Hədəflər dəyişilməzdir: İqtisadi inkişaf, sosial tərəqqi, yüksək rifah
«Əmək pensiyalarının indeksləşdirilməsi haqqında»kı Sərəncam insan amilinə diqqətin daha parlaq nümunəsidir
Azərbaycanda sosial rifahın yüksələn xətt üzrə inkişafı insan amilinə diqqət və qayğının ifadəsidir. İnsanların həyat səviyyəsinin, vətəndaşların maddi rifahının yaxşılaşmasını dövlət siyasətinin əsas amili kimi diqqətdə saxlanılır. Əhalinin etibarlı sosial müdafiəsini, məşğulluq problemini əhatə edən sosial siyasət strategiyasının uğurlu həlli iqtisadi inkişafın tərkib hissəsi olmaqla dəqiqlik, diqqət və qayğı tələb edir. Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsasını təşkil edən insanların sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir
Bütün bu addımların başlıca məqsədi ölkənin inkişafına, hər bir vətəndaşın sosial müdafiəsinə nail olmaqdır. 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə geniş, əhatəli sosial islahatlar paketi icra olunub. Son 20 ildə 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsisi, pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial islahatların əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. İstiqamətindən asılı olmayaraq bütün növ pensiyaların təqaüdçülərin mənafeyinə, qanunvericiliyin tələblərinə uyğun hesablanma mexanizminin təkmilləşdirilməsi büdcəsi sosialyönümlü olan ölkəmizdə daim diqqətdə saxlanılan əsas məsələlərdəndir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycanın 2002-2022-ci illərdə “yuxarı orta gəlirli” ölkə»lər sırasında yer alması, bu sahədə MDB ölkələri arasında birinciliyini qoruması, sosial islahat paketində minimum pensiya artımının davamlı təminatı təqdirəlayiqdir.
Bu baxımdan «Əmək pensiyalarının indeksləşdirilməsi haqqında»kı Sərəncam insan amilinə diqqətin daha bir nümunəsidir. Sərəncamda qeyd edilir ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirilsin. Bu Sərəncam ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqamlardan biri kimi xalqın sosial rifahının daha da yaxşılaşdırılmasını, Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin edən mühüm faktorlardan biri kimi vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Vətəndaşlara, xüsusilə yaşlı insanlara göstərilən bu diqqət bir daha təsdiqləyir ki, dövlətimizin sosial-iqtisadi siyasətinin əsas məqsədi cəmiyyətin, onun hər bir fərdinin rifahının mütəmadi yüksəlməsi, insan kapitalının inkişafıdır. Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir. Hazırda pensiya qanunvericiliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların yüksək məbləğdə ödənişlər almalarına xidmət edir.
Son 20 ildə ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlər başqa dövlətlərlə müqayisədə sevindiricidir. Həmin müddətdə ölkə üzrə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə çoxalıb. 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manat idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Bu dövrdə ölkəmizin dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20, minimum əməkhaqqı 38, orta aylıq əməkhaqqı 12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19, əlilliyə görə pensiya 14 , ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.
2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77, 4 manatdan 839,4 manata yüksəlib. Dünya iqtisadiyyatının böhranla üzləşdiyi COVID-19 pandemiyası dövründə Azərbaycanda hazırlanan sosial islahatlar paketinin həyata keçirilməsi ilə aztəminatlı ailələrin mövcüd çətinlikdən çıxarılması istiqamətində önəmli addımlar atılıb. Beləliklə, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Ümumilikdə isə pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin edilərək ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə rüblər üzrə bölünüb. Pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib”. Yeni sosial islahatlar paketi çərçivəsində minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, həmin tarixdən sonra pensiyaya çıxanlara təyin edilən pensiyanın minimum məbləği 240 deyil, 280 manat təşkil edir. Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyib. Sözügedən Sərəncamla 2023-cü il yanvarın 1-dək təyin edilmiş pensiyalar 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb. 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır. Yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi prosesi üzrə işlər davam edir. Bununla da bu il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirmə əsasında artımı təmin olunub.
«Əmək pensiyalarının indeksləşdirilməsi haqqında» Sərəncamın tətbiqi ilə 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsini təmin edəcək yeni artımlar üçün illik əlavə olaraq 630 milyon manat ayrılıb. Ümimilikdə 4 milyondan çox vətəndaşı əhatə edən sosial islahatlar üzrə ayrılan illik vəsaitin məbləği 7 milyard manata yaxındır. Xatırladaq ki, həmin islahatlar paketinin hər birində pensiya təminatı ilə bağlı yeniliklər əks olunub. Aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımların, müavinət və təqaüdlərin ödənişlərində də artımlar nəzərdə tutulub. Son beş ildə 10 yeni sosial ödəniş növü – müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən Müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. təsis edilib. Həyata keçirilən sosial islahatlar pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır. Təkcə 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Pensiya təminatına əlçatanlığın artırılması üçün yeniliklər tətbiq olunub. Belə ki, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib. 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib. Pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur. Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkan yaradıb. Hazırki indeksasiya, əsaslı pensiya artımı da qulluq stajına görə əlavələr təyin edilmiş təqaüdlərə də aiddir. Bu il də pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və eyni zamanda 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da 11,2 faiz indeksləşdirilməklə 2024-cü ilin əvvəlindən artırılması təmin edilir. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faizi) üstələyir. Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur. Yəni bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48 960 manata çatdırılır. Bu da işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitallarının yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırıldığını göstərir və sığortaolunanların sosial müdafiəsinə xidmət edir.

