Bölgə 

Bu kənddə hər ocaqda işıq yanır – Talışdan VİDEOREPORTAJ FOTO

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra xalqımız Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişafının və əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. Erməni işğalçılarının 30 il ərzində dağıdaraq yer üzündən sildiyi şəhər və kəndlər yenidən qurulur. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux kəndinə sakinlərin köçürülməsi təmin edilib. Bu şəhər və kəndlərə həyat yenidən qayıdıb. Ötən dövr ərzində AZƏRTAC olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri və sakinlərin doğma torpaqlarına qayıdışı ilə bağlı mütəmadi reportajlar hazırlamışıq. Budəfəki reportaj isə Talış kəndindəndir.

Zövqlə aparılan tikinti-quruculuq işləri ilk andan diqqət çəkir

Talış kəndinə sübh çağı qədəm qoyuruq. Elə ilk anlardan səliqə-sahman, tikinti-quruculuq işlərinin yüksək zövq ilə aparılması diqqətimizi çəkir. Birinci mərhələdə Talış kəndində 20 ev və 20 tövlə, 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa edilərək yenidən qurulub. Kənddaxili yolların bərpası, yeni yolların layihələndirilməsi və inşası həyata keçirilib. Ümumi uzunluğu 4 kilometr olan kənddaxili yolların 800 metr hissəsi təbii daşlardan qurulub. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Kənddə əsaslı landşaft işləri yerinə yetirilib – yaşıllıqlar salınıb, dekorativ ağaclar, kollar, güllər əkilib. Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib. Digər bir yüksək yerdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və meydan yaradılıb. Kommunikasiya xətləri yenidən qurulub, yeni qaz xətti çəkilib. Bir sözlə, mart ayından kəndə köçürülən sakinlərin rahat və firavan yaşayışı təmin edilib.

Kənddə həyat öz axarı ilə davam edir

Artıq səhər açılır. Kənd sakinləri yuxudan oyanıb gündəlik qayğıları ilə məşğul olurlar. Tərtər şəhərinə getmək istəyən bir neçə sakin dayanacaqda Talış-Suqovuşan-Tərtər marşrutu üzrə işləyən avtobusu gözləyir. Kimisi işə, uşaqlarsa məktəbə tələsir. Heyvandarlıqla məşğul olanlar mal-qaranı örüşə aparırlar. Kənddə Yeni ilin gəlişi münasibətilə bayram yolkası da qurulub. Bir sözlə, Talışda həyat öz axarı ilə davam edir.

Həyətlərin birinin yanından ötərkən rastlaşdığımız sakinlərlə söhbətləşirik. Əlişir Allasov kənddəki həyatlarından, yaradılan şəraitdən razılıq edir: “Kəndə mart ayında köçmüşük. Burada bizim üçün hər cür şərait yaradılıb. Həyat yoldaşım işlə təmin edilib. Həm də heyvandarlıqla məşğuluq. Talış kəndinin havası gözəl, təbi şəraiti heyvandarlıq üçün əlverişlidir. Heyvanları səhər sağıb örüşə aparırıq. Sağdığımız südü, hazırladığımız pendiri satırıq. Yaradılan şəraitə görə dövlətimizə, Prezidentimizə minnətdarıq”.

“Ən böyük istəyimiz odur ki, şagirdlərimiz Qarabağı dünyada layiqincə təmsil etsinlər”

