Yenilənən, müasirləşən yol infrastrukturu…
Son illərdə respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çoxmilyardlıq investisiyalar qoyulub. Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Son rəqəmlərə görə, ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.
Son 20 ildə ölkə ərazisində təxminən min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, ümumilikdə, 2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km respublika əhəmiyyətli, 11 418,7 km yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və yaxud təmir edilib.
Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.
Respublikamızda yol layihələrinin icrası fasiləsiz şəkildə davam etdirilir. 2023-cü ildə 881,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Ötən il Bakıda 40 yeni piyada keçidi təşkil edilib. Paytaxtın 510 nöqtəsində mövcud piyada keçidləri yenilənib. Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir. Yeni yerüstü piyada keçidi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də tikilir. Orta dayaqsız metal konstruksiyalı olan keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir. Artıq layihə üzrə keçidin platformasının quraşdırılması işləri aparılıb. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq. Layihə çərçivəsində keçiddə beynəlxalq standartlara uyğun piyada pandusları, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
“Böyük Qayıdış”ı təmin etmək, azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi ortaya qoyulub. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan “Zəfər yolu”nun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədir. Çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəli yollardır. Qeyd edək ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi asan məsələ deyil. Bunun üçün həmin ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir. Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Horadiz–Zəngilan avtomobil yolunda dəsaslı təmir işləri gedir. Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb.
Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

