Şəbəkə ustası: Xarici turistlərin əl işimə maraq göstərmələri məni sevindirir FOTO
Şəkili gənc şəbəkə ustası Vüqar Rəsulzadə yeddi ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edir. O, sənətkarlar diyarı kimi tanınan Şəkinin ilk “ABAD”çılarındandır. Azərbaycanın tanınmış şəbəkə ustalarının nəslində dünyaya gələn Vüqar uşaq yaşlarından bu qədim el sənətinə böyük maraq göstərib. O, babası Əşrəf Rəsulovun, atası Tofik ustanın sənət yolunu uğurla davam etdirərək şəbəkə sənətinin incəliklərinə, sirlərinə dərindən yiyələnib. Şəkinin tarixi məkanlarından olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindəki ailəsinə məxsus emalatxanada fəaliyyət göstərən Vüqarın hazırladığı şəbəkə nümunələri, kiçikölçülü suvenirlər Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən maraqla qarşılanır. Hazırda emalatxanada Dövlət Turizm Agentliyi tərəfindən bərpa işləri aparıldığından sənətkar öz əl işlərinin satışını açıq havada həyata keçirir.
Vüqar Rəsulzadə AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində “ABAD”la əməkdaşlığın onun yaradıcılığına, əl işlərinin tanınmasına müsbət təsir göstərdiyini deyib: “Əvvəllər hazırladığım şəbəkə nümunələri ilə yalnız Şəkiyə gələn yerli və xarici turistlər maraqlanırdılar. “ABAD” ailəsinin üzvü olduqdan sonra hazırladığım şəbəkə-suvenirlər artıq paytaxtın sənətkarlıq mərkəzlərində də sərgi-satışa çıxarılır. Xarici turistlərin əl işimə maraq göstərmələri məni sevindirir. Onlar əl işlərimi böyük həvəslə alırlar”.
Şəbəkə ustası suvenirləri “ABAD”ın sifarişi əsasında təklif edilən forma və dizaynda hazırlayır. Şəbəkə sənətinin incəliklərini turistlərə izah etmək üçün suvenirləri onların yanında söküb-yığır. Vüqar bildirir ki, yay aylarında Şəkiyə gələn turistlərin sayı çox olduğundan satış da yaxşı gedir. Amma qış aylarında turistlərin sayı xeyli azalır.
Onun sözlərinə görə, “ABAD”la əməkdaşlıq ailə büdcəsinin formalaşmasına müsbət təsir göstərir. Turistlərə təqdim etdiyi kiçikölçülü suvenir-şəbəkələrin qiyməti 25 manatdan başlayır. Dizayn və formasından asılı olaraq qiymətlər dəyişir. Kiçik suvenirlər iki-üç günə hazırlanır. Nisbətən böyük suvenirlərin üzərində bir neçə həftə işləmək lazımdır. “Şəbəkə sənəti çox dəqiqlik tələb edən sənətdir. Hər hansı bir detalda 0,5 millimetrlik xəta etsən, şəbəkəni quraşdırmaq mümkün olmaz”, – deyə sənətkar bildirib.
Gənc olmasına baxmayaraq, Vüqar Rəsulzadə şəbəkə sənətində bir çox uğurlara imza atıb. Rəssamlar İttifaqının üzvü olan həmsöhbətimiz dəfələrlə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, həmçinin “ABAD” tərəfindən keçirilən respublika və beynəlxalq səviyyəli sərgilərdə, tədbirlərdə iştirak edib, diplomlarla təltif olunub. Ən böyük uğuru isə 2016-cı ildə Azərbaycanda “İlin gənci” seçilməsi olub.