Siyasət 

Pakistan demokratiya sınağı ilə üz-üzə: İslam respublikasının nicatı həmrəylikdədir – ŞƏRH + FOTO

Pakistanda ötən həftə keçirilən parlament seçkisinin nəticələri açıqlanıb. Keçmiş baş nazir, hazırda həbsxanada olan İmran Xanın başçılıq etdiyi Ədalət Uğrunda Hərəkat Partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, parlamentin Aşağı Palatasında – Milli Assambleyadakı 336 yerdən 96-sını bu partiya qazanıb, 101 yeri müstəqil namizədlər tutublar. 75 yeri Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlmanlar Liqası, 54-nü Bilavala Bhutto Zardarinin lideri olduğu Pakistan Xalq Partiyası qazanıb. Parlamentdəki 70 yerdən 60-ı ənənəvi olaraq qadınlar, 10 yer isə qeyri-müsəlmanlar üçün ayrılıb.

Səslərin sayılmasına 60 saatdan artıq lazım olub. Heç bir siyasi partiya və ya blok hökuməti təkbaşına formalaşdırmaq üçün 169 yeri əldə edə bilməyib. Nəvaz Şərif seçkidə uğur əldə edə bilməsə də, koalisiya hökuməti yaratmağa cəhd göstərəcəyini bildirib.

Pakistanın Ali Məhkəməsi və Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 14 il müddətinə azadlıqdan məhrum edilmiş İmran Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat Partiyasının üzvləri bu siyasi kampaniyada müstəqil namizəd kimi iştirak edə bilərlər, onlara siyasi təşkilatın rəmzlərindən istifadə etmək qadağan olunub.

Ədalət Uğrunda Hərəkat Partiyasının nümayəndəsi Əli Xan Nəvaz Şərif və Bhutto ilə koalisiya yaratmaqdan qəti şəkildə imtina edib. Onların müstəqil namizədlərlə birlikdə hökumət qurmaq şansları da var.

Ona görə daha çox Nəvaz Şəriflə Bilavala Bhutto Zardarinin birgə hökuməti formalaşdıracaqları ehtimal olunur.

İmran Xan istefa verdikdən və həbs edildikdən sonra hökuməti Nəvazi Şərifin tərəfdarları formalaşdırdılar. Hətta onun qardaşı Şahbaz Şərif 2022-ci il aprelin 11-dən 2023-cü il avqustun 13-dək baş nazir oldu. Parlament seçkisi təyin edildikdən sonra Ənvar ül-Haq Kakar ölkənin müvəqqəti baş naziri oldu. Yeri gəlmişkən, əslən Bəlucistandan olan 52 yaşlı müvəqqəti baş nazir etnik puştundur. O, Bəlucistanın Avami partiyasının üzvüdür. Müvəqqəti hökumət başçısı vəzifəsində qarşıdan gələn seçkinin azad və ədalətli keçirilməsinə cavabdeh idi. Ənvar ül-Haq Kakar səlahiyyətlərinin icrasını seçki baş tutana və daimi baş nazir təyin olunanadək davam etdirəcək.

İmran Xanın və onun başçılıq etdiyi siyasi partiyanın bir sıra aparıcı üzvlərinin siyasi fəaliyyəti məhdudlaşdırıldıqdan sonra Nəvaz Şərifin və onun partiyasının nüfuzu artdı. Bir çoxları ehtimal edirdilər ki, o, ordudakı nüfuzundan istifadə edərək seçkinin nəticələrinə təsir göstərəcək. Düzdür, səsvermədən sonra müxalifətlə hökumət qüvvələri, o cümlədən polis və hərbçilər arasında müəyyən toqquşma baş verib. Ancaq sonradan polislər və hərbçilərin təzyiqi azalıb, bir sıra hallarda isə sakitləşib.

Pakistan İslam Respublikası bir çox xüsusiyyətlərinə görə unikal ölkədir. Demokratik dövlət kimi özünü təsdiq edən Pakistanda builki seçki təkcə daxili siyasi gərginlik deyil, həm də qonşu ölkələrlə münasibətlərin kəskinləşdiyi fonda keçirilib. Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra İslamabadla aralarında müəyyən problemlər yaranıb. İki ölkə arasında sərhəddə gərginliklər yaşanıb. Hindistan Ali Məhkəməsi isə Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunu dəstəkləyib. Ardınca da parlament bu ştatların xüsusi statusunu ləğv edib. Nəticədə, bölgənin digər ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi olmayacaq. 2019-cu ildə bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olmuşdu.

Bu il yanvarın 15-dən 16-na keçən gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə aviazərbələr endirib. Yanvarın 18-də isə Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə cavab verib.

Bu islam respublikası demokratiyasına görə də unikaldır. Məsələn, hökumət başçıları ya terrora məruz qalır, ya da həbs edilirlər. Əvvəlkilərlə müqayisədə keçmiş baş nazirlər Nəvaz Şərif və İmran Xan həbs olunublar. Yeri gəlmişkən, 2018-ci ildə İmran Xan Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad zavodunun alınmasına bəyan edilməmiş vəsait yatırmaqla bağlı korrupsiyada təqsirli bilinmişdi. İslamabad Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini yeddi illik həbsə məhkum etmiş və 2,5 milyon dollar cərimələmişdi. 2023-cü ilin dekabrında İslamabad Ali Məhkəməsi ona bəraət vermişdi.

Gərginliyin azalması və xarici pozucu qüvvələrə birgə müqavimət göstərilməsi üçün Pakistanda demokratiyanı, həmrəyliyi çıxış yolu saymaq olar. Hərbçilərin siyasi hadisələr, o cümlədən hökumətin formalaşmasına müdaxiləsi ölkədə demokratiya, iqtisadi, siyasi və ictimai inkişafa problem yarada bilər. Çünki tez-tez hərbi çevrilişlər olan, yaxud ümumiyyətlə belə hadisə baş verən ölkələrdə sadaladığımız sahələr geriləyir. Bu həm də dövlətin müdafiə qüdrətinə, beynəlxalq aləmdə nüfuzuna da mənfi təsir göstərir.

Pakistan islam respublikası olaraq demokratik yolla inkişafı islam adı altında mövcud olan dövlətlərin də gələcəyinə təsir göstərə bilər. Siyasi, ictimai, dini, hərbi liderlərinin həmrəyliyi bu ölkənin nicatıdır. Əks halda, daha bir müsəlman ölkəsində xaos qaçılmaz ola bilər. Pakistan demokratiyanın daha bir imtahanı ilə üz-üzədir.

“Report” İnformasiya Agentliyi

Daha çox xəbərlər