Hadisə 

Bakıda baş verən güclü yanğınla bağlı cinayət işi açıldı – YENİLƏNİR + CANLI YAYIM

İnşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

10:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

09:43

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

09:29

Bu gün saat 05:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində bir nəfərin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, bir nəfərə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

09:17

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın baş verən əraziyə gəlib.

“Report” xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.

 

08:28

Küləkli hava, yüksəkgərginlikli elektrik xətləri Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğının söndürülməsini çətinləşdirib.

Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub. Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksəkçağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib.

Bildirilib ki, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb. Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 000 kvadratmetrə yaxındır.

Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.

08:16

Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

07:46

Bakıda taxta bazarında baş verən yağında bir nəfər həyatını itirib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı açıqlamada qeyd olunur.

“Bu gün saat 5:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, xəsarət alan yoxdur.

07:44

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

06:49

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

APA-nın məlumatına görə, havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-in 10 texnikası cəlb edilib. Həmçinin qeyd olunur ki, yanğın zamanı bir nəfər xəsarət alıb.

 

Daha çox xəbərlər