Cəmiyyət 

Daşdan keçən sübutlar və dəlillər olsa da….

Beynəlxalq qurumlar Ermənistanı törətdiyi soyqırımı cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəmirlər

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyinə nail oldu. Hazırda otuz ilə yaxın davam etmiş əsarətdən qurtulan, xarabalığa çevrilən Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. Uzun illər çəkdiyimiz həsrətdən, nisgildən sonra addım-addım dolaşmağa başladığımız o yerlərdə həyata keçirilən tikinti işləri zamanı fərdi və kütləvi məzarlıqlar da üzə çıxır.  Fevralın 8-də Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında daha bir kütləvi məzarlıq aşkar edilib. Hələ ki, bu kütləvi məzarlıqda 8 nəfərə məxsus insan qalıqları tapılıb. Bundan sonra davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə,  hazırda ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir. Bu da əsassız deyil. Belə ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılan Beqlaryan Raşid Aramayisi öz ifadəsində  26 fevral 1992-ci ildə Xocalıdan Ağdam istiqamətində hərəkət edən 200 nəfərədək dinc əhalini Əsgəran qalası yaxınlığında pusquya salaraq, avtomat silahlardan atəş açmaqla qətlə yetirdiklərini, həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitləri həmin ətrafda basdırdıqlarını bildirmiş və cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərmişdi.

Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlamışdı. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən canlanmışdı.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Əsgəranda kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirərkən vurğulayıb ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkar edilməsi faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Xatırladaq ki, bu fakta qədər Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazilərində kütləvi məzarlıqlar aşkar edilib. Həmin məzarlıqlardan 400-ə yaxın insan qalıqları aşkar olunub. Şübhəsiz, aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı cinayətinin bariz göstəricisidir. Bu faktlar həm də Ermənistanın beynəlxalq hüquq normalarına və konvensiyaların tələblərinə zidd hərəkət etdiyini, heç bir tələbə məhəl qoymayaraq, insan hüquqlarını heçə saydıqlarını bir daha göstərir. Üstəlik, Azərbaycan tərəfinin müxtəlif instansiyalara dəfələrlə müraciət etməsinə baxmayaraq,  təcavüzkar ölkə kütləvi dəfn yerləri barədə məlumatları  təqdim etməkdən boyun qaçırır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulayaraq bir daha bildirmişdi ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir: “Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb”. Dövlətimizin başçısı beynəlxalq media təsisatlarına müsahibələrində də Ermənistan rəhbərliyini kütləvi məzarlıqların yerlərinin bildirilməməsinə görə ittiham edib. Məsələn, Prezident İlham Əliyev 2022-ci il fevralın 23-də Rusiya Federasiyasının paytax­tına rəsmi səfəri zamanı TASS agentliyinə müsahibəsində demişdir: “İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmı­şıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur”. Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri də qəbul edərkən kütləvi məzarlıqlardan söz açmış və bildirmişdi ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistana müraciət etsə də, təcavüzkar ölkə konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş etdirməyib. Şübhəsiz, bütün bunlar  Azərbaycan dövlətinin uzunmüddətli strategiyasında öz ərazisində Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə görə ədaləti bərpa etmək məqsədinin təzahürüdür. Bu gün də minlərlə soydaşımız  Qarabağda, Şərqi Zəngəzurda itkin düşmüş, qəddar ermənilər tərəfindən əsir və ya girov götürülmüş doğmalarının başlarına nələrin gətirildiyini, sonlarının necə olduğunu, harada dəfn olunduqlarını öyrənmək istəyir.

Amma Azərbaycanı müxtəlif bəhanələrlə, qərəzli yanaşmalarla hədəfə alan beynəlxalq qurumlar hələ də insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə, bu kimi faktlara hansısa reaksiya vermirlər. Sadəcə baş verənləri seyr edirlər. Sanki bu, belə də olmalı imiş. Halbuki, işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar  Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün olduqca əsaslı faktlardır. Şübhəsiz, gün gələcək Ermənistan bütün bunlara görə cavab verməli olacaq.

Daha çox xəbərlər