Cəmiyyət 

Novruz çərşənbələri: FOLKLORŞÜNAS HANSI ADƏT-ƏNƏNƏLƏRDƏN SÖZ AÇDI?/EKSKLÜZİV

Elimizin müqəddəs bayramı olan Novruz gəlir. Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Bu bayramın ən əhəmiyyətli hissələrindən biri də Novruz çərşənbələridir. Novruz çərşənbələri, qədim zamanlardan bəri Novruz bayramının müqəddəs hissəsi kimi qeyd edilir və hər bir çərşənbə xüsusi mənası və ənənələri ilə seçilir. 

“Novruz bayramı yazın  gəlişi ilə əlaqədar olaraq təbiətin oyanmasını  və ölüb-dirilmə mərhələsini əks etdirir: “Novruz- çilə çəkdiyimiz qış gecələrinin yekununda  yaza açılan yeni gün  deməkdir. Bayram öncəsi dörd çərşənbə gerçəkləşir. Hər çərşənbə də Novruza bir addımın qalmasını göstərir.”

Bunu  “İki sahil”ə  özəl açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söylədi.

Folklorşünasın sözlərinə görə, bu il çərşənbələr fevralın 27-dən başladı. Bu da  boz ayına təsadüf etdi. Bu, həm də qışla yazın mübarizəsi deməkdir. Dörd çərşənbədən öncə hələ bir  çərşənbə də yalançı çərşənbədir ki, o da bu il fevralın 21-nə təsadüf etdi.  Yalançı yəni beşinci çərşənbədə  heç bir özəlliklə heç  təam bişirilmir, süfrələr qurulmur. Sadəcə bəzi yerlərdə xüsusən Qarabağ bölgəsində  evlərin giriş qapısının ağzında kiçik ocaq qalanır. Bu da yazın gəlişinə inam və ümidlərin artdığına bir işarədir. Təbii ki, dörd çərşənbə ilə gerçəkləşən Novruz bayramında artıq insanın, təbiətin, həyatın və dünyanın yaradılışı ilə bağlıdır.

Müsahibimiz qeyd etdi ki, çərşənbəmiz  su çərşənbəsi ilə başlayır.  Hər kəsə bəllidir ki, su  yaradılış və törəniş deməkdir. Su həm də varlıq və var olmaq deməkdir. İnanca görə, ilk dəfə dünya bərqərar olanda suyun üzərində qurulub. Bununla da bərabər insan da dünyaya gələndə ana bətnində döl olaraq suda mayalanır. Biz  arınmaq, sudan durulmaq, suda paklanmaq və yeni doğulmaq missiyasını daşıyan bu çərşənbədə su kultunu icra edirik, insanların suya olan inamını müqəddəsləşdiririk. Su çərşənbəsində  bir-birimizin üzərinə su çiləyər, suyun üzərindən atlanar,  ağrımızı, dərdimizi suya danışar, suya niyyət edərik. Suyu içib durularaq evdə olan xəstələrin, körpələrin  üzərinə su çiləyərik ki, köhnə ildən qalma bütün neqativ ağrılarımız o su ilə yuyub, axınıb getsin. Bu çərşənbədə suyun mələklərinə inam etiqadı var. Suyun öz sahibləri var və suyun üzərinə gedən böyüklərimiz suya salam verərdilər, suyu müqəddəsləşdirən böyüklərimiz suyun mələklərinə and içərdilər.

Həmsöhbətimiz ikinci çərşənbənin əhəmiyyət və özəlliklərindən də söz açdı: “Od çərşənbəsi təbiəitin, havanın  isinməsi və odun, ocağın qalanması ilə  yanaşı, həm də xeyirin şər üzərində qələbəsi, insanların oda, ocağa sitayiş edib, od kultunu müqəddəsləşdirməsi və odun üzərindən atlanaraq ağrı-acılarını dərd-sərlərini odda yandırıb,  oddan arınmaq, paklanmaq və durulmaq  deməkdir. Od çərşənbəsində odun üzərindən keçdikdən sonra insanların antik düşüncəsindən günümüzə qədər  odda yandırılan bir il öncəki bütün problemlər , ağrı-acı növbət ildə daha sağlam ruhda həyata qədəm qoymasını simgəsidir.

