Yenidən qurulan kəndlərimiz, şəhərlərimiz tarixi sakinlərini qarşılayır – Böyük Qayıdış
İkinci Qarabağ müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb.
Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.
Hazırda demək olar ki, Füzuli şəhərinin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar, yenidən qurulur. Dövlət başçısının tapşırığının icrası ilə gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin, eləcə də Füzuli rayonunda aparılan tikinti işlərinin sayəsində füzilililər öz doğma yurdlarına qovuşurlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, martın 27-də Füzuli şəhərinə növbəti köç karvanının yola salınması bunun bariz nümunəsidir. Həmin gün respublikamızın müxtəlif ərazilərindəki yataqxanalarda, sanatoriyalarda, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə-134 nəfər köçürülüb. Bununla Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.
İndi Xocalıya da həyat yenidən qayıdır. Qəhrəman ordumuzun 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi lokal antiterror tədbirləri nəticəsində işğaldan azad olunan, bu gün əzəmətli tikinti meydançasını xatırladan Xocalıya cari ilin may ayında ilk köç olacaq. Hazırda Xocalıda 253 mənzildə iş gedir. Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Yerli sakinlər də quruculuq prosesinə cəlb ediliblər.
Xocalı Rayon İcra Hakimiyyətindən mətbuata verilən məlumata görə, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir. Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur. Xocalılar bundan sonra öz doğma el-obalarında əmin-əmanlıq içində yaşayacaqlar. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək.
Bu gün xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix yazır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri Böyük Qayıdışı sürətləndirir. Əminliklə demək olar ki, Böyük Qayıdış bundan sonra daha sürətlə həyata keçiriləcək, soydaşlarımız böyük sevinc hissi ilə öz doğma yurdlarına qayıdacaqlar.

