Siyasət 

Sülhə qənim kəsilənlər

Qərb Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibə­sində Zəfər çalaraq ərazi bütövlüyünü, bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə üzərində suverenliyini bərqərar etməsini, Cənubi Qafqazda söz sahibi olmasını, azadlığa qovuşan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərini aparmasını heç cür həzm edə bilmir. Elə bu səbəbdən ölkəmizə qarşı təxribatlara ara vermir. Yəni, siyasi bəyanatlar səsləndirir, qarayaxmadan ibarət kağız parçaları – “qətnamə”lər qəbul edir və s. Üstəlik, Qərb təcavüzkar Ermənistanı silahlandırır.

Bu istiqamətdə ən çox fəallıq göstərən Makron Fransasıdır. Belə ki, bu yaxınlarda iki ölkə arasında imzalanan hərbi sazişə görə, Paris Ermənistana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək. Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur, hazırda  sülh sazişi imzalamağa cəhdlər göstərir. Guya Azərbaycanın Qərbi Zəngəzuru ələ keçirməyə çalışmasından dəm vuran Makron Fransası isə bildirir ki, Ermənistanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin artırılması onun ölkəsinin strategiyasının bir hissəsidir. Şübhəsiz, İrəvanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan və bölgədə möhkəmlənmək istəyən rəsmi Parisin Ermənistana “müdafiə xarakterli” silah ixracı birmənalı olaraq bölgədə  hərbi gərginlik riskini artırmaqla yanaşı, həm də sülh danışıqlarına ciddi zərbə vurmaqdır.

Hindistan da Ermənistana yeni silah və sursat partiyası vermək niyyətindədir. Halbuki, Hindistan mötəbər tribunalardan beynəlxalq hüquqdan danışır, lakin Cənu­bi Qafqazda açıq-aşkar hərbi münaqişə­nin qızışdırılması və ölkələrin ərazi bütöv­lüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Xatırladaq ki, iki ölkə arasındakı dəyəri milyonlarla dollar təşkil edən müqaviləyə əsasən, Hindistan Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərib. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb. Şübhəsiz, bu fakt fars-molla rejiminin də Ermənistanın silahlanmasında maraqlı olduğunu göstərir.

Yeri gəlmişkən, bu  ilin may ayında Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhu­sudhananın etimadnaməsini qəbul edən Prezident İlham Əliyev demişdi ki, əgər, doğrudan da, İrəvan Azər­baycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti vurğulamışdı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Bəs bir zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qoşulmama Hərəkatının üzvü  Hindistanı belə addımlar atması nədən irəli gəlir? Şübhəsiz, Azərbaycanın Pakistan və Türkiyə ilə qardaş münasibətlərinə qıcqanclıqla yanaşmasından. Digər tərəfdən, 2022-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri İstanbul Bəyannaməsini imzalayıblar, burada Ankara və Bakı Cammu və Kəşmir münaqişəsi ilə bağlı prinsipial mövqelərini bir daha təsdiqləyiblər və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər.

Fransanın, Hindistanın addımlarından həvəslənən Ermənistan  son günlər bu istiqamətdə addımlarının əhatə dairəsini daha da genişləndirir. Belə ki, cari ilin oktyabr ayının sonlarında Ermənistanın  Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyanın Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə görüşündə İrəvan və Afina arasında əməkdaşlığın, o cümlədən müdafiə sahəsində əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunub. Qeyd edək ki, bu həmin Dendiasdır ki, 44 günlük Qarabağ müharibəsinin başlandığı gün Ermənistana dəstəyini ifadə etmək üçün İrəvana səfər etmişdi və hayları “ruhlandırmağa” çalışmışdı. Qeyd edək ki, Yunanıstan həm də  Kipr və Ermənistanla birlikdə üçlük format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərir.

Bu yandan da ermənipərəst mövqeyindən çıxış edən “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” Qərb dünyasını Fransadan nümunə götürərək Ermənistana hərbi yardım göstərməyə çağırıb. Üstəlik, Lemkin İnstitutu srağagün bəyanat yayaraq guya yaxın günlərdə və ya həftələrdə Azərbaycanın Ermənistana hücum edə biləcəyini və bundan ciddi narahat olduğunu bildirib.

Ermənistan 30 il ərzində silahlanmaqla Azərbaycanın qarşısında cəmi 44 gün davam gətirə bildi, son 3 ildə müxtəlif ölkələrdən daşınan silahlar da onun karına gəlmədi. Təcavüzkar ölkənin bütün bunlardan nəticə çıxarmaması isə ona heç də yaxşı şeylər vəd etmir. Kim bilir, bəlkə də Ermənistan bunun fərqindədir. Görünür, bütün bunlar hərbi sahədə “dayaq”lar tapan Ermənistana sülh danışıqlarında tələblər irəli sürmək və prosesi uzatmaq üçün lazımdır. Amma təcavüzkar ölkə hələ də anlamır ki, Azərbaycan bu gün diktə edən, qalib tərəfdir və sülhün bərqərar olması üçün bütün humanist addımları atır.

Daha çox xəbərlər