Gündəm 

Mina terroru – Ermənistanın əsl simasının ifşası

Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır. Minalar işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə, daha doğrusu, “Böyük qayıdış”a mane törətməklə yanaşı, Azərbaycan vətəndaşlarının mina qurbanına çevrilməsinə səbəb olur. Şübhəsiz,  elə minaları basdıran hayların da məqsədi mümkün qədər çox sayda azərbaycanlının qətlinə nail olmaq, azad etdilən ərazilərimizə əhalinin qayıdışını maksimum uzatmaqdan ibarət olub. 

Bəli, həmin minalar ölkəmizdə  insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməkdə davam edir. Yəni,  ərazimizin 12 faizinə səpələnmiş 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar insanlar üçün ciddi risklər yaratmaqdadır. Elə iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina hadisəsi bunu bir daha sübut edir. Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb. Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır.  Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bir neçə gün öncə jurnalistlərə açıqlamasında bildirib  ki, mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verir: “Bu o deməkdir ki, məntiqsiz olaraq hərbi əməliyyatların aparılmadığı hallarda da minalar basdırılıb”.

Rəsmi Bakının dəfələrlə müraciətlərinə baxmayaraq Ermənistan Azərbaycanı mülki ərazilərdə basdırılmış minalarla bağlı tam və dəqiq informasiya ilə hələ də təmin etməyib. Özlərini dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bu bəşəri cinayətlə bağlı Ermənistanı sərt şəkildə qınamırlar, hələ də susurlar. Halbuki, mina xəritələrini tam şəkildə Azərbaycana vermək Ermənistanın,  bunu sərt şəkildə tələb etmək isə beynəlxalq təşkilataların  humanitar və mənəvi borcudur. Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsinə qədərki dövrdə heç bir erməninin minaya düşməməsi belə qənaətə gəlməyə əsas verir ki, basdırılmış minalarla əlaqədar Ermənistanda dəqiq və müfəssəl xəritələr vardır.

Bütün bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 143 min hektara yaxın sahə 124 mindən çox mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Doğrudur, bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin minalardan təmizlənmə prosesinə dəstək verirlər. Lakin bu beynəlxalq dəstək yetərincə deyil. Bu mənada bu sahədəki bütün ağırlıq yerli mütəxəssislərimizin üzərinə düşür.  Yeri gəlmişkən qeyd edək ki, iyulun 16-da BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı  tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və MDB üzrə regional direktoru İvana Zivkoviç bildirib ki, UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir: “Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, süni intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir. Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən şahid olmuşam.  ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə regionda və dünyanın digər bölgələrində yerləşən ölkələrə dəstək məqsədi daşıyır”.

Qvami Məhəbbətoğlu, “İki sahil

Daha çox xəbərlər