Siyasət 

Tarixdə görünməmiş ədalətsizlik: 1948-ci il deportasiya qərarından 76 il ötür

Müasir Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında təşəkkül tapması artıq faktlarla sübut edilib.  Ermənilərin havadarlarının yardımı ilə  Azərbaycan torpaqlarına kütləvi köçürülməsi ilə əsası qoyulan bu siyasət nəticəsində Azərbaycan xalqı etnik təmizləməyə məruz qalıb, öz yurd-yuvalarından didərgin düşüblər. 

Xatırladaq ki, 10 mart 1948-ci ildə  SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Qərarda göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında”  1948-ci il 10 mart  tarixli qərarına əsasən, on minlərlə azərbaycanlı kolxozçunun “könüllü” boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Sən demə, elə bu addım da onların  “Vətən”ə köçmək istəyindən qaynaqlanırmış. Həmin sənəddə 100  min azərbaycanlının köçürlməsi nəzərdə tutulsa da, qərarın qüvvədə olduğu müddətdə, yəni 1953-cü ilə qədər bu rəqəm 150 minə çatdırılıb.

Deportasiyadan istifadə edən haylar soydaşlarımızın yaşadıqları yaşayış məntəqələrinin adlarının dəyişdirdi, təhsil və mədəniyyət ocaqlarını bağladılar. Nəticədə minlərlə kənd və rayon adları erməniləşdirildi. Bunu da toponimika tarixində misli görünməyən hadisə kimi dəyərləndirmək olar.
Şübhəsiz, 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından köçürülməsi siyasəti insan hüquqlarına zidd idi. Bir faktı da qeyd edək ki, Sovet rəsmi sənədlərində bir çox köçürülmələrə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların bu deportasiyasının heç adı belə çəkilməyib. 1997-ci il dekabrın 18-də Ulu Öndər  Heydər Əliyevin imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib. Fərmanda bildirilir: “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,  soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”. Fərmanda 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının lazımınca  araşdırılmadığı, bu hadisələrə hüquqi-siyasi qiymət verilmədiyi də öz əksini tapıb.


Ümumiyyətlə, son 200 il ərzində, xüsusən 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 1987-1991-ci illərdə  300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. Bununla da  Ermənistan monoetnik bir dövlətə çevrilib. Şübhəsiz, vaxtilə azərbaycanlıların kompakt şəkildə məskunlaşdığı torpaqlardan qovulması tarixdə görünməmiş ədalətsizliyin göstəricisidir.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib: “Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz, demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var”. Dövlət başçısı, həmçinin bildirib ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır.
Nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən Prezident  İlham Əliyev vurğulayıb ki, biz Qərbi Azərbaycan tank üstündə, hərbi yolla deyil, sivil qaydada, mül¬ki nəqliyyat vasitələri ilə, sülh şəraitində qayıdacağıq. Əminliklə demək olar ki, Azərbaycan öz düşünülmüş siyasəti ilə buna da nail olacaq.
Yeri gəlmişkən qeyd edək ki, soydaşlarının müstəqil dövləti olan Azərbaycan Respublikasına sığınmış Qərbi Azərbaycan İcması qədim və zən¬gin bir tarixi irsin sahibi olaraq doğma yurda qayıtmaq haqqını gerçəkləşdirmək üçün inadlı mübarizəsini davam etdirir. Belə ki, Qərbi Azərbaycan İcması  2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayaraq, ata-baba torpaqlarımıza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq istəyini ifadə edib. Təəsüf ki, baş nazir bu müraciətə cavab verməyib. Amma haylar icma üzvlərinin geri dönüş istəyini ərazi iddiası kimi təfsir ediblər. Halbuki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.

Daha çox xəbərlər