha çox xəbərlər