Region Xəbərləri 

Münasibətlərimiz qarşılıqlı etimada əsaslanır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri ikitərəfli münasibətlərimizin inkişafında yeni səhifənin açılmasıdır. “Sizin gözəl ölkənizdə yenidən səfərdə olmaq böyük şərəfdir. Biz görüşəndə əziz qardaşımdan xahiş etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim və 7 il əvvəl burada – bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir.” fikirləri ilə dost, qardaş Pakistana səmimi münasibətini ifadə edən dövlət başçısı İlham Əliyev əlaqələrimizin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğunu bildirdi.

Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə yüksələn xətt üzrə davam edir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının ölkəmizdə dalğalanması ilə nümayiş etdirir. Dünya Azərbaycan-Pakistan qardaşlığını 44 günlük İkinci Qarabağ müharibəsində bir daha gördü. Sonadək Azərbaycanın yanında olan və hazırda postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və uğurlu icrasında dəstəyini davam etdirən Pakistan atdığı addımları ilə təsdiqləyir ki, münasibətlərimiz qarşılıqlı etimada, hörmətə və səmimiyyətə söykənir. Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Onu da qeyd edək ki, bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş əhəmiyyəti ilə diqqətdədir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.

Azərbaycan və Pakistan bir-birinin haqq işini dəstəkləyən dost ölkələrdir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələyə diqqəti yönəldərək bildirdi ki, bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. İrəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Ədalət zəfər çalacaq. Dövlətimizin başçısı Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana siyasi və mənəvi dəstəyini xüsusi vurğuladı. “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır.

Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Son zamanlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün səylər daha da artırılır. Azərbaycanın tarixi Zəfəri və regionda yaranan yeni reallıqlar, əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Bu bağlantı böyük sərvətdir.

Daha çox xəbərlər