MÜSTƏQİLLİYİN İLK İLLƏRİNDƏ ÇOX ÇƏTİNLİKLƏR YAŞADIQ, ANCAQ BU VƏZİYYƏTDƏN ÇIXA BİLDİK.
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.
Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.
Müstəqillik və azadlıq kimi firavan həyat yaşamaq da qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında ağır, məşəqqətli günlər yaşadı. Onsuz da, 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımız Azərbaycana pənah gətirmişdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin hakimiyyəti yox dərəcəsində idi. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı.
Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.
Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə məhz Ulu Öndər Heydər Əliyev xalqımızı və tariximizi, Azərbaycan dövlətçiliyini xilas etdi, qoruyub saxladı, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Bəli, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonrakı dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olundu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Dahi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına bir daha sadiq qaldığını sübut etdi ki, həqiqətən Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub, öz sözünü cəsarətlə demək qüdrətindədir. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici siyasət xətti düşünülmüş prinsiplər əsasında hazırda da uğurla davam etdirilir.
Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkə iqtisadiyyatında sürətli və davamlı inkişafa nail olub.
O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu.Və beləliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Nərgiz Əhmədova , YAP Bərdə rayon təşkliatı fəalı, Bərdə şəhər Nizami Gəncəvi adına 2-nömrəli Beynəlmiləl tam orta mətəbin müəllimi.

