Müəllimlərin test üsulu ilə işə qəbulu tədrisin keyfiyyətini artırırmı?
Artıq neçə ildir müəllimlərin işə qəbulu müsabiqəsi və sertifikatlaşdırma prosesi aparılır. Bu proses başlayandan təhsil sahəsində müxtəlif müsbət və mənfi nüanslar aşkarlanıb. Lakin bəzən müəllimlər imtahan prosesindən şikayətlənir.
Görəsən, hazırda bu imtahan proseslərində hansı müsbət tendensiyalar və çatışmazlıqlar mövcuddur?
Müəllimlərin narazılığı olmamalıdır
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, işə qəbul prosesində əvvəlki illərdə müəyyən çatışmazlıqlar mövcud idi: “Belə ki, sualların tərtib olunması yaxud hansısa təşkilatlar tərəfindən sualların verilməsi, sonra isə həmin təşkilatın marketinq siyasətində həyata keçirdiyi müşahidə olunurdu. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, həmçinin Təhsil İnstitutu məhz bu kimi problemlərin qarşısını almaq üçün hazırda işlər görür. Müəllimlərin narazılığı olmamalıdır. Onlar ali təhsil üzrə bilik və bacarıqlarını bakalavrda hansı proqramlar əsasında əldə ediblərsə, suallar da bunun əsasında tərtib edilməlidir. Paralel olaraq pedaqogika və kurikulum bilikləri yoxlanılmalıdır. Çatışmazlıqlar arasında sualların qoyuluşu və vakansiyaların az olması var”.
Bu imtahanlar bizə məktəblərdə öz təhsil keyfiyyətlərini yüksəltməyi bacarmayan müəllimlərin olduğunu göstərdi
Təhsil eksperti Kamran Əsədov isə vurğuladı ki, 2009-cu ildən etibarən ilk dəfə Bakı şəhərində test vasitəsilə müəllimlərin işə qəbul imtahanı keçirilib: “2011-ci ildən ölkə üzrə bütün orta təhsil məktəblərində müəllimlərin işə qəbulu mərkəzləşmiş imtahan vasitəsilə baş tutdu. 2013-cü ildən isə bu prosesdə yeni bir mərhələ başladı. Belə ki, istər müəllimlərin işə qəbul imtahanının test mərhələsi, istərsə də sonradan keçirilən müsahibə mərhələsində kifayət qədər şəffaflıq, əlçatanlıq, keyfiyyət artımı müşahidə edilməyə başladı. Bununla da orta təhsil məktəblərinə müəllimlərin işə qəbulu vakansiyalarında ciddi irəliləyiş gördük. Növbəti uğurlu addım isə 2014-2018-ci illəri əhatə edən müəllimlərin diaqnostik qiymətləndirilməsi idi. İlk dəfə olaraq Azərbaycan təhsil sistemində çalışan 150 min müəllim qiymətləndirməyə cəlb edilmişdi. Bu, həm orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin diplomlarının yoxlanması, həm də tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının ölçülməsi istiqamətində öz müsbət təsirini göstərdi. Ardınca təhsil sistemində ən uğurlu addımlardan biri sertifikasiya mərhələsi oldu. 2022-ci ildən etibarən dövlət orta ümumtəhsil məktəblərində çalışan müəllimlər sertifikasiyaya cəlb olundular. İlk olaraq ibtidai sinif müəllimləri bu prosesin iştirakçısı oldu. Bu imtahanlar bizə orta ümumtəhsil məktəblərində tədris etdikləri fənnin bilik və bacarıqlarına malik olmayan, öz təhsil keyfiyyətlərini yüksəltməyi bacarmayan müəllimlərin olduğunu göstərdi. Bu, çox ciddi məsələ idi. Artıq 743 müəllimlə bağlamış əmək müqaviləsinə xitam verilib. Düşünürəm ki, müəllimlərlə bağlı keçirilən imtahanların Azərbaycan məktəbinin keyfiyyətinin yüksəldilməsində rolu danılmazdır. Eyni zamanda, bütün bunlar təhsil sisteminin sağlamlaşdırılmasına öz müsbət təsirini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, təhsil sistemində bundan sonra bilikli, bacarıqlı və inkişaf etməkdə maraqlı olan müəllimlər olacaq. Yaxın zamanlarda təhsil sahəsində nəticələrin daha yaxşı səviyyədə olacağının şahidi olacağıq”.

