Region Xəbərləri 

Mühüm Əməkdaşlıq İstiqaməti

Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir deyə bilərik. Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də Azərbaycana qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirmiş, müzakirələr aparmışdır..
Fəaliyyəti dövründə Prezident İlham Əliyev Azərbaycanın ən mühüm problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə danışıqlar aparmaq üçün 17 dəfə Ermənistanın dövlət başçısı (12 dəfə Robert Koçaryanla, 5 dəfə Serj Sarkisyanla) ilə görüşmüşdür. Dağlıq Qarabağ məsələsi ilə əlaqədar İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul etmişdir. Ümumiyyətlə, dövlət başçısının xaricdə və Azərbaycanda keçirdiyi görüş və qəbulların sayı 1780-dən çoxdur.
Prezident İlham Əliyevin xarici siyasi fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayı 5000-dən çoxdur.
Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir.
Bu gün də əminliklə deyə bilərik ki, Qalib ölkə olduqdan sonra xarici ölkələrin bizə marağı daha da artdı, ölkəmizə çox sayda səfərləri müşahidə edə bilirik. Həmin görüşlərdən biri də 4 aprel tarixində Konqo Respublikasının Prezidentinin ilk dəfə ölkəmizə səfəri oldu.
Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Bildirək ki, istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır.
Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub. Qeyd edək ki, səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.
Bundan başqa da sənədlər imzalanıb. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Dövlət başçısı qeyd edib ki, bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək.
“Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”, – deyə İlham Əliyev söyləyib.
İlham Əliyev daha sonra bildirib ki, görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub, fikir birliyi ifadə edilib. Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”, – deyə İlham Əliyev bildirib. Prezident onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində:
“Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”. Qeyd edək ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.
Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir.
Elnarə Cəfərova – Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər