Nə qədər ki, bəşər endirilmiş deyil, uydurulmuş dinə etiqad edəcək, müharibələr dayanmayacaq
Müsəlmanların başına gələn bəlalar ona görədir ki, onlar Hz. Məhəmməd peyğəmbərin (s.a.s) yox, Müaviyənin yolunu gedirlər
Hz. Əli (ə): “Əməvilər İslam donunu geydilər, ancaq çevirib tərsinə geydilər”.
Konstitusiyamızın 18-ci maddəsinə əsasən, dövlət dindən ayrıdır. Lakin, bu, o demək deyil ki, “Qurani-Kərim”dən də ayrıdır. Onda elədirsə, bəs niyə ölkə Prezidenti Konstitusiya ilə bərabər “Qurani-Kərim”ə də əl basıb and içir.
“Qurani-Kərim” Allah kəlamıdır, Konstitusiya isə bəndə düşüncəsinin məhsuludur. Söz yox ki, Allah kəlamı bəndə kəlamından üstün olduğundan “Qurani-Kərim” də Konstitusiyadan üstündür.
Diqqət yetirsək, görərik ki, inkişafda olan dövlətlərin konstitusiyaları məhz ilahi ədalətə söykənir. Yəni, Hz. Məhəmməd peyğəmbərin (s.a.v.) qoyub getdiyi həqiqi İslamın təməl prinsipləri ilə üst-üstə düşür. Təsadüfi deyildir ki, Karl Marks demişdir ki, “avropalılar müsəlman deyillər, ancaq onlar, İslam qanunları ilə yaşayırlar”. Bu, o deməkdir ki, İslam sülh və ədalət dinidir və bütün bəşər üçündür. Ona görə də, onlar sözdə yox, əməldə müsəlmandırlar. Çünki onlar “Qurani-Kərim”i müsəlmanlardan yaxşı bilirlər.
Bu fikir “Qurani-Kərim”də də öz təsdiqini tapır. Lakin, nədənsə, bunu ilahiyyatçıların dilindən eşitmirik. Məsələn, “Qurani-Kərim”in 42-ci surə (əş-Şura), 13-cü ayəsində Məhəmməd peyğəmbərə (s.a.s) xitabən deyilir: “Nuh-a qanun bilidyini sizə də din olaraq buyurumuş Allah. ‘Dininizdə bütöv olun, bölünməyin!’ deyə, vəhy elədik Sən-ə, buyurduq İbrahim-ə, Musa-ya və İsa-ya”.
Bu, o deməkdir ki, İslam dini üçüncü və ya axırıncı din deyil. İsrail Hibri Universitetinin professoru Moşe Şaronun da təsdiq etdiyi kimi, Yer üzündə əzəldən bu günə qədər yalnız bir din mövcuddur, onun da adı İslamdır və əlavə edir ki, Adəmdən tutmuş Məhəmməd peyğəmbərə (s.a.s) qədər bütün peyğəmbərlər müsəlmandırlar.
Göründüyü kimi, söhbət, bəndənin yox, Allahın yaratdığı dindən gedir. “Qurani-Kərim”in Ali-İmran surəsinin 19-cu ayəsində deyilir: “Allah mərtəbəsində (qatında) din, şübhəsiz, İslamdır”. 85-ci ayəsində isə buyurulur: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (elə bir din) heç vaxt ondan qəbul olunmaz və o (axirətdə) zərər çəkənlərdən olar”.
Mənə elə bir alim, filosof, mütəfəkkir, dövlət xadimi, adı tarixdə silinməz iz buraxan bir dahi şəxsiyyət göstərə bilərsinizmi ki, onları bu məqama çatdıran, şöhrətləndirən, dedikləri o müdrik fikirlər, kəlamlar Allah-təalanın göndərdiyi səmavi kitablarda, xüsusi ilə də, “Qurani-Kərim”də öz əksini tapmasın?!
Din insanları mövhümata sürükləyə bilər, “Qurani-Kərim” isə yox. “Qurani-Kərim”, insanların bəsirət gözünü açan, kəşf edilmiş və ediləcək bütün elmlərin kodlaşdırılmış məcmuəsidir.
Biz, din deyəndə, istər-istəməz “Qurani-Kərim”i, “Qurani-Kərim” deyəndə, mexaniki olaraq dini düşünürük. Ancaq fərqinə varmırıq ki, necə deyərlər, cin ayrı, şeytan ayrıdır. Din “Qurani-Kərim”in müddəalarının yerinə yetirilməsi üçün bir təşkilat rolunu oynayır, o təşkilat ideal olmaya da bilər. Bu, onu icra edənin tutduğu mövqeyindən asılı olaraq yanlış istiqamət də ala bilər. Necə ki, Hz. Əli (ə) 661-ci ildə Məhəmməd peyğəmbərin (s.a.s) vəfatından 29 il sonra hakimiyyəti ələ keçirən Əməvilər haqqında demişdir: “Əməvilər İslam donunu geydilər, ancaq, çevirib tərsinə geydilər”.
Asan və sadə dildə vəhy edilməsinə baxmayaraq, “Qurani-Kərim”dəki hikməti anlamaq üçün dərin elmə, biliyə, kreativ düşüncə tələb edən fəlsəfi təfəkkürə malik olmaqla bərabər, hər bir müsəlman gərək öz ana dilinin qrammatikasını, ədəbi dilini, onun yazılı və şifahi formalarının incəliklərini gözəl bilsin. Öz dilini mükəmməl bilməyən, nəinki başqa dili, heç öz dilində yazılanı belə, oxuyan zaman, onun düzgün mənasını anlamaz. Görürsən ki, çox adam durğu işarələrini yaxşı bilmədiyindən, şifahi dediyini yazılı olaraq çatdıra bilmir, çünki, durğu işarələrinin özü özlüyündə bir dildir. Bir vergülün belə, yerini düzgün təyin etməyəndə, cümlədə məzmun dəyişir. Hətta, oxuyarkən, intonasiyanı belə, düzgün vurğulamayanda, məna dəyişir. O nöqteyi-nəzərdən “Qurani-Kərim”i, yalnız və yalnız onun nazil olunduğu klassik ərəb dilində oxumaq lazım və vacibdir.
Ona görədir ki, ingilis kəşfiyyatçısı Hemfer öz etiraflarında qeyd edir ki, “Biz imkan verməyəcəyik ki, müsəlmanlar “Qurani-Kərim”i ərəbcə oxusunlar. “Qurani-Kərim”i dərk etməsinlər deyə, ərəblərin özlərinə, “Qurani-Kərim”in yazıldığı klassik ərəb dilini unutduracağıq. “Qurani-Kərim”i, müsəlmanlara biz özümüz təhrif edib, tərcümə etdiyimiz halda, onlara oxutduracağıq. Bütün bunlar bizim nəzarətimizdə olacaq. Hətta, müsəlmanların övladlarını biz özümüz tərbiyə edəcəyik. Necə? Öz cəsuslarımızı onların evlərinə dayə kimi soxacağıq”.
XVIII əsrin I yarısından başlayan bu siyasət bu gün də davam etdirilir. Belə olan halda, “Qurani-Kərim”in tərcməsini, hər yerindən durana etibar etmək və yaymaq nə dərəcədə düzgündür?! Halbuki, heç bir tərcümə orjinal qədər düzgün səslənməyəcək. Baxmayaraq ki, heç bir tərcümə “Qurani-Kərim”in əsli ilə tam uyğun gəlməyəcəkdir. Ona görə də, bütün yaranmış neqativ halların qarşısını almaq üçün “Qurani-Kərim” yalnız əslindən (orjinaldan) oxunmalı və ərəb dilində tədris edilməlidir. Belə olan halda, hər bir müsəlman “Qurani-Kərim”i ərəb dilində oxuyub dərk edər, öz ailə və övladlarını o ruhda tərbiyə edər. Onda, hər bir müsəlman övladı heç bir xarici xüsusi kəşfiyyat orqanlarının təsiri altına düşməz, molla rejiminin mövhumatına uymaz. Belə bir möhkəm sipərin əldə edilməsinin yalnız və yalnız bircə yolu var: hər bir müsəlman dövlətinin öz dövlət dili ilə yanaşı, “Qurani-Kərim”in nazil olunduğu ərəb dili də orta məktəblərdə tədris olunmalıdır. Ali məktəblərdə isə “Qurani-Kərim”in özü tədris edilməlidir. Tədris edən müəllimlərin seçimi isə dövlət təhlükəsizliyi qədər ciddiyyətə alınmalıdır. Ona görə ki, ərəb dilini yaxşı bilən kamil insan “Qurani-Kərim”in hikmətini dərk edə bilər. Ona görə ki, orta məktəb səviyysəində intellekti olanın təfəkkürü buna yetməz, mütəşabih ayələrin əsl mənasını ayırd edə bilməz.