İlhamə Qəsəbovanın sözlərinə görə, ilk çərşənbə el arasında su çərşənbəsi, əzəl çərşənbəcıvrıxçı, cıdırçı, yaxud xəbərçi çərşənbəsi adlanır. Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidi, Üçüncü çərşənbə adlanan yel çərşənbəsi Qarabağ və Qərb bölgəsində  torpaq  çərşənəbsi adlandırılır. Belə adlandırılmasının səbəbi odur ki, insanın oddan, sudan, torpaqdan güman edirlər və oddan, sudan yaranan insan əslində su biz tərpətdisə, oyatdısa, bizə paklıq, müqəddəslik verdisə, su bizim dirilişimizdirsə, odda bizə istilik verdisə bu dirilişi, təbiətin istiliyini əks etdirdisə bundan sonra günəniş istiliyi torpağa istilik keçir.

Folklorşünas vurğuladı ki, üçüncü çərşənbə isə yelli, küləkli, külək oyadan çərşənbə  kimi adlansa da, Qərb və Qarabağ bölgəsində qara çərşənbə, qara bayram, torpaq çərşənbəsi deyənlər də çoxdur. Bu çərşənbədən bir gün öncə insanlar qəbirüstünə gedir,  orada təmizlik işləri aparırlar, ziyarətə gedəndə xonçalar düzəldilir, səmənilər aparılır, təamlardan, şamlardan da istifadə olunur. Bunun əsas məqsədi bayram günü doğmalarını yad etməkdir. Bu ziyarətin digər səbəbi odur ki, qəbirüstündəki təamlardan, azuqələrdən  ehtiyacı olan insanlar gəlib götürsünlər.

Müsahibimizin sözlərinə görə, yel çərşənbəsi qədim əcdadlarımızın yel tanrısına olan etiqadı ilə bağlıdır. Onlar “yel baba” deyərək  onu çağırır, xırmandakı dənin sovrulmasını istəyirlər, dən dağılıb dağ olarsa, yel babamız sağ olsun deyərək, yelə olan inamm həm də bizim  islamdan öncəki inanc sistemimizə dayanır. Bildiyimiz kimi, o vaxt çoxallahlılığa inam var idi. Yelə, oda, ağac kultuna müqəddəsləşdirib inanmaq və o inanc sistemi də Novruz  bayramında sistemləşərək günümüzə gəlib çıxmışdır. Novruzun dördüncü çərşənbəsi torpaq çərşənbəsində bayramdan gözəl, təmtəraqlı süfrələr qurulur, Novruz bayramını çox gözəl şəkildə qeyd edirlər. Bəzi bölgələrimizdə ikinci  və sonuncu çərşənbədə lopaqlar yandırılır və göyə atılır. Həmin lopalar da yerin göy üzərində, günəşin qaranlıq üzərində qələbəsi, yazında qış üzərindəki qələbəsinin kimi  simgələnir. Novruzun axırıncı çərşənbəsində insanlar ürəklərində bəslədikləri arzu və niyyətlərin gerçəkliyə qovuşmasına ümid edərək fallar, ayinlər, rituallar icra edirlər. Sonuncu çərşənbədə qapılar taybatay açıq olar, heç bir evdə neqativ söhbət olmaz ki, qapı pusma zamanı kiminsə arzusunun  çin olmasına mane olmasınlar. Novruz bayramının ən gözəl atributlarından biri kosa və keçəlin oyunudur. Onlar qışı və qışı tərənnüm edirlər. Bütün bunlar əcdadlarımızın təbiət hadisələrinə və kosmik inanc sisteminə dayanması ilə  bağlıdır. Onların düşüncəsinə görə insanın, torpağın, təbiətin yenidən dirilməsi həyatın yenidən başlanğıcı sayılır.  Məhz bu səbəbdən Novruz bayramı həm də yeni gün deməkdir.

Daha çox xəbərlər