Azyaşlıların dini mərasimdə iştirakı fizioloji-tibbi baxımdan da arzuolunmaz nəticələrə gətirib çıxara bilər – EKSPERT İZAH EDİR
Sabah Məhərrəmlik ayının 10-cu günü, Aşura gündür. Təəssüf ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Həmin uşaqların valideynləri özləri də bilmədən övladlarının təhlükəsizliyi və sağlamlığını təhlükə altına atmış olurlar.
VI çağırış Milli Məclisin deputatı Müşfiq Məmmədli “İki sahil”ə açıqlamasında bu məsələni dəyərləndirdi.
Müşfiq Məmmədli qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu milli adət-ənənələrinə, dini vəzifələrin icrasına hər zaman diqqətlə yanaşıb. Bütün mənfi təsirlərə, xarici təhdidlərə baxmayaraq xalqımız hər zaman öz milli və dini kimliyinə sadiq qalıb. Bununla xalqımız gənc nəslin sağlamlığı, onların Vətənə, millətə xeyirli vətəndaş kimi yetişməsinə hər zaman diqqətli olub.
Pediatr kimi bildirirəm ki, azyaşlı uşaqların bu tipli mərasimlərdə uzun müddət qalmaları onlarda fizioloji pozuntulara səbəb ola bilər.
Su-duz itkisi qısa müddət ərzində günvurmaya səbəb olur
Azyaşlıların dini mərasimlərdə, Aşura günü keçirilən təziyədə iştirakına toxunan Müşfiq Məmmədli qeyd etdi ki, bu qədər şiddətli isti havanın olduğu günlərdə azyaşlıların açıq havada, ayaqüstə qalmaları, onların orqanizminə mənfi təsir edə bilər. Belə ki, onların orqanizmində su-duz mübadiləsinin pozulması daha intensiv baş verir. Bunun nəticəsində də qısa müddət ərzində günvurma, istivurma hallarına rast gələr bilərik. Pediatr kimi bildirirəm ki, azyaşlı uşaqların bu tipli mərasimlərdə uzun müddət qalmaları onlarda fizioloji pozuntulara səbəb ola bilər. Su-duz itkisi qısa müddət ərzində günvurmaya səbəb olur.
Müəyyən travmalar, qorxu, həyəcan hissi yaranır
M.Məmmədli qeyd etdi ki, burada psixoloji amilin də rolunu qeyd etmək vacibdir. Belə mərasimlərdə insanlar emosional reaksiyalar verirlər. Nəzərə almaq lazımdır ki, uşaq orqanizminin beyin hüceyrələrinin reaksiyası böyüklərdən fərqli olur. Ona görə də bu hal müəyyən travmaların yaranmasına, qorxu, həyəcan hissinin formalaşmasına səbəb olur. Deməli, bu halın inkişaf etməkdə olan orqanizmə gələcəkdə psixoloji travma yaratmaq riski vardır. Həm adət-ənənələrimiz baxımından, həm əsrlər boyu formalaşmış mentalitetimiz baxımından da belə dini mərasimlərdə azyaşlıların iştirakı uyğun deyil. Fizioloji-tibbi baxımdan da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Əminəm ki, valideynlərimiz, xüsusilə analarımız həssas davranacaqlar və azyaşlılarımızın bu cür risklərlə üz-üzə qalmasına imkan verməyəcəklər.
Könül Əliyeva, “İki sahil”