Nəticə etibarı ilə, təxminən orta məktəblərin ardıcıl olaraq 6 buraxılışından sonra, yəni bir insan nəslindən sonra bütün müsəlman dünyasında hər bir fərd “Qurani-Kərim”i özü ərəbcə oxumağı bacaracaq, özü anlayacaq və heç bir molla rejimi onları öz məqsədləri üçün yolundan döndərə bilməyəcəklər.
Əks-təqdirdə, onsuz da dini savadsızlığın baş alıb getdiyi bir dövrdə, insanlığı qara bir qəpiyə satan dələduzların da olduğu bir zamanda, yerindən qalxıb “mən İmam Mehdiyəm” deyən hər nadana inanıb ona səcdə edənlərə hələ çox rast rast gələcəyik. Hamının bilidyi məlum hadisədir ki, özünü İmam Mehdi kimi qələmə verən bir dələduza acından ölən qohumuna 5 manat belə verməyən, lakin, o dələduza ev tikib maşın hədiyyə edirlərsə və belə həyatda uğur qazandıqlarını düşünürlərsə və ailələrini də belə bir ruhda tərbiyə edirlərsə, bu, əlbəttə, tək onların yox, bütün millətin, xalqın faciəsidir. Bütün bunlar elmdən uzaq olan təhsilin və “Qurani-Kərim”dən uzaq olan dinin abu-havasından xəbər vermirmi?
Bəzən televiziya və mətbuatı dinləyərkən, müasir gənclərin saytlardakı yazışmalarını oxuyarkən, buraxdıqları qrammatik səhvlərə rast gələndə, mən, orta məktəbdə oxuduğum illərdə, telediktorların çıxışlarını eşidib inşa yazımdakı hərf səhvlərimi düzəltdiyim anları xatırlayır və həsəd dolu hisslər keçirirəm. Çünki bu gün kitabxanalar bağlı, kitablar bükülü qalıbdır. Mütaliə edənə isə əxlaqdan kənar olanlar geridə qalmış kimi baxırlar.
Hz. Əlidən (ə) soruşurlar ki, “Dövlətin dini varmı?” Cavab verir ki, “Bəli, var. Dövlətin dini onun ədalətidir, ədaləti yoxsa, zatən, dini də yoxdur!”. Eyni zamanda, Hz. Əli (ə) xütbələrinin camaata xitabən birində demişdir: “Ədəbin nə olduğunu dərk etsə idiniz, Allah-təaladan ruzi əvəzinə ədəb dilərdiniz!”.
Əxlaqı olmayan intellekt səviyyəli insan təhlükə mənbəyidir. Əxlaqsız insanda vicdan, vicdansız insanda isə ədalət ola bilməz. Bütün pisliklər ədalətsizlikdən doğur.
Ədalətsiz insanda vicdan ola bilməz. Vicdan, Haqqdan olan bir paydır. Hər insanda bir zərrədir, aləmləri yaradanın özündən bir nişanədir. Vicdanının səsini eşitməyən, nəfsinə tabe olan, Allahı eşitməmiş olur və zərərçəkmişlərdən olur. Allah-təala insana deyir, üç şey vardır ki, biri səndədir, biri məndədir, biri də ikimizin arasındadır. Səndə olan mənim ruhumdur. Məndə olan sənin əməllərindir. Aramızda olan isə sənin duandır. Hər insan öz əməlinin girovundadır. Xoş o insanın halına ki, Allah ondan razıdır.