Sağollaşıb yolumuza davam edirik. Məktəbdə dərsin başlanmasına az qalıb. Odur ki, müəllimlər, uşaqlar, valideynlər məktəbə və uşaq bağçasına tələsirlər. Məktəbin müəllimlərinin əksəriyyəti Tərtər şəhərindən gəlir. Onların Talış kəndinə gəlib-getmələri üçün xüsusi mikroavtobus ayrılıb. Söhbət etdiyimiz hər bir müəllim işğaldan azad edilmiş kənd məktəbində işləməkdən böyük qürur hissi keçirdiyini bildirir. Şəki rayonundan olan gənc müəllim Jalə Əbdürrəhimova Talış kənd məktəbinə təyinatla gəlib: “İbtidai sinif müəllimiyəm. Öz istəyimlə işğaldan azad olunmuş ərazidə sevib-seçdiyim müəllimlik fəaliyyətinə başlamışam. Qardaşım Şuşa qazisidir. Mən də dövlətimizə azad olunmuş ərazidə işləməklə xidmət etməyi qərar verdim. Bir müəllim kimi istəyim odur ki, Qarabağa qayıtmış şagirdlərimizə yüksək bilik və bacarıqlar verək. Onlar yüksək nəticələrə nail olsunlar, Qarabağı Azərbaycanda, dünyada layiqincə təmsil etsinlər. Məktəbdə şagirdlər və müəllimlər üçün hər cür şərait yaradılıb”.

Şagirdlər də dərsdə həvəslə iştirak edirlər. Dördüncü sinif şagirdi Qönçə Aslanzadənin ən böyük istəyi böyüyəndə həkim olub, kəndlərində işləməkdir. “Dərslərimi yaxşı oxuyuram, sinifkomam. Böyüyəndə isə həkim olub, kəndimizdə işləmək istəyirəm”, – deyə Qönçə arzusunu söyləyir.

Kənd sakini Aksana Hacıyeva ilə uşaq bağçasının qarşısında həmsöhbət oluruq. Deyir k, kəndə mart ayında köçüblər, yaşayışı da çox gözəldir: “Dörd övladım var. İkisini məktəbə göndərmişəm, ikisini də bağçaya gətirirəm. Bu gözəl günləri, sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin”.

Talış sakini: Kəndin açılışına Prezidentimiz gəlmişdi, nəvələrimlə də şəkil çəkdirdi

Talış kəndinin küçələri ilə addımlaya-addımlaya bayraq meydanına tərəf gedirik. Həyətlərin birində toyuqlara dən verən qadın bizi evə dəvət edir: “Gündəlik həyatımızla məşğuluq. Toyuq-cücə, inək saxlayırıq, həyətdə bostanımız var, tərəvəz becəririk. Hər şey yaxşıdır. Şükürlər olsun bu günümüzə”.

Ailə başçısı Həsənxan Rzayev isə bildirir ki, ən böyük arzuları gerçək olub. Yenidən doğma Qarabağa qayıdıblar. “Talış kəndində yaşayışımız çox gözəldir. İki oğlum var, hərbiçidirlər. Hər ikisinə kənddə ev verilib. Gəlinlərim və həyat yoldaşım işlə təmin olunub. Bundan başqa, dövlət tərəfindən bizə üç baş inək də verilib. Mən də heyvandarlıqla məşğulam. Üç nəvəm uşaq bağçasına, üç nəvəm isə məktəbə gedir. Allah dövlətimizi var eləsin, bizim üçün belə gözəl şərait yaradılıb. Kəndin açılışına Prezidentimiz gəlmişdi. Kənd sakinləri ilə görüşüb söhbət etdi. Nəvələrimlə də şəkil çəkdirdi. Hər şeyə görə Prezidentimizə minnətdaram”.

Artıq axşam düşür, hər evdə, hər ocaqda yanan işıqlar diqqətimi çəkir. Sanki qəlbən bir rahatlıq tapıram. Uzun illər viran qalan yurd yerlərimizdə indi insanlar firavan yaşayır. Bu görüntünün özü belə insanı qürurlandırır… İndi isə geri qayıtmalıyıq, yola çıxırıq. Talış kəndindən xoş təəssüratlarla ayrılırıq. Əminik ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və kəndləri də tezliklə yenidən qurulacaq, bu yerlərin əzəli sahibləri də doğma yurdlarına qayıdaraq, xoşbəxt yaşayacaqlar.

Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri

Bu kənddə hər ocaqda işıq yanır – Talışdan  VİDEOREPORTAJ FOTO

Daha çox xəbərlər