Dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb – FOTO
“2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib”.
ARANTV.AZ xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, rəqəmsal cinayətlər adətən informasiya resursunda təhlükəsizlik boşluqları olduğu hallarda meydana çıxır:
“Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin olunub.
Kiberhücum cəhdlərinin analizi ilə xidmətimiz tərəfindən 1162 xüsusi kiberhücum indikatoru müəyyən edilərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb.
Həmçinin 2023-cü il ərzində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7 464 500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103 650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməyib.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınmış və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb.
Eyni zamanda xidmətimiz tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri həyata keçirir. Hazırda 30 000 dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır.
Belə ki, bu sistem vasitəsilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilib ki, onlardan 15 milyon 577 mini istifadəçilərə çatdırılıb, 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir”.