Əxlaqın olmadığı yerdə bütün nailiyyətlərin mənasız olduğunu hesab edən cəbr və alqoritm elminin banisi Əl-Xarəzmi, ilk elmi əsərini bu cümlə ilə başlayır: “Alqoritm belə deyir – Rəbbimiz və qoruyucumuz olan Allaha həmd olsun!
“İslam adı altında iki tane din var ortada, diyor; biri uydurulan din, biri indirilen din. Mustafa Kemal de geldi bu uydurulan dinin canına okudu. Bu din düşmanlığımıdır? Şimdi İbn Teymiyyenin kıssaslarını kullanalım. Mustafa Kemalın uydurulan dine vurduğu darbe din düşmanlığımıdır, dine hizmetmidir? Vallahi ve billahi dine hzimetdir!”
(Mənbə: Yaşar Nuri Öztürk https://www.youtube.com/shorts/PU666WNmzvg
“Müaviyə – bugünkü dininin önderi odur. Bu gün dincilik adına öne çıkarılan dinin peygamberi Hz. Muhammed (s.a.s) değildir. Hz. Muhammed (s.a.s) öyle bir din bırakmadı. Bu neyin nesidir diye araşdırdım. Ömrümü bu işe vermiş bir adamım. Bakıyorum, “çuk” diye oturduğu bir yer var. Ebu Süfyanın oğlu Müaviyenin dini. Talan dini, yalan dini, iftira dini, böhtan dini, hakları çeğneme dini, hukuku yok etme dini, malzumları ezme dini, paylaşımı yok etme dini, insanları köleleşdirme dini, Hz. Muhammedin (s.a.s) dini bunların tam tersini yapan dindir ve isteyen dindir. Hz. Muhammedin (s.a.s) dinine mensup olanlar Maun suresini ihlal edermi? (Qurani-Kərim, Maun surəsi: 1. Dini yalan hesab edəni gördünmü? 2. O elə adamdır ki, yetimi itələyib qovar; 3. Və yoxsulu yedirtməyə rəğbətləndirməz. 4. Vay halına o namaz qılanların ki, 5. Onlar öz namazlarından qafildirlər; 6. Onlar riyakarlıq edər, 7. Və zəkat verməyi qadağan edərlər). Hz. Muhammedin (s.a.s) dinine mensup olanların Mercumek talanları olurmu? (Mənbə: Yaşar Nuri Öztürk, https://www.youtube.com/shorts/z9RLQGg5MTU)
Məhəmməd peyğəmbərdən (s) sonra saxtalaşdırılmış bugünkü İslam da başda olmaqla bütün dinlər yolunu azmış insanların uydurmasıdır. Həyatda sülhün, əmin-amanlığın, ədalətin bərqərar olmasını təmin edəcək insanlığın qorunub saxlanması üçün ALLAH(c.c.), din olaraq İSLAM-ı göndərmiş və “Dininizdə bütöv olun, bölünməyin!” deyə əmr etmişdir. (Quran, 42/13). Lakin, nankor insanlar Allahın mövqe təyin etmə sistemi (GPS) olan vicdanlarının səsinə yox, onları insanlıqdan çıxaran nəfslərinin ( şeytanın ) səsinə qulaq asdılar, Allahı və onun dinini dandılar, lakin məsum insanlar üzərində öz hakimiyyətlərini qurmaq üçün “ALLAH” pərdəsi altında hər qövmün özünə uyğun, ağılları kəsəcəkləri və özlərinə xeyir edəcəkləri formada dinlər yaratdılar və öz mövqelərini qorumaq üçün də bir-birini qırır, sonu bitməyən savaş içindədirlər! Bu da Allahın işidir, nankor insanları sınağa çəkir, islah edir! Hər şey oduğu kimi gözəldir, çünki, hər kəs öz əməlinin girovundadır!..
Həsən Kamil,
Qızıl Qələm mükafatı laureatı